İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev “Azərbaycan” qəzetinin 16 iyul sayında “Azərbaycanın xarici iqtisadi əlaqələri yeni mərhələdə” adlı məqalə ilə çıxış edib.
“Media forum” saytının məlumatına görə, yazıda qeyd edilir ki, 2013-cü ildə 149 ölkə ilə xarici ticarət əməliyyatları aparılıb, xarici ticarət dövriyyəsi 3,4 faiz artaraq 34,7 milyard dollar təşkil edib, qeyri-neft ixracı 6 faiz artıb.
Nazir yazır ki, ötən il Azərbaycanın ticarət dövriyyəsinin 44 faizi Avropa İttifaqı, 20 faizi İslam Əməkdaşlıq Təşkilatı, 12 faizi MDB, 7 faizi Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatı ölkələrinin payına düşüb. Onun sözlərinə görə, son 10 ildə ölkənin xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, o cümlədən qeyri-neft ixracı 4,7 dəfə, idxal isə 4,1 dəfə artıb.
Məqalədə bildirilir ki, təkcə ötən il ölkə iqtisadiyyatına 10,5 milyard dollar məbləğində xarici investisiya qoyulub. Bu investisiyaların yarıdan çoxu qeyri-neft sektoruna yönəlib: “Ümumilikdə 1995-ci ildən 2013-cü ilin sonunadək Azərbaycan iqtisadiyyatına 83,8 milyard dollar xarici investisiya qoyulub. Qeyri-neft sektoruna birbaşa xarici sərmayələr üzrə ən böyük investorlar 26 faizlik payla Türkiyə, 16 faizlik payla Böyük Britaniya və 12 faizlik payla ABŞ olub. Azərbaycanda əsas kapitala xarici investisiya qismində isə Böyük Britaniyadan 18 milyard, ABŞ-dan 7 milyard, Yaponiyadan 4 milyard dollar vəsait yatırılıb.
Hazırda ölkədə 6857 xarici investisiyalı müəssisə fəaliyyət göstərir. Bu şirkətlərin 36 faizi, yəni 2464-ü Türkiyə, 8,3 faizi, yəni 570-i Rusiya, 7,8 faizi, yəni 541-i Böyük Britaniya mənşəli investisiyalar hesabına yaradılıb”.
Nazir qeyd edir ki, Avropa İttifaqı ölkələri Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır: “Ötən il ticarət dövriyyəmizin 44 faizi, yəni 15,3 milyard dolları bu ölkələrin payına düşüb. Son 10 ildə Azərbaycanda əsas kapitala yönəlmiş xarici investisiyaların yarıdan çoxu, qeyri-neft sektoruna birbaşa xarici investisiyaların isə 35,3 faizi bu təşkilatın üzv dövlətlərinin payına düşüb.
Beynəlxalq maliyyə institutları ilə də fəal əməkdaşlıq aparılır. Hazırda 14 beynəlxalq maliyyə institutu ilə nəqliyyat, su təchizatı və kanalizasiya, enerji, kənd təsərrüfatı, maliyyə, ekologiya və digər sahələrdə ümumi dəyəri 7,2 milyard dollar olan 41 layihə icra olunur.
Ölkəmizin cari kredit portfelində Dünya Bankının payı 35 faizə, Asiya İnkişaf Bankının payı 16 faizə, Avropa Yenidənqurma və İnkişaf Bankının payı 10 faizə, İslam İnkişaf Bankının payı isə 6 faizə bərabərdir.
Beynəlxalq donor təşkilatları ilə də fəal əməkdaşlıq davam edir. Hazırda 20 beynəlxalq donor təşkilatı ilə birlikdə idarəetmə, ədliyyə, kənd təsərrüfatı, regional inkişaf, nəqliyyat, su təchizatı və digər sahələrdə təqribən 200 milyon dollar dəyərində 70 layihə icra olunur”.