(Əvvəli ötən sayımızda)
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan humanist siyasət bu gün uğurla davam etdirilir. Qarşıya çox nəcib və xeyirxah məqsəd qoyulub: Azərbaycanda bütün çadır düşərgələri ləğv olundu. Möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyətlə həyata keçirdiyi tədbirlər xalqımız tərəfindən, o cümlədən müharibə dəhşətlərini yaşamış məcburi köçkünlər tərəfindən birmənalı şəkildə dəstəklənir və bəyənilir.
Rayonun bu günü, yaşantıları, qayğıları haqqında icra başçısı Raqub Məmmədov nikbinliklə, sabaha dərin inamla danışır, həmyerlilərinin ən müqəddəs arzusunu ifadə edərək deyir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məcburi köçkünlərə göstərdiyi doğma münasibət, diqqət və qayğı, onların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər insanlara çox böyük ümid verir. Həmin insanlar hər dəfə söhbət düşəndə bu barədə razılıqla, minnətdarlıqla, yurd yerlərinə qayıtmaq inamı ilə söz açırlar. Yeri gəlmişkən qeyd edək ki,Ağdamın ən ağır günlərində Raqub Məmmədov doğma rayonun müdafiəsi üçün əsl vətənpərvərlik,dönməz iradə nümayiş etdirmiş,yüksək təşkilatçılıq bacarığı göstərmişdir.Həmyerliləri onu dəyanətli və işgüzar,yüksək təfəkkürə malik bir insan kimi tanıyır və hörmət edirlər.
1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın tələbi və təkidi ilə yenidən hakimiyyətə qayıdışı ruhumuzu,mənəviyyatımızı,gələcəyimizi işğaldan qorudu. İnsanların inamı öləzimədi, əksinə bu inam birə-beş artdı. Bu gün ölkə prezidentimizə olan sonsuz inam məhz həmin mənbədən qaynaqlanır.
Dövlət başçısının tapşırığı və tövsiyəsi ilə cəbhə xəttində yaşayan adamların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün müharibