Nazirlər Kabinetinin iyulun 10-da keçirilən 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı bu gün çox böyük müzakirə mövzusudur. Çünki vaxtaşırı keçirilən bu iclaslarda ölkənin sosial-iqtisadi inkişafına yekun vurulur və qarşıda duran vəzifələr müzakirə edilir.
Dövlət başçısı çıxışında bildirib ki, 2014-cü ilin birinci yarısında ölkəmizin uğurlu inkişafı təmin edilib, qarşıda duran bütün məsələlər uğurla icra olunub: "Bizim uğurlarımızın təməlində düşünülmüş siyasət, sabitlik dayanır. İqtisadi sahədə aparılan islahatlar sayəsində Azərbaycanın dayanıqlı inkişafı mümkün olmuşdur. Bizim uğurlu siyasətimizin nəticəsində neftdən asılılıq böyük dərəcədə aşağı düşmüşdür və ÜDM-in böyük hissəsi qeyri-neft sektorunda yaranır".
Prezident vurğulayıb ki, mötəbər beynəlxalq maliyyə qurumları öz proqnozlarını müəyyən edərkən, Azərbaycanın bundan sonra da uzun illər ərzində uğurlu inkişafını qeyd edirlər. Dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini artırırlar. Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyini yüksək qiymətləndirərək bizi 39-cu yerdə yerləşdiribdir. Gənc müstəqil ölkə üçün bu, çox böyük göstəricidir.
İclasda Azərbaycanda çox gözəl investisiya şəraiti olduğu, xarici və daxili investorların ölkəmizə inamla yanaşdıqları vurğulanıb. Qeyd edilib ki, daxili sabitlik, xalqla iqtidar arasındakı birlik, cəmiyyətdə ölkəmizin gələcəyi ilə bağlı nikbin fikirlərin üstünlük təşkil etməsi dinamik iqtisadi inkişafa təkan verir.
Qeyd edilib ki, birinci altı ayda iqtisadiyyat 2,1 faiz artıb ki, bu gün dünyada, bölgədə və Avropada yaşanan iqtisadi çətinliklər fonunda bu, çox gözəl göstəricidir. Qeyri-neft sektoru 7 faiz artıb. İnflyasiya 1,6 faiz təşkil edir. Əhalinin pul gəlirləri isə 4,7 faiz artaraq inflyasiyanı 3 dəfə üstələyir. Kənd təsərrüfatı 6 faiz artıb. Dövlət başçısı bildirib ki, indi aparılan islahatlar nəticəsində gələn illərdə daha da böyük artıma nail olunacaq. Dünya miqyasında adambaşına düşən valyuta ehtiyatlarına görə, Azərbaycanın ən qabaqcıl yerdə olduğu, ölkənin 54 milyarddan çox valyuta ehtiyatlarına malik olması qeyd edilib.
Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, ölkə başçısının çıxışında və sonradan hökumət üzvlərinin prezident qarşısındakı məruzəsində Azərbaycanın iqtisadi inkişafının sürətlə getdiyi göstərilir. Onun sözlərinə görə, son altı ayda Azərbaycanın iqtisadi artımı 2.1 faiz təşkil edib ki, bu heç də kiçik rəqəm deyil. Çünki Azərbaycanın dövlət büdcəsi 26 milyard, valyuta ehtiyatı isə 55 milyard ABŞ dollarına çatıb. "Ümumiyyətlə qarşıya qoyulan vəzifələr çox böyük faizlə yerinə yetirilir. Azərbaycanda regionların sosial-iqtisadi inkişafı durmadan artır, ölkəmizin infrastrukturu yenilənir, yol infrastrukturu kökündən dəyişir. Həmçinin ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı böyük işlər görülür. Ötən il Azərbaycan sahibkarlarına aşağı faizlə 300 milyon dollar kredit verilib. Bu da kiçik və orta biznesin inkişafına böyük dəstəkdir. Eyni zamanda Azərbaycanın xarici ticarət əlaqələri durmadan artır. Artıq 100-dən çox ölkə ilə xarici ticarət əlaqələrimiz mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyevin iclasın sonunda bu inkişaf sürətini artırmaq, tempini yüksəltmək, inflyasiyanı 1.6 faiz həddində saxlamaq barəsində tapşırıqları hesab edirəm ki, icra strukturları qarşısında böyük vəzifələrdir. Bütün bunlar əhalinin sosial vəziyyətinin artmasına gətirib çıxarır".
A.Mirzəzadə əlavə edib ki, bu gün Azərbaycanda orta aylıq əmək haqqı 440 manata çatıb: "2003-cü ildən bəri 1 milyon 300 min yeni iş yeri açılıb. Bunun 1 milyonu daimidir. Ötən 6 ay ərzində 60 mindən çox yeni iş yeri açılıb ki, bu göstərici artmaqda davam edir. Maraqlısı ondan ibarətdir ki, iş yerləri artıq yüksək intellektual hazırlıq və texnologiyalar tələb edən yerlərdir. Bu da Azərbaycan iqtisadiyyatı üçün yenidir. Yəni, Azərbaycan artıq onun üçün ənənəvi olmayan iqtisadiyyat sahələrinin inkişafına da diqqət edir. Hesab edirəm ki, iyulun 10-da keçirilən iclas və səslənən rəqəmlər Azərbaycanın inkişaf xəttinin düzgün götürüldüyünə və bundan sonra da bir dövlət kimi daha da qüdrətlənməsinə dəlalət edir".
Millət vəkili Asəf Hacıyev isə deyib ki, prezidentin Nazirlər Kabinetinin toplantısında çıxışı Azərbaycanda həyata keçirilən siyasətin bir davamı idi. Onun sözlərinə görə, müşavirədə açıqlanan rəqəmlər ölkəmizin iqtisadi, sosial, bir sözlə, bütün sahələrdə əldə etdiyi uğurların sübutu idi: "Nazirlər Kabinetinin toplantısında dövlət başçısı İlham Əliyevin çıxışında bir daha diqqətə çatdırıldı ki, dünyada davam edən qlobal maliyə böhranına baxmayaraq Azərbaycan sürətlə inkişaf edir. Müsbət tərəfi odur ki, Azərbaycanda qeyri-neft sektoru yüksək templə inkişaf edir. Bakıda 2015-ci ildə keçiriləcək ilk Avropa Olimpiya Oyunları bir daha onu göstərir ki, Azərbaycanın çox güclü siyasəti var. Ölkəmizin tam müstəqil və güclü iqtisadiyyata malik olması digər tərəfdən dünya üçün bir siqnaldır. Bu gün dünyada gücə hörmət edirlər. Güc dedikdə təbii ki, fiziki güc nəzərdə tutulmur, söhbət iqtisadi gücdən gedir. Bu baxımdan, Azərbaycan artıq dünyada hörmətlə qəbul olunan bir ölkədir. Çünki onun güclü iqtisadiyyatı var".
A.Hacıyev deyib ki, digər tərəfdən Azərbaycanın iqtisadi cəhətdən güclənməsi qonşu və işğalçı Ermənistana da bir xəbərdarlıqdır.
Pərvanə