“Girov götürülən vətəndaşlarımız Şahbaz Quliyev və Dilqəm Əsgərov daimi olaraq Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin diqqət mərkəzindədir”.
Bunu Modern.az-a “Dövlətqaçqınkom”un mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib. Onun sözlərinə görə, Kəlbəcər rayon İcra Hakimiyyəti ilə də əlaqə saxlanılır:
“Çünki girov götürülənlər işğal olunmuş Kəlbəcər rayonunun sakinləridir. Buna görə də bizim tərəfimizdən sakinlərin ailə üzvləri haqqında hər hansı məlumat əldə etmək üçün mütəmadi olaraq həmin rayonunun icra hakimiyyəti ilə əlaqə saxlanılır. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəhbərliyi də müvafiq yerlərlə əlaqə saxlayır. Demək olar ki, girovlar daimi olaraq, diqqət mərkəzində saxlanılır”.
Qeyd edək ki, işğal altındakı ərazidə iki Azərbaycan vətəndaşı girov götürülüb. Adı çəkilən hər iki şəxs – Şahbaz Quliyev və Dilqəm Əsgərov Kəlbəcər sakinləridir.