İyulun 22-də prezident İlham Əliyev Xızı rayonuna səfəri çərçivəsində Taxtakörpü-Ceyranbatan kanalından suyun yeni suvarılan torpaqlara verilməsi üçün suburaxıcı qurğunun təməlinin qoyulması mərasimində iştirak edib.
525.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə İlham Əliyevə məlumat verib ki, “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi zonasında 30 min 153 hektar, o cümlədən Şabran rayonunda 13 min 678, Siyəzən rayonunda 7 min 962 və Xızı rayonunda 8 min 513 hektar yeni suvarılan torpaq sahələri müəyyən edilib.
Layihədə yeni inşa olunmuş Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun mövcud və yeni suvarılan torpaq sahələrinə verilməsi üçün ümumi uzunluğu 261,4 kilometr, o cümlədən 194,5 kilometr qapalı və 66,9 kilometr açıq suvarma şəbəkələrinin tikintisi nəzərdə tutulur.