Məhəmməd Əmin Rəsulzadənin əsərləri V cild (1918 – aprel 1920)
Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni,ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov Transliterasiya redaktorları: professor Şamil Vəliyev elmi işçi Samir Xalidoğlu (Mirzəyev)
(Əvvəli ötən şənbə sayımızda)
Tənqid parlaman əzasının və hər bir vətəndaşın həqqidir. Sorğuyu öylə verməli və o məqsədlə sormalıdır ki, hökumətin qüsurunu düzəltmək və hökumətə kömək etmək olsun nəinki hökuməti yıxmaq qəsdilə hücum edilsin. Bu surətlə hökumətə verilən sorğu bir nəticə verəmədigi kibi yaxşı bir üsuli-tənqiddə degildir. Bu hallar ilə iləri gedib bir yana çıxa bilməriz. Paytaxtımızda bir neçə qəzetə çıxıyor və hərəsi bir surətlə hökuməti tənqid ediyor. Fəqət bu tənqidlər arasında böyük fərq var. Məsələn, bizim sosialistlərimizin müvərrici-əfkarı qəzetəsinin də bunların arasında olan təfavütü anlatmaq üçün “Yedinaya Rossiya”dan bir fəqərəyi ərz edəyim. Məsələn, Quba qəzasından hanki bir kənddə isə birisi demiş ki, bizə rus məmuru göndərin. Bunu eşidən “Y.Rossiya” qəzetəsi haman “Azərbaycan cəmaəti rus hakimiyyəti istiyor” – deyə nəşriyyatda bulunur. Əgər bizim də tənqidatımız böylə olarsa vay bizim halımıza. Hanki qüvvətlə və kimlə olursa-olsun hökuməti düşürəcəgəm deyə düşünmək və bu nöqteyi-nəzərdən tənqidatda bulunmaq vətən və millət mənafeyi ilə uymaz (alqış).
Siz buna diqqət etməlisiniz ki, parlaman dəvətindən sonra bütün əhval müşkülat içində olmaqla bərabər məmləkət bu hökumətə tapşırılmasından ancaq beş həftəlik bir vəqt keçmişdir. Bu müddət öylə uzun bir vəqt degil ki, hökumət əski qüsurları islah edib öylə bir vəziyyət vücuda gətirsin ki, qurd qoyun ilə otlasın və Ağamalı oğlunun göstərdigi şeylər olmasın. Bu dərəcə nikbin olsaq özümüzü aldatmış olarız. Zira insan imkan xaricində şeylər tələb edərsə, şübhəsiz təbiət onu verməz və nəticədə insan məyus olar. Bu gün bir hökumətdən 5 həftə müddətində bütün işləri dəgişməsini və yenidən bir çox işlər görməsini tələb etmək və bunu nikbinlik ilə gözləmək şübhəsizdir ki, gözlədigimiz su səhrada görünən sərab olub bizi aldadar. Ağamalı oğlu bu hökuməti keçən hökumətin misalı hesab edərək ya keçəl Həsən, ya Həsən keçəl, nə təfavütü var, o hökumətin vəqtində nə vardısa, heç dəgişməmişdir – diyor. Məsəla, diyor ki, Qazaxda şikayət edənləri dögürlər, filankəsi tutublar, sudyaların da tapmıyorlar. Bunların düzəldilməsi həp bu hökumətdən gözləniyor. Köhnə təsəvvürlərdə tamamilə buna təvəccöh olunur. Hər bir şeyin islahı tələb ediliyor və az bir müddətdə işlər düzəlməyəndə deyiliyor ki, hökumət iş görmüyor.
Ağa Aşurov dəxi hökuməti tənqid ediyor. Yalnız hökuməti degil, milləti də tənqid edərək diyor ki, məmurlarımızın əksəri rüşvətxordur. Lakin yaxşı ki, fikrini islah edərkən diyor ki, məmurların məvacibi azdır; müəllimlər aldıqları məvacib kifayət etmədigindən başqa işlər aramağa məcbur oluyorlar. Hökumət onların məvacibini artırmalı. Həyatlarını təmin etməlidir. Ağa Aşurovun bu rəyinə bən də şərikəm. Bu sözlərə bən dörd əl ilə imza edərəm. Fəqət bu işlərin həpsini yalnız hökumətmi görməlidir. Biz bu xüsusda təşəbbüs edə bilməzmiyiz?
