I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı nəqliyyat-yol kompleksi üzrə Tədbirlər Planına müvafiq olaraq Stend Atıcılığı İdman Kompleksinə giriş avtomobil yolunun tikintisinə artıq başlanılıb.
Bu barədə Lent.az-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Başlanğıcını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində yerləşən 1 səviyyəli qovşaqdan götürməklə Stend Atıcılığı İdman Kompleksinə qədər uzanacaq 1-ci texniki dərəcəli 4 zolaqlı avtomobil yolunun ümumi uzunluğu 1,4 km, eni isə 22 m təşkil edəcəkdir. Layihə üzrə çiyinlərin eni 2,5 m , ayrıcı zolağın eni isə 1 m olacaq. Hazırda ərazidə torpaq-qazma və torpaq tökmə işləri davam etdirilir.
Müasir işıqlandırma sistemi ilə təchiz olunacaq yoldan yaxın gələcəkdə dairəvi avtomobil yoluna 2 zolaqlı birləşmə də planlaşdırılır. Beləliklə, yeni tikilən avtomobil yolları Stend Atıcılıq Kompleksinə, eyni zamanda Respublikanın şimal, şimal-qərb bölgələrindən gələn nəqliyyat vasitələrinin 20 yanvar dairəsinə daxil olmadan Bakı şəhərinə girişini təmin edəcək.