“Dolu” filminin yaradıcı heyəti Dövlət Sosial Müdafiə Fondunun (DSMF) kollektivi ilə görüşüb.
525.az-ın məlumatına görə, DSMF sədri Səlim Müslümovun təşkilatçılığı ilə baş tutan görüşdə film haqqında geniş fikir mübadiləsi aparılıb.
S.Müslümov çıxışında kino tarixindən danışıb və deyib ki, “Dolu” kimi bir ekran əsərinin yaradılması olduqca vacib hadisədi:
“Sizin birgə əməyinizin məhsulu olan “Dolu” gözəl sənət əsəri olmaqla yanaşı vətənpərvərliyin təbliğatında müstəsna əhəmiyyətə malikdir. Azərbaycan işğalda olan torpaqlarını mütləq azad edəcək. “Dolu” bizdə olan bu inamı daha da artırır və sarsılmasına imkan vermir. Siz indi nümayiş olunacaq filmə tamaşa edəndən sonra ordan aldığınız enerjinin gücünü hiss edəcəksiniz. Bu gücün qarşısında düşmən tab gətirə bilməz”.
“Dolu”nun ssenari müəllifi, millət vəkili Aqil Abbas yaradıcı kollektiv adından DSMF sədrinə və əməkdaşlarına göstərdikləri diqqətə görə minnətdarlığını bildirib:
“Film Bakıda nümayiş olunandan sonra bölgələrdə göstərilir. Hansı bölgədə olmuşuqsa, filmin tamaşaçıları razılıq ediblər. Süjet xəttindən də göründüyü kimi, bu ekran əsəri insanlara qəhrəmanlıq ruhu aşılayır. Bəli, biz əbədi və əzəli torpaqlarımıza qayıdacağıq. Çünkü Komandir, Drakon, Pələng kimi övladlarımız, Müəllim kimi ziyalılarımız var”.
Sonda “Dolu” DSMF-nin konfrans zalında nümayiş etdirilib.