Məvaciblərin artması həqqində parlaman bir qanun vəz edə bilməzmi? Ağa Aşurovu və sair məbusları qanun vəz etmək hüququndan kim məhrum qıldı? Parlaman edə bilərdi ki, ümum məmurların təmini üçün bir qanun versin. Odur ki, qüsür yalnız hökumətdə degil, bizim özümüzdə də böyük qüsurlar var. Siyasi firqələr hər yerdə gördügü, eşitdigi nizamsızlıq və həqsizligi hökumətə həme və onu tənqid ediyorlar. Fəqət bən sual edirəm ki, hökuməti fəaliyyətsiz adlandıran siyasi firqələr əllərini döşlərinə qoyub vicdan rahatlığı ilə deyə bilərlərmi ki, onlar xəlq mənfəətinə lazım olan qədər işləmişlərdir? Hanı bu firqələrin xəlqə doğru getdikləri. Hanı xəlq içinə təşkil etdikləri şöbələr, bu firqələr hökumət üçün nə yapmışlardır? Nə yolda işləmişlərdir? Tiflisdə oturaraq qəzetə çıxarmaq asandır. Kənardan tənqid etmək mümkündür. Odur ki, bunu ediyorsunuz, amma xəlq çinə getmək, xəlq arasında işləmək çətindir. Odur ki, heç kəs onun dalınca getmiyor. Diyorsunuz ki, uyezdnı naçalnik quldurlara, adam öldürənlərə istinad ediyor. Əgər öylə isə yenə təqsir siyasi firqələrdədir. Çünki haman uyezdnı naçalniklərin, ya sair məmurların yanı başında firqə şöbəsi olsaydı şübhəsiz ki, o məmur çalışardı siyasi firqəyə istinad etsin. Əgər firqələrlə köylərə, xəlq içinə getmiş ordular çalışmış və xəlqi anlatmış olsa idilər yəqin ki, xəlq quldurları, qatilləri gəlib hökumət qulluqçusu olmağa qoymazdı. Şimdi bu şeylərin heç biri yoxkən, ümumi pərişanlıq vaqe ikən hökumətdən tələb etmək ki, bir ay zərfində hər işi düzəltsin, hər şeyi islah etsin, bu ona bənzər ki, hökumətdən tələb edəsən kimya ilə, eloksir ilə hər işi düzəltsin kən diyun feykun olsun. Amma bunu gözləmək quru səhrada su axtarmaq kibi puç bir ümiddir.
Sonra bir şeyə daha nəzərinizi cəlb edirəm. Əfkarımız da daha artıq icrayi-təsir etmək üçün burada bizə diyorlar ki, Azərbaycanın halı hamı məmləkətlərdən fənadır. Qonşularımız bizdən rahət və ucuz yaşıyorlar. Fəqət bu iddialar əsassızdır. Hamımıza məlumdur ki, Ermənistan acından və ənvai xəstəlikdən qırılır. Gürcüstan buradan daha bahalıqdır. Orada ağ çörək 7 manata, qara çörək 4 manat yarımdır. Suyi-istemal hər yerdə var. Hətta Gürcüstanda bir dərəcəyə varmışdır ki, hökumət xüsusi bir məhkəmə qurmağa məcbur olmuşdur. Suyi-istemallar ittifaqında məmurlardan bu məhkəməyə şikayət verilir. Görürsünüz ki, qonşularımız da mələk degildirlər. Biz Azərbaycanı qonşularımız ilə müqayisə edərkən görürüz ki, Azərbaycanın halı onlardan yaxşıdır.
Əlbəttə, mən bu iddiada degiləm ki, bizim hər işimiz mükəmməldir. Amma bunu deyirəm ki, o dərəcə kamal da degilsə təqsir yalnız hökumətdə degil, bizdə də var, Gürcüstan ilə özümüzü müqayisə edərkən biz bunu nəzərdə tutmalıyıq ki, əvvə
“Azərbaycan”, 12 şubat
(fevral) 1919, №112
Tənvir – işıqlandırma
Kən – qazıyan, sökən
Diyun – vəzifələr, borclar
Təkul – qaçma
Münfəridən – tək-tənha
Təhmil – yükləmə, şamil etmə
Nəməkbəhəran – duz-çörək itirən
Sərab – susuz çöldə yer üstündə yığılan buxarın uzaqdan su kimi görünməsi
Həml – aid etmə, həvalə etmə
Ənva – müxtəlif
İrtikab – pis iş
Rəca – ümid, arzu
Maəda – qeyri, başqa
Niyə gediyorlar?
