Artıq ali məktəblərə sənəd vermiş abituriyentlər imtahanlarını başa vuraraq ixtisas seçimi mərhələsini gözləyirlər. Milli təhsilimizin inkişafında, yüksək ixtisaslı pedaqoji kadr hazırlığında 90 ildən artıq müddət ərzində şərəfli inkişaf yolu keçən Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) abituriyentləri bu təhsil ocağını seçməyə çağırıb.
ADPU-nun Pedaqogika və psixologiya fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Şəhla Əliyeva bizimlə söhbətdə bildirdi ki, abituryentlər bu universiteti seçərlərsə, onların gələcəyi əmin əllərdə olacaq. Ş.Əliyevanın sözlərinə görə, təhsilimizin inkişafında, həmçinin yüksək ixtisaslı pedaqoji kadr hazırlığında 90 ildən artıq müddət ərzində şərəfli inkişaf yolu keçən ADPU-nun professor-müəllim heyəti və onun məzunlarının xüsusi payı var. O, abituriyentləri məhz universitetin bu sahədə olan uzun illik təcrübəsindən faydalanmağa dəvət edib: "Cəmiyyətin inkişafında təhsil müstəsna rola malikdir. Hər bir ölkənin bu günü və gələcəyi onun təhsil sisteminin səviyyəsindən asılıdır. Təhsil sistemində isə əsas, həlledici sima məhz müəllim kollektividir. Müəllim adı, müəllim statusu çox məsuliyyətli və çox şərəflidir. Müəllim peşəsi sözün həqiqi mənasında gənc nəslin formalaşmasının memarıdır. Bu peşəni seçən gənc oğlan və qızlar öz sevimli müəllimlərinin taleyüklü işini davam etdirmək şərəfinə nail olacaqlar. Gələcəkdə bu nəcib peşəni seçən insanlar bütün mənalı həyatı boyu yorulmadan gənclərimizə təlim - tərbiyə verməklə, xalqımızın gələcəyini formalaşdırır, milli inkişafımıza öz layiqli töhfələrini verirlər. Çünki xalq, ölkə, dövlət dedikdə ilk olaraq bu ərazidə yaşayan insanlar, onların ümumi inkişaf səviyyəsi, intellekti, potensialı yada düşür. Bu potensialı isə məhz müəllimlər formalaşdırır. Çox sevindirici haldır ki, Pedaqoji Universitetin müəllim heyəti uzun illərdir ki, müəllim peşəsinə, müəllim adına sədaqətlə xidmət edərək, tələbələrimizin Vətənə layiq övlad kimi yetişməsində, eləcə də intellektə, savada sahib olmasında mühüm rol oynayır. Biz abituriyentləri bu üstünlüklərimizdən faydalanmağa çağırırıq".
Ş.Əliyeva universitetdə həyata keçirilən dərs sistemindən də söz açıb: "İşimizi Boloniya prosesinin prinsiplərinə uyğun olaraq yeni standartların tələbləri gözlənilməklə ali pedaqoji təhsilin məzmununun zamanın tələblərinə uyğun qurulması, keyfiyyətin yüksəldilməsi, şəffaflıq və ədalətlilik prinsiplərinin təmin olunması, maliyyələşdirmə və idarə olunmanın təkmilləşdirilməsi, əməkdaşlığın və beynəlxalq əlaqələrin genişləndirilməsi, pedaqoji kadr hazırlığında yeni modellərin tətbiqi sahələrinə yönəltməyə çalışdıq və hesab edirik ki, bu istiqamətdə universitetimizdə diqqətəlayiq nailiyyətlər qazanılıb. Universitet rəhbərliyinin bu sistemi tətbiq etməsinin başlıca məqsədi məhz tələbələrin qarşısına çıxa biləcək neqativ halların aradan qaldırılması, habelə onların yüksək səviyyəli təhsilə yiyələnməsinə xidmət edir.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən kadr hazırlığı sahəsində ötən bir il ərzində əhəmiyyətli qərarlar qəbul olunmuşdur . Pedaqoji kadr hazırlığı üzrə bir sıra yeniliklər tətbiq edilmişdir. Bu yeniliklərdən biri də yeni tədris ilindən müəllim ixtisasını öz istəkləri ilə seçən və yüksək balla qəbul olunan gənclərə xüsusi imtiyazlar tətbiq ediləcəkdir. Ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan və ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd veriləcəkdir.
Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək bu proqram müəllim peşəsi seçimində bir sıra problemlərin həllinə yol açacaq və öz müsbət nəticələrini verəcəkdir,tələbələrin bu sahəyə cəlb olunmasına zəmin yaradacaqdır. Əlavə təqaüdün verilməsi bu peşəyə istək və məhəbbəti olan gənclərin bu sahəyə gəlişinə stimul yaradacaqdır.
Biz ali pedaqoji təhsilin öncülü və bayraqdarı olan Azərbaycan Dövlət Pedaqoji Universiteti olaraq gələcək ixtisas seçiminə gedəcək tələbələrə ali təhsilli pedaqoji kadr hazırlayan, köklü ənənələri olan qocaman təhsil ocağını seçməyə dəvət edirik".
VƏFA