O düz sözdür ki, Azərbaycanın teatr aləmində azacıq bir dirçəliş var.
O düz sözdür ki, Milli Teatrın tamaşalarında quruluş mədəniyyəti davamlı olaraq yaxşılaşır.
O düz sözdür ki, “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” tamaşası lokal bir uğur yaşayır.
O düz sözdür ki, afişada tamaşanın adı qısaca elə “Şah Qacar” yazılıb.
O düz sözdür ki, Əli Əmirli özünün “Tiran və aktyor” adlı qeyri-tarixi faciəsində Səməd Vurğunun “Vaqif”ilə ötəri “salamlaşıb”, o tarixi dramdan Qacarın monoloqunu götürüb öz əsərində imitasiya eləyib.
O düz sözdür ki, bu “Qacar” mövzusu məni lap bıkdırıb: bizim bu azərbaycanlılar bu Qacara nə veriblər ki, ondan geri ala bilmirlər? Azərbaycan ədəbiyyatının ən yaxşı romanlarından ikisində, – “Qan içində” (Yusif Vəzir Çəmənzəminli) və “Qətl günü”ndə (Yusif Səmədoğlu), – İran səltənətinin azərbaycanlı xacə qeysərindən danışılır; Azərbaycan dramaturgiyasının ən yaxşı pyeslərindən ikisində, – “Ağa Məhəmməd şah Qacar” (Əbdürrəhimbəy Haqverdiyev) və “Vaqif”də (Səməd Vurğun) əsas qəhrəmanlardan biri məhz farsın axta türk hökmdarıdır. Bu da nəhayət, Azərbaycan dramaturgiyasında üçüncü “Qacar”dır ki, onun da müəllifi Əli Əmirlidir. Təəccüblü heç nə yoxdur, heç kimi də qınamalı deyil: sənətçini burada Qacarın özündən daha çox, dramaturji kolorit, dramaturji energetika, tarixi hadisənin hələ də dəqiq məlum olmayan müəmması, gizlinləri, müsəlman məmləkətində xədim birisinin şahlığa yiyələnməsi və kişisəl cəmiyyətdə at oynatması faktının özü maraqlandırır. Mövzunun çətini və magiyası elə bu. Digər tərəfdən isə “Qacar”dan yazmaq yetərincə asan: Qacarın haradan gəlib hara getdiyi bəlli, axtalandığı bəlli, cəddi-əqrəbası bəlli, düşmənləri bəlli, istəyi bəlli, əməllərinin məqsədi, məntiqi bəlli və cazibəli, ölümü isə naməlum, məchul, tarixi savaşların tüstüsü içində...
Toplananların yerini dəyişəndə cəm dəyişmir.
Hə... məsələ qalır peşəkarlığa: cəm dəyişmədiyi halda necə eləyəsən ki, toplananlar arasında yeni təmas, yeni münasibətlər, yeni bir oyun qurulsun.
O da düz sözdür ki, mən Ə.Əmirlinin pyesini oxuyub əvvəl-əvvəl bəyənməmişdim və sözümü düz onun üzünə demişdim. Nəinki demişdim, hətta yazmışdım da bu haqda. Hesab eləmişdim ki, əgər pyesdən Qacarın anası Ceyran xanımı çıxartsalar, ortada bir tək Haqverdiyev faciəsinin karkası qalacaq.
İş də elə bu anada...
Çünki Ə.Əmirliyə görə Qacarın müəllifi Ceyran xanımdır. Ağa Məhəmməd bir oğul kimi, bir şah kimi Ceyran xanımın seçimidir, Ceyran xanımın yaradıcılığıdır, əsəridir.
Amma və lakin... və bununla bərabər...
O söz də düzdür ki, biz adətən səhnədə pyesə “baxırıq”: daha doğrusu, öncə hərəkəti görürük, sonra personajın nə dediyini anlamağa çalışırıq. Teatrın və insan psixikasının qanunları belədir. Bu dəfə isə mən, görünür, Qacar tarixçəsini yaxşı bildiyimdən, pyesi Milli Teatrın səhnəsindən aktyorların ifasında dinlədim və dinləyə-dinləyə bir daha Əli Əmirlinin bir dramaturq kimi bacarığını yüksək qiymətləndirdim: dialoqlar o qədər dolu, o qədər sərrast, o qədər gərgin, o qədər mənalı idi ki... o qədər canlı və müasir yazılmışdı ki... həcv və alçaltma tendensiyasından o qədər uzaq idi ki... seyrçi nələr olduğuna yox, nələr eşitdiyinə önəm veriridi.
O söz də düzdür ki, söz vaxtına çəkər: mən o zaman, yəni haradasa tamaşanın premyerasından dərhal sonra, yəni təqribən elə bir il bundan öncə yazmağa başladığım həmin bu məqaləni elə buradaca saxlamışdım. Çünki Kulis.az saytının aktiv yazarlarından biri teatrşünas Aliyə tamaşa barəsində bəyəniləsi bir resenziya (kulturoloji duyğusal gəzişmə) ilə çıxış eləmişdi və nə yazmışdısa, onu qəşəng yazmışdı. Onda sanmışdım ki, daha mənə nə hacət: Aliyənin resenziyasında əksər mühüm məsələlər vurğulanıb, verbal və vizual eyhamlar mənalandırılıb, tamaşaya milli teatrın tarixi və müasir durumu kontekstindən yanaşılıb. Ancaq nədənsə mənə indi, məhz bu dəm elə gəlir ki, “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” tamaşası ilə ilişikli formalaşmış fikirlər silsiləsini tamamlamaq və qapatmaq məqamıdır, xacə ilə bilmərrə və axirətəcən vidalaşmaq məqamıdır.
O da sözün düzüdür ki, dekonstruksiya həmişə mövcud qavrayış qəlibini, birtərəfli münasibət tendensiyasını dağıtmağa yönəlir, tarixi (olsun ki həm də bədii) mövzunun, hadisənin və ya şəxsiyyətin (qəhrəmanın) fərqli yozum versiyasını ortaya atır. Haradasa dekonstruksiya fəlsəfi fikir tarixinin qeyri-səlis məntiqi kimi bir şeydir: sıfırdan birə qədər olan məsafədə variantlar bolluğuna çıxır, şərhlər sırası, yeni diskurslar yaradır. Əli Əmirli də bu pyesində tarixi situasiyanın dekonstruksiyası ilə məşğul olub və bütün deyilənlərə rəğmən Ağa Məhəmməd Şah Qacarın daha insani, daha duyğusal, daha ədalətli, daha müdrik və əməllicə dindar portretini yeni faciə mozaikasında düzməyə çalışıb, məmləkətləri qorxuda saxlayan bir hökmdarı öz qorxularının əsiri kimi, öc almaq naminə cızdığı “intiqam partiturası”nın köləsi kimi, öz yaşantılarının psixi diskomfortunda ilişib qalmış çarəsiz tənha bir cəllad-siyasətçi kimi təqdim eləyib.
Hərçənd bunlar hələ hamısı və bəlkə də önəmlisi deyil. Önəmlisi budur ki, və məncə, düzü budur ki, Əli Əmirli pyesinin şah Qacarı ana uşağı Ağa Məhəmməddir, anası Ceyran xanımın ətəklərini buraxmayan Ağa Məhəmməddir, heç cür öz uşaqlığından ayrıla bilməyən, böyüyə bilməyən, kişi ola bilməyən Ağa Məhəmməddir; o Ağa Məhəmməd ki, onun ağlını, emosiyalarını, rəftarlarını və hətta siyasətini çocuqluq basqıları müəyyənləşdirir. Öc almaq, dürlü-dürlü cəzalar fikirləşib tapmaq Qacar üçün uşaqlıq oyunlarına oynamaq kimi bir şeydir. Məhz ol səbəbdən Əli Əmirlinin versiyasında şah Qacar infantil Qacardır, “zınqırovlu” Qacardır, tülkülər kimi səksəkəli Qacardır...
Qacar o “zınqırov”u da uşaqlığından götürüb gəlir... ağrılı xatirə, insanı aşağılayan “hədiyyə” kimi götürüb gəlir... tülkülərə verdiyi işgəncənin əvəzi kimi götürüb gəlir...
Və hələ çocuqluq dəmindən əzablar, məhrumiyyətlər gördüyünə görə, “qəlbi qırıq” olduğuna görə anası onu ərköyün böyüdüb... Ərköyün böyüyə-böyüyə isə bu “qəlbi qırıq” axırda tamam qəlp adam olub... bir-bir hamının ölümünə susamış adam olub...
“Dünya qan üstündə bir xanimandır!” Sanki Əli Əmirli Qacar dünyasında bu düşüncənin psixoloji motivasiyasını axtarır.
Bu Qacar bir o qədər də cəsur deyil: qurnaz və ərköyündür, ağıllı, qorxaq və ehtiyatlıdır, bir az da aktyordur; Qacar bir qəhrəman kimi sahib olmayıb səltənətə: ona taxt-tacı zınqırov kimi bağışlayıblar; anası bağışlayıb, qardaşı bağışlayıb; uşağa oyuncaq bağışlayan kimi bağışlayıb, əzizləyib, xətrinə dəyməyib bağışlayıb... Qacar heç də təsadüfdən anası Ceyran xanımı suçlayıb demir ki, “bütün Qacarların səltənət taxtına iddiasının mayasında sənin hökmranlıq ehtirasın dayanırdı”. Yəni Ağa Məhəmmədin taxtda oturması göydəki birquyruqlu ulduzun oyunudur, anasının istəyidir və təbii ki, özünün oyun oynamaq fərasətidir.
İnsan duyğularından yox, ağlından qorxaq olur. İnsan nə qədər çox ağıllıdırsa, bir o qədər çox qorxaqdır.
Qacar da könlü istəyən kimi oynayır bu oyuncaqla... Fuad Poladovun səhnədəki Qacarı da infantildir; infantil və qəlp. Onun Ağa Məhəmmədinin səhnə plastikası haradasa dendi Səlimlə (“İstintaq davam edir” bədii filmi) Əmir Teymur (“Ruhların divanı” teletamaşası) arasındakı məsafənin dayanacaqlarından keçib formalaşır. Burada nə pyes yazarı, nə rejissor, nə aktyor “möhtəşəm Qacar” yapmaq həvəsində bulunmurlar. Onların hədəfi bütün deyilənlərə rəğmən Ağa Məhəmmədin əsl insan xislətini, onun xacəlik ətrafına kələf kimi sarınmış xarakterinin dolanbaclarını açmaqdır. Ancaq əfsus və heyhat! Çünki Ağa Məhəmməd bir insan kimi lap çoxdan qurtarıb, erkək tülkülərin, dişilərə yaxın düşə bilməsinlər deyə, boynuna zınqırov bağlayıb meşəyə buraxdığı gündən qurtarıb, qurumuş hisslərinin yerinə zülm əkdiyi gündən qurtarıb. Ona görə də Fuadın bizə təqdim etdiyi Qacarın ana sevgisi də, qardaş sevgisi də, düşməninə nifrəti də oyundur, teatrallaşdırılmış siyasətin bir təzahürüdür.
Pyesdə Ceyran xanım daha aktivdir, daha nüfuzludur, hökmdarla dilləşəcək, onun qərarına təsir göstərəcək qədər özgürdür: tamaşada isə buna rəğmən xeyli sönükdür və mən burada heç də aktrisa Laləzar Mustafayevanı suçlamazdım. Əli Əmirlinin Ceyran xanımı müəllifin bədii fantaziyasıdır. Çünki tarixi Ceyran xanım oğlu Ağa Məhəmməd taxt-taca yiyələnməmişdən öncə dünyasını dəyişmişdi. Bu o deməkdir ki, öz pyesində müəllif tarixi olayları təzədən modelləşdirir, hadisələrə və Qacara fərqli baxım bucağı sərgiləyir.
Fuadın arıq, sısqa Qacarı təkcə fiziki yox, həm də emosional qurumuşluğun ifadəsidir.
Skelet həmişə ölümün oyunundan sonra qalan müdhiş oyuncaqdır.
Digərlərisə əsərdə və tamaşada təfərrüatdır (burada: epizodik, inkişafdan məhrum personajlar anlamında), Qacar üçün fondur.
Kərim xan Zənd (Məmməd Səfa) haradasa dər-divar üzərində, bəlkə də yaddaş hasarı üstündə şeytan kimi gəzişən xatirədir, Qacarın əbədi kabusudur. Məqamı çatmışkən söyləyim ki, tamaşada “yeriyən hasar” effekti əla tapılıb (quruluşçu rejissor və tərtibatçı rəssam Azər Paşa Nemət); sanki bu hasar təsəvvürlə gerçəkliyin bir-birinə qovuşduğu zolaqda “hərlənib” Qacar ömrünün vərəqlərini bir üzündən o biri üzünə çevirir. Kərim xan əgər şeytan xislətli birisi olmasaydı, Qacar Yaxın Şərqin qara ölüm kabusuna çevrilməzdi. Qacarı əsir saxlamış insan Kərim xandır, onu axtalamış, onun gələcəyini əlindən almış insan, onu “qurutmuş” insan, tülküləşdirmiş insan Kərim xandır və təsadüfi deyil ki, Qacar Kərim xan Zəndi öz müəllimi bilir, çox şeyi ondan öyrəndiyini deyir... hərcənd bu, Kərim xanın sümüklərini gətizdirib öz ayaqları altında basdırmasına Qacara mane olmur.
Bu fraqment Qacarın keçmişindən tamaşaya çıxarılmış bir xatirə desantıdır, vəssalam və əsərin süjetinə heç bir dəlaləti yoxdur.
Pyesin xəyal (teyf, qarabasma) olmayıb diri olan təfərrüatı isə yalnız onu fikirləşir ki, Qacarın ölümünə necə bais olsun, Qacarın ölümünü necə sürətləndirsin, qətlini necə yaxınlaşdırsın. Odur ki, bu tamaşa Qacarın “necə eləyim ki sağ qalım, şahlığımı saxlayım” əməl xəttiylə təfərrüatın “necə eləyim ki, Qacarı öldürüm, taxt-tacı onun əlindən alım” tendensiyalı əməl xətti arasındakı təzad üzərində qurulub. Qacar Fuadın “Qacar” monotamaşasında olumla ölümün sərhədində hərəkət edən bir personajdır; o, yaşamaq üçün, sağ qalmaq üçün öldürür, öz qorxusundan öldürür; bilir ki, o, öldürməsə, onu öldürəcəklər.
Qərinələr boyunca siyasi oyunların alfa və omeqası dəyişmir.
Qacarı axta, qorxaq eləyən də, məsud eləyən də taxt-tacdır.
“Axta”, “taxta”, “taxt” sözlərinin semantikasında gəzişmələr fantastik mənalar sırası yaradır!
Fuadın Qacarının öz taxtı ilə oyunu, yəni Fuadın solo ifası, Fuadın fraqmentlərlə göstərdiyi monotamaşalar daha effektli və təsirlidir, nəinki onun başqa personajlarla ünsiyyəti, rəftarı: bu müstəvidə hər şey çox adi, trafaret və monotondur. Səbəbi də, məncə, aydın: nədən ki, digər personajlar şəkildirlər, qiyafədirlər və səhnəyə sanki Qacara replika vermək üçün çıxıblar... Bütün tarixi pyeslərin ənənəvi zəif cəhəti elə bu...
Amma o da düz sözdür ki, Qacar hara, müqəddəslik hara: ancaq nədənsə tamaşanın sonunda onun nəşini göylərə qaldırırlar... Hm, bunu necə anlayaq? Yəni torpaq heç bu zülmkarın meyitini də qəbul eləmədi? Yox, bu fikir “oxunmur” finalda. Bəlkə Qacar İsa Məsihə tay tutulur? Onu müqəddəslər sırasınamı qatırlar? Olurmu heç?
Niyə də olmasın: gümandır, versiyadır, rejissor yozumudur. Hərçənd bu yozumdan pis bir tendensiya boylana bilər. Nədən ki, Qacarın nəşi yuxarı qaldırılınca seyrçi başlayır çəpik çalmağa: aktyorları alqışlamağa. Etirazım yoxdur; tamaşa alqışlanırsa, mən buna apriori sevinirəm... Özünü məcbur eləyib bir balaca düşünəndə isə görürsən ki, dolayısı yolla seyrçi özünə də hesabat vermədən bir şahın, bir qatilin, bir despotun göylərə uçan ruhunu alqışlayır... Bu da az qala o fikrə gətirib çıxarır ki, qan püskürən, atəş sovuran Qacar günahsız mələkdir! Cənablar, məndən inciməyin, belə bir yozumla heç cür razılaşa bilmərəm! Qacarın bəraəti yoxdur! Hamımız sonsuz sınaqlara məhkum edilmişlərik: busa bir kimsəni incitməyə belə bizə haqq vermir!!!
Əgər Qacar həyatın əzablarından, ağrı-acılarından qurtulmağa zərrə qədər çalışsaydı, yəqin ki o, bu üzücü hakimiyyət davasını buraxıb dərviş olardı...
Olmadı... Qacar istəmədi bunu; əksinə, kin, xəyanət, ədavət, nifrət dəryasına atıldı və elə bu dəryada da boğuldu... və Qacar elə buna da layiq idi, artığına yox...
Bütün deyilənlərə rəğmən... vuğulu-illüstrativ rejissura parametrlərində görünən tamaşa səliqəlidir, ritmikdir, bütövdür, kübarcasına teatraldır... və seyrçilər bu tamaşaya gəlirlər...
Onlar bir vaxt Sidqi Ruhullanın Qacarını, Ələskər Ələkbərovun Vaqifini görməyə gəlirdilər...
Çağdaş dönəmdə isə Qacar rolunda Fuad Poladova baxmağa gəlirlər... Yəqin ki Qacar adını eşidib gəlirlər... Keçmişin teatr əfsanəsilə təmas qurmağa gəlirlər... Qacar mifinə gəlirlər... Qacarın “zınqırov”una gəlirlər... Az, ya da çox, fərq eləməz, gəlirlər... Və bu, yaxşı bir əlamətdir teatr üçün. Fiksə olunmalıdır mütləq.
Amma və lakin...
...o da düz sözdür ki, Milli Teatrın repertuarında “Şah Qacar”ın solunda “Şah və Şair”dir öz Xətailəriynən, sağında da “Əmir Teymur”dur, Yıldırım Bəyazidlə birgə... Böyürdən isə “Gəncə qapıları” əlacsız-əlacsız, hüznlü-hüznlü baxır seyrçilərə. Bir yandan da Dədə Qorqud qaval tutub əlində... Eşitmişəm ki, Allah qoysa, yaxın vaxtlarda “Nadir şah” (Yunus Oğuz) da səhnəyə təşrif buyuracaq. Niyə deyirəm bunları: bir zamanlar, yəni 80-ci illərdə bir çox sənətçilər, şünaslar və şünas kimilər məlum şair-dramaturqların ard-arda teatra sırıdığı tarixi mövzulu pyeslərdən bıkdıklarını, bunların teatr üçün bir gerilik olduğunu, teatr mədəniyyətinin, aktyor sənətinin inkişafına bir əngəl olduğunu, ştamplara, streotiplərə, yırpanmış teatrallığa yol açdığını söyləyirdilər. Özü də bunu ayrı adamlar, teatrın dışında olan adamlar söyləmirdi, teatrın içindən rejissorların, aktyorların özləri söyləyirdi. İndi yenə xeyir ola? Təzədən bismillah? Üzümüz neçənci əsrə dayanmışıq? Haralara üz tutmuşuq? Niyə bir addım irəliyə, iki addım geriyə gedirik? Tarix içində həddən ziyadə ləngimirik ki? Birdən bizim yenidən oralara qayıtmaq fikrimiz olar ha? Mən hesab edirəm ki, buna heç bir ehtiyac yoxdur və biz aram-aram, tələsmədən, amma hər gün müasirliyin teatrına, günün teatrına yaxınlaşmalıyıq. Bir vaxtlar bunu Cəfər Cəfərov da deyirdi, sonralar Yaşar Qarayev də dedi... təbii ki, hərə öz dövrünə uyğun...