Bu sayımızda oxucular Behbud xan Cavanşir ilə Əbdüləli bəy Əmircanov cənablarının firqədən istefa edib getdiklərini oxuyacaqlardır.
Firqədən gedənlər yalnız bunlar degildir, başqa gedənlər dəxi vardır, doktor Xosrov bəy Sultanov ilə Teymur bəy Makinski dəxi firqədən gedənlər cüzindədirlər.
Bu zatlar firqəyə əvvəlindən degil, sonradan qoşulmuşlar idi.
Bu gedişlər yalnız bir neçə şəxsin gedişini göstərmiş olsaydı, biz ondan qətiyyən bəhs eləməzdik. Fəqət bu, həyati-şəxsiyyəmizdə az-çox mühüm bir mövqe işğal edən zatların firqədən getmələri ilə bərabər “Müsavat”dan bir çox adamlar getmişlər ki, yuxarıda ismləri zikr olunan zəvat onların birər nümunəsi (tipi) və aqilləridir.
Sultanovlar, Cavanşirlər və digərləri firqədən gedərkən kəndilərilə bir qism xəlqi, müəyyən bir sinif və məslək əhlini təmsil ediyorlar, buna görə dəxi bu gediş adi mənasından ziyadə ictimai bir mənaya malikdir. Bu mənanın nədən ibarət olduğunu anlamaq üçün əvvəlcə “Müsavat” firqəsinin nə təbiətdə bir firqə olduğunu anlamaq lazımdır.
“Müsavat” milli-demokrat firqəsidir. Bu firqə xaricə qarşı millətpərəst, daxilə qarşı xəlqçidir. Nə qədər ki, firqə vahid Rusiya şəraiti daxilində daha sonra Zaqafqasiya siyasiyyət keşməkeşlərində milli bir idealın hüsuli üçün çalışıyordu, bir takım şəxslərlə siniflər bu mübarizədə Müsavata tərəfdar idilər. Bu tərəfdarlardan bəziləri Müsavat ilə təşriki-məsai eləmiş, onunla ittifaq yapmışlardı. Onuncu nömrə siyahı daxilindəki bitərəflər bu qəbildən idilər. Bunların ən rəngli, eyni zamanda da pakizə nümayəndəsi Fətəli xan Xoyski idi. Əvvəldən də firqəyə girmədi, bu gün də firqədə degildir.
Fəqət bəziləri “bitərəf”ligə kifayət etməmiş, firqəyə qeyd olunmuşlardı. Firqədən sayılıyorlar idi. Bu kərə firqədən çıxan əfəndilər də onlardandır.
Bunlar Azərbaycan istiqlalı bir fəaliyyət almağa başlarkən artıq Müsavatdakı yerlərini həm soyuq, həm də tikanlı görməyə başlamışlardı. Çünki firqənin xarici proqramını qurtarıb yavaş-yavaş daxili proqramı tətbiq edilmək lazım gəliyordu. Xəlqin həqqini tanımaq sırasıydı. Sözdə degil, işdə tanımaq vəqti gəlmişdi.
Təbii bir surətdə təyini-məslək etməmiş olanlar təbiidir ki, firqə ilə dizertirligə başladılar.
“Dizertir”lərdən birisi qayət səmimanə olaraq etiraf ediyor, diyor ki:
“O vəqt Müsavat milliyyət əsasını müdafiə edən ən qüvvətli bir firqə idi. Biz o vəqt üçün bu firqənin məsləkini doğru görərək kəndisini qüvvətləndirmək üçün oraya yazıldıq. Fəqət şimdi doğrusu biz görüyoruz ki, Müsavat sola doğru gediyor. Bu isə bizim nöqteyi-nəzərdən məmləkətin halı üçün faidəli degildir. Onun üçün də firqədən getməgimizlə müvazinəyi düzəltmək istiyoruz”.
Bu, olduqca doğru və əgər istərsəniz səmimanə bir etirafdır. Bu etiraf “niyə gediyorlar?”sualına nə qədər aydın bir cavab veriyor.
Bu cavabı əxlaqi-siyasiyyədə müşkülpəsənd olanlar bəlkə də kiçicik bir təbəssümlə qarşılarlar. Fəqət bununla bərabər qəbul etməlidirlər ki, cavab ən doğru bir cavabdır.
Əvət, gediyorlar – çünki onlara bir qalib yalnız bir zahir lazım idi. Halbuki Müsavatın ruhunu dərk etmiş olan firqəçilərə yalnız qalib degil, ruh dəxi lazım idi.
Biz istiqlalı, muxtariyyəti, millətin hürriyyətini yalnız bir ad üçün və yaxud qüvvət sahiblərini məsnud qılmaq üçün istəmiyorduq. Bizim məqsudimiz türk demokratiyasının xilası, Azərbaycan xəlqinin hürriyyəti idi. Bizim üçün proqramımızın bütün maddələri bir dərəcədə əziz və müqəddəs idi.
Biz səflərimizdə bizimlə yolu başa qədər getmiyəcəklər olduğunu pək əla bilirdik. Bilirdik ki, bizimlə yarı yola qədər gələnlər də axıra qədər varanlar da olacaq. Axıra qədər bizə yoldaşlıq edənləri biz heç bir zaman gözü sağda qalanlar arasında aramadıq. Biz xəlq firqəsi olduğumuza, mənzili-məqsudə dəxi həqiqi xəlqçilərlə bərabər olaraq gedəcəgimizə hər zaman inanmışsız, bu imanımız hər zaman bizə rəhbər olmuş, bu rəhbərlik sayəsindədir ki, türk demokratiyası Müsavatı bir dost kibi tələqqi etmişdir. Bizdən gediyorlar onlar ki, demokratiya ilə yaxın bir dostluqda bulunmaq təbiətlərinə uymaz. Bizdən gediyorlar onlar ki, səflərimizdə bulunmaları firqəyə “xan və bəy firqəsi” deyirtməyə bir səbəb təşkil ediyordu.
Mühafizəkar burjua ilə mürtəce feodallar “Müsavat” radikalizmi ilə demokratizmini əlbəttə ki, çəkəməzlərdi, onlar ya gərək firqəyi özlərinə çəkə idilər, yainki firqədən çəkildilər.
Təbii idi ki, ikinciyə nail olacaqlardı, oldular.
İmanı naqis olanlar firqələrdən gediyorlar.
Pək əla ediyorlar, getsinlər firqə səflərində imanı naqis olanlar nə qədər az olursa firqənin imanı o dərəcədə kamil olur.
Zatən böylə bir təzkiyəyi-nəfs üçün degilmi idi ki, firqə Azərbaycan Məclisi-Məbusanında tamamilə müstəqil bir fraksiyon təşkil elədi?!...
M.Ə.Rəsulzadə
“İstiqlal” qəzeti, 14 şubat
(fevral) 1919, №2
Bu günün məsələsi
Bakı əfkari-ümumiyyəsi, bilxassə şəhərin türk qismi əndişələr içindədir.
Biçeraxovun otryadı buraxıldıqdan sonra hər kəs düşünüyordu ki, artıq bu məmləkət şübhəli qüvvətlərdən xilas olacaq.
Fəqət öylə olmuyor. Biçeraxov əvəzinə Prejevalski oturuyor. Bir yandan “likvidatsiya” gediyorsa da, digər yandan “zapis” gediyor. “Dobrovolçeski armiya”ya könüllü yazılıyorlar. Könüllü yazılanlar da əksərən ermənilərdir.
Bu könüllülər şəhərin mərkəzində, meydanlarında məşq ediyorlar. Bu surətlə xəlq arasına həyəcan düşüyor. Hər kəsi əndişələr götürüyor.
Həqli olaraq “yarın nə olacaq?” – deyə düşünüyorlar.
Bir tərəfdən də Denikin ordusunun nümayəndəsi şəhərimizə gəliyor. Nə yapıyor, nə yapamıyor, bilmiyoruz. Bu qədər biliyoruz ki, Denikin ordusu bolşeviklər ilə mübarizəyi unudub da “asi” Qafqasiya millətləri üzərinə çökmək niyyətindədir. Gürcüstan təhdid olunuyor. Dağıstana qarşı hərəkət başlanıyor.
Böylə bir zamanda əcəba, Azərbaycanın paytaxtında toplanan bu qüvvətlər nədir? – deyə hər kəs pək həqli olaraq düşünməzmi? Əlbəttə, düşünər.
Hər kəs böylə təbii olmayan bir hərəkət qarşısında təlaş edər.
Bir zamanda ki, ingilis komandanlığı Azərbaycanda yeganə bir hökumət olaraq ancaq Azərbaycan hökumətini tanımışdır, öylə bir zamanda burada başqa, bizi tanımayan və bizə düşmənanə bir fikir bəsləyən qüvvətlərin toplanması, əlbəttə ki, təbii görüləməz!
Bir zamanda ki, bütün firqələrlə bərabər erməni milli komitəsi dəxi Azərbaycanın həqqini tanıyaraq Məclisi-Məbusanə nümayəndələrini və hökumətə vəzirlərini göndərmək üzrədir, bir zamanda ki, Ermənistan ilə Azərbaycan arasında münasibati-siyasiyyə başlıyor, erməni əskərlərinin təkrar könüllü yazılmaları və bir takım əskəri qitələr təşkil edib də şəhərimizdə mövcud kazarmaları tutmaları son dərəcədə qeyri-təbii bir haldır. Bu halın qeyri-təbii olduğunu daşnaksakanların qəzetəsi olan “Vperyod” qəzetəsi dəxi etiraf ediyor. O, öz yanında zavallı işsiz qalan erməni əmələlərinin gününə ağlıyor, diyor ki, onları “başqa yola göndəriyorlar”. Anlatıyor ki, işsiz erməni əmələləri iş bulamıyor. Evlərinə gedə bilmiyorlar, çarəsiz qalıb da bir parça çörək üçün könüllü yazılıyorlar. “Kim bilər harada, bəlkə bolşeviklərlə, bəlkə də dağıstanlılarla olacaq müharibədə öləcəklərdir”.
Demək ki, erməni məhfilləri də bu halın qeyri-təbii olduğunu dərk və etiraf ediyorlar, fəqət dəlilləri başqadır. Köhnə dəlil və sübutlardır.
Fəqət bən zənn etmiyorum ki, Azərbaycan hökuməti erməni işsizlərini kəndi paytaxtından təmizləmək üçün lazım gələn tədbir görməkdən imtina eləsin. Və zənn etmiyorum ki, “Amazasp” kibi general “işsizlər” cərgəsində hesab olunsun.
Dəlil və sübutlar əskidir. Əcəba, köhnə tarix təkrar edilməsin!...
Hökumət bu xüsusda göz-qulaq olub bəsirətlə hərəkət etməlidir. Bir an əvvəl evlərinə gedəcək erməniləri yola salmalıdır. Və hər növ bəhanələrini kəsmək üçün nə etmək lazım isə etməlidir.
Eyni zamanda da ingilis komandanlığından tələb etməlidir ki, bizə qəti və ciddi təminat versinlər, görək bu toplanan könüllülər kimdir, nə üçündür. İstəməlidir ki, burada Azərbaycanın paytaxtında Azərbaycana sadiq olmayan heç bir qüvvət bulunmasın. Qəribədir Azərbaycan paytaxtında Azərbaycan əskərindən başqa hər növ əskər vardır. Buna bir intəha vermək lazım.
Böylə bir təbii tələb qarşısında bitərəf ingilis komandanlığı da bir söz deməz.
Bir an əvvəl Azərbaycan əskəri şəhərimizə daxil olmalıdır. Bu xüsusda hökumətin əsas etibarilə qərarı olduğunu biliyoruz.
Fəqət cəmaət dördgözlə gözlüyor.
Nərədə əskərlərimiz!
Qoy hökumət bir tərəfdən öz qüvvətimizi buraya gətirsin, bir tərəfdən işsiz adamları şəhərdən azaltsın. Bir tərəfdən də işsizlərə bir növ “iş” tələsi olan könüllü əskər təşkilatının təhəmmül olunmaz bir hal olduğunu isbat ilə lazım gələn tədbirlərdə bulunsun.
Əfkari-ümumiyyə bunu istiyor. Əhalinin əmniyyət və qəlb rahatlığını istəyən qüvvətlər isə hər şeydən əvvəl bu tələbə etina etməlidirlər.
İştə bu günün həll olunacaq məsələsi!
M.Ə.
“Azərbaycan”, 17 şubat
(fevral) 1919, №115
Azərbaycan Məclisi-Məbusanında 10-cu iclas
Rəsulzadə Məhəmməd Əmin – Bir məsələ üzərində çox mübahisələr edildi. Bən də istər-istəməz nitqimi o məsələyə qaytarmağa və cüzi də olsa ondan təkrar bəhs etməgə lüzum görüyorum. Çünki arada bəzi suyi-təfəhhüm vardır: onları izah etmək məcburiyyətindəyəm. Ağamalı oğlu türklər həqqindəki danışığında müsavatı da əlaqədar tutdu. Keçən nitqimdə bən sosialistlər türklərin düşmənidir deməmişdim. Bənim sözlərimdən böylə bir məna da çıxarılamazdı. Fəqət möhtərəm Əhməd Pepinov cənabları kəndi nitqlərində uzun-uzadı bu xüsusda bəhs edərək hətta alicənab türk şairi Məhəmməd Əmin bəy cənablarının qəlbinin tərcümanı olaraq qəlbinin ən dərin guşələrindən qopub gələn hissiyyatlarını misal gətirib o möhtərəm şairin sərih vicdanına sığınaraq kəndilərini müdafiəyə qalxmışdı. Fəqət buna hacət belə yoxdu. Çünki sosialistlər xəlq tərəfdarı olduqları üçün heç bir millətə düşmən olmadıqları kibi türklərə də düşmən olmazlar. Zatən böylə olmasaydı sosialist də olmazdılar. Bütün dünya beynəlmiləliyyətini müdafiə etməzlərdi. İştə bu nöqteyi-nəzərdən əfkar və səmimiyyətlərinə bütün mövcudiyyətimlə qətiyyən inandığım sosialistləri bu fikirdə təsvir etməzdim. Fəqət ortada bir yanlışlıq görülüyor ki, bu da türklərin dəvət edilməsi məsələsindədir. Əvət, bir millət müşkül vəziyyətdə qaldıqda bir qonşusuna müraciət edər, yardım, imdad istər. O qüvvə təbii o millətin fəhlə və əkinçiləri degil, mütəşəkkil və müntəzəm əskəri olacaqdır. Bu surətlə bir qüvvə tələb edilirsə, ərz etdigim vəch üzrə o qüvvə türk millətinin əkinçi, yaxud başqa bir sinfi degil, ancaq o millətin hökumət və müntəzəm qüvveyi-əskəriyyəsini çağırmaqdan bəhs ediliyor deməkdir. Əvvəla, türk qüvvəsini buraya cəlb üçün hökumətə təhrirən müraciət olunduqda “Müsavat” degil, sosialistlərdən Əhməd Cövdət də bənim ilə bərabər haman kağızı imza etmişdi. Ağamalı oğlunun dili topuq çala-çala söylədigi yanlış nitqinə görə degil “Hümmət” firqəsinin Tiflisdə nəşr olunan “Probujdeniye” qəzetəsində türklərin Azərbaycana çağırılmasını “Müsavat” tərəfindən bir xəyanət kibi tələqqi edərək durmasından dolayı bu örtülü məsələnin bir dəfəlik üstünü açmağa məcbur olduq. Çünki vəqt gəlmişdir, biz bu vəqti qaçırmayaraq üzərində xəyalilə oynanılan əfkarımızı və nöqteyi-nəzərimizi xəlqə, Azərbaycan əhalisinə, hətta bütün dünyaya elan edəlim ki, əvət, türkləri Azərbaycana biz çağırdıq, bu fikrimizlə də millətimizə faidə təmin etdik və bu çağırmaqlığımızdan qətiyyən peşiman degiliz. Hətta heç bəgənmədigimiz “İttihad və Tərəqqi” hökuməti idarəsindəki qüvvəyi çağırdıq. Lakin Türkiyəyə Sultan hökumətimi, cümhuriyyətmi, yaxud başqa bir tərzi-idarəmi lazımdır? Burası əsaslı bir məsələdir. Biz hələ iki yarım quberniyalıq Azərbaycanı idarə etməkdən aciz ikən aləmşümul bir məsələdən bəhs etməgin nə məkanıdır, nə zamanı. Əhməd bəy cənablarının buyurduğu və şeiriyyəti sübut gətirdigi Məhəmməd Əmin bəy cənabları döyüşkən türk millətinin kəndlərinin halına ağlamaqla bərabər kəndisi də eyni zamanda Məclisi-Məbusan əzasından biridir və lazım bilsəydim ərz edərdim ki, Əhməd bəyin oxuduğu şeirləri də şimdiki hökumətə degil, Əbdülhəmid istibdadı əleyhinə yazmışdır və Əhməd bəyin bəyənmədigi hökumətin icraatını təsvib ediyor.
“Azərbaycan”, 18 şubat (fevral) 1919, №116
(Ardı var)