Avropa İttifaqının "Şərq tərəfdaşlığı" ölkələrində "Mədəniyyət" proqramı çərçivəsində Bakıda Şərq tərəfdaşlığı regionunda mədəniyyət sahəsində islahatları dəstəkləmək üçün mədəniyyət siyasəti ilə bağlı təcrübə mübadiləsinə dair ikinci seminar keçirilir.
"Şərq tərəfdaşlığı"nın "Mədəniyyət" proqramının monitorinq və institusional inkişaf bürosunun və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan seminar "Azərbaycanın mədəniyyət strategiyası: strategiya mədəniyyət layihələrini necə müəyyən edir və layihələr strategiyaya necə təsir göstərir" mövzusunu əhatə edir.
Açıq sessiyada seminara 40 daimi iştirakçısı ilə yanaşı, mədəniyyət təşkilatlarından 30-a yaxın nümayəndə də qatılıb.
Sessiyanın məqsədi Azərbaycanın mədəniyyət sferasında konkret milli təcrübəyə xüsusi diqqət yetirmək və ölkənin mədəniyyət siyasətinin prioritet istiqamətlərini və onun həyata keçirilməsinə yanaşmaları öyrənməkdir.
Sessiyanın açılışında mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək seminar iştirakçılarını salamlayaraq ölkəmizin Avropa İttifaqı ilə əlaqələrindən söhbət açıb.
O, Azərbaycanda mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıdan danışıb: "Son 3 ildə ölkədə 19 muzey bərpa edilib. Yaxın günlərdə Xalça muzeyi istifadəyə veriləcək". S.Məmmədəliyeva, həmçinin işğal altında olan ərazilərimizdə yerləşən mədəniyyət obyektləri barədə də məlumat verib və mədəniyyət siyasətini əsas götürən seminarın "Şərq tərəfdaşlığı" ölkələrində keçirildiyini vurğulayıb.
Seminarda Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın mədəniyyət konsepsiyasının əsas məqsədini yazılı şəkildə təqdim edib.
"Şərq tərəfdaşlığı"nın "Mədəniyyət" proqramının monitorinq və institusional inkişaf bürosunun rəhbəri Luçano Qloor bildirdi ki, sessiyada Azərbaycanın mədəniyyət konsepsiyası müzakirə olunacaq.
Sonra seminar plenar iclaslarla işini davam etdirdi.
İyulun 24-dək davam edəcək seminarda mədəni strategiyanın təbliğatı ilə bağlı müzakirəyə təklif olunan suallar iştirakçılara Azərbaycanın nümunəsində strategiyanın təcrübə ilə əlaqəsini öyrənməyə imkan yaradacaq. Onlar konkret layihələri müzakirə etməklə mədəni strategiyanın təcrübəni və layihələri necə formalaşdırdığını, eyni zamanda təcrübənin strategiyanı necə formalaşdırdığını analiz edib başa düşə bilərlər. Müzakirə zamanı əsas diqqət mədəniyyət sənayesi, incəsənət sahəsində alternativ təhsil, mədəni turizm və rəqəmsal texnologiyalar kimi məsələlərə yönəldiləcək.
S.ABDULLAYEVA