Şəki şəhər-rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə iyulun 9-da axşam saat 19:30 radələrində Əyriçayın rayonun Şorsu kənd inzibati ərazisindən axan hissəsində baş verib.
Şorsu kənd sakini, 1995-ci il təvəllüdlü Nicat Şahin oğlu Əkbərli çayın su dayanan qamışlıq hissəsində çimərkən boğulmağa başlayıb. Boğulduğunu görən Nicat Əkbərli əlindəki mobil telefon vasitəsilə yaxınlıqdakı bostan sahəsində işləyən atası Şahini köməyə çağırıb. 19 yaşlı gəncin atası oğlunun suda batdığı əraziyə çatanda artıq övladının suda boğularaq öldüyünü görüb. Nicat Əkbərlinin cəsədi sudan atasının və yaxınlıqdakı bir neçə şəxsin köməkliyi ilə çıxarılıb.
Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.