Ukrayna prezidenti Pyotr Poroşekno ABŞ-dan ölkəsinə “NATO-dan kənar vacib müttəfiq” statusu verməsini istəyəcəyini bildirib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, “CNN”-ə müsahibəsində o, deyib ki, Ukraynanın şərqində sabitliyin yaranması üçün Rusiyaya tətbiq edilən sanksiyalar nəticə verməzsə, o zaman bu müraciəti etməyə əsas olacaq.
Məlumata əsasən, artıq Konqresdə Ukrayna, Gürcüstan və Moldovaya vacib statusun verilməsi ilə bağlı qanun layihəsi müzakirəyə təqdim edilib.
Bu ilin mayında respublikaçı – senator Rob Korker tərəfindən təqdim edilən sənəd qurumun beynəlxalq münasibətlər komitəsində nəzərdə keçirilir.
“NATO-dan kənar vacib müttəfiq” (“Major Non-NATO Ally”, “MNNA”) statusu dedikdə ABŞ-la sıx hərbi əməkdaşlıq, o cümlədən birgə müdafiə təşəbbüsü, hərbi araşdırmaların keçirilməsi, terrorçuluğa qarşı bir sıra məhdud tədbirlərdə iştirak və silahların verilməsi nəzərdə tutulur.
Mənbə xatırladıb ki, 1989-cu ildə bu status qanunla müəyyən edilib. Hazırda Avstraliya, Argentina, Əfqanıstan, Bəhreyn, Misir, İsrail, İordaniya, Küveyt, Mərakeş, Yeni Zelandiya, Pakistan, Tailand, Cənubi Koreya, Filippin və Yaponiya bu statusa malikdir.