"Azərbaycan Vergilər Nazirliyinin IOTA-nın İcraiyyə Şurasına yenidən növbəti birillik müddət üçün üzv seçilməsi əlamətdar bir hadisədir". Bu sözləri vergilər nazirinin müşaviri Ələkbər Məmmədov deyib.
Bir müddət əvvəl Azərbaycanın Vergilər Nazirliyi ikinci dəfə IOTA-nın (Avropadaxili Vergi Administrasiyaları Təşkilatı) İcraiyyə Şurasına üzv seçilib. Vergilər Nazirliyi MDB ölkələrinin vergi xidmətləri arasında bu mötəbər qurumun İcraiyyə Şurasına üzv seçilmiş ilk vergi administrasiyasıdır.
Ə.Məmmədov bildirib ki, bu təşkilat Avropa Birliyi ölkələrinin vergi sahəsində ən vacib strukturlarından biridir: "Azərbaycan 2002-ci ildən IOTA-nın üzvüdür və bu təşkilatla sıx əməkdaşlıq edir. Bir qayda olaraq, belə nüfuzlu qurumlarda İcraiyyə Şurasına üzvlər Avropa Birliyinin aparıcı dövlətlərindən təşkil olunur. Buna səbəb belə nüfuzlu qurumların idarə olunması və menecmentində AB-nin mənafelərinin qorunması, eyni zamanda həmin dövlətlərdə formalaşmış böyük təcrübələrin IOTA-ya üzv ölkələrə ötürülməsidir.
Azərbaycanın İcraiyyə Şurasında təmsil olunması, əslində ölkəmizə göstərilmiş böyük bir etimad, IOTA ilə uzun müddət davam edən səmərəli əməkdaşlığa verilən bir qiymətdir. Azərbaycanın vergi xidməti bu təşkilatın, demək olar ki, bütün tədbirlərində fəal iştirak edir və beynəlxalq təcrübənin öyrənilməsi, onun tətbiqinin genişləndirilməsi istiqamətində daim iş aparır. Təsadüfi deyildir ki, bu ilin may ayında İcraiyyə Şurasının 92-ci iclası Bakıda təşkil edilmişdi. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Niderland, Avstriya, İrlandiya, İspaniya, Finlandiya, Fransa, Çex Respublikası və Rumıniyanın vergi orqanları ilə birlikdə İcraiyyə Şurasının üzvü seçildi. Bu, bir daha ölkəmizin Avropanın aparıcı strukturlarında mühüm vəzifələrin öhdəsindən gəlməsinin bariz sübutudur".
Son illər Azərbaycanın vergi xidməti beynəlxalq təşkilatlarla intensiv əməkdaşlıq edir. Bu, xüsusilə də ölkəmizdə vergi sahəsində keçirilən tədbirlərin sayının artmasında özünü göstərir. "Çoxtərəfli əməkdaşlığın bugünkü səviyyəsini necə qiymətləndirərdiniz" sualına Ə.Məmmədovun caabı belə olub: " Əlbəttə, nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisi olmaqla yanaşı, eyni zamanda respublikamızın iqtisadi sahədə əldə etdiyi uğurların təbliği baxımından çox vacibdir.
Vergilər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə IOTA, OECD, IACA və s. kimi təşkilatların forum, seminar və iclasları uğurla keçirilir. Eyni zamanda, 2012-ci ildən başlayaraq, hər ilin fevral ayında vergi orqanı əməkdaşlarının peşə bayramı ərəfəsində Bakıda "Azərbaycanda vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda beynəlxalq vergi forumları təşkil olunur. Bu forumlar vergi sahəsində qarşıda duran bir çox qlobal məsələlərin müzakirə edildiyi mühüm bir tərəfdaşlıq platformasına çevrilib.
Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də donor təşkilatlar - ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə əməkdaşlıq nəticəsində müxtəlif layihələr həyata keçirilməkdədir.
Avropa İttifaqının Tvinninq və TAIEX alətləri çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. "Kompüter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi" adlı Tvinninq layihəsi 2011-2013-cü illərdə həyata keçirilib, "İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək" və "Müasir vergi ödəyicilərinə xidmət standartları, optimal idarəetmə modeli və qiymətləndirmə sahəsində islahatlara dəstək" adlı Tvinninq layihələrinin tətbiqinə dair isə müvafiq prosedurlara başlanılıb.
Vergilər Nazirliyində mövcud olan fəaliyyətin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə bir müddət öncə Avropa İttifaqının ekspertlərinin iştirakı ilə Aİ-nin texniki yardim aləti olan TAIEX proqramı çərçivəsində Ekspert Missiyası təşkil olunub. Hazırda ekspertlər tərəfindən hazırlanmış hesabat əsas götürülməklə, Vergilər Nazirliyində bu sistemin təkmilləşdirilməsi ilə bağlı təkliflər paketi hazırlanır.
Bildiyiniz kimi, Azərbaycan 2013-cü ilin fevralında OECD-nin Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forumuna üzv qəbul edilmişdir və bizim mütəxəssislər həmin forumlarda fəal iştirak edirlər. Bu il mayın 23-də Parisdə "Vergi məsələlərində qarşılıqlı inzibati yardım haqqında Avropa Şurası və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının çoxtərəfli Konvensiyasına dəyişiklik edilməsi haqqında" Protokolun imzalanması ölkəmizin bank sirrini aradan qaldırmaqla şəffaflığa tərəfdar olduğunu bir daha nümayiş etdirmiş, eyni zamanda artıq bu sazişi imzalamış 63 dövlətlə geniş əməkdaşlıq imkanı əldə edilmişdir.
Bundan başqa, çoxformatlı qurumlarla da ciddi iş aparılır. Vergilər Nazirliyi MDB ölkələrinin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurası və vergi (maliyyə) təhqiqat orqanları rəhbərlərinin Koordinasiya Şurasının işində fəal iştirak edir. Korrupsiyaya qarşı mübarizə sahəsində Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) ilə sıx əlaqələr qurulub. Ölkəmiz bu qurumun Baş Assambleyasının bürosuna üzv seçilib. Vergilər Nazirliyi Avropa Kommersiya Qeydiyyatçıları Forumunun (ECRF) və Korporativ Qeydiyyatçılar Forumunun üzvüdür, həmçinin İslam Ölkələrinin Vergi Orqanları Assosiasiyası (ATAIC) ilə müşahidəçi statusunda əməkdaşlıq edir.
Yeri gəlmişkən, qeyd edim ki, 2013-cü ildə BMT-nin vergi məsələlərində beynəlxalq əməkdaşlıq üzrə Ekspertlər Komitəsinin yeni tərkibi təsdiqlənərkən təşkilatın baş katibinin qərarı ilə dünyanın müxtəlif regionlarını təmsil edən namizədlər arasından seçilmiş 25 ekspert sırasında Vergilər Nazirliyinin əməkdaşı da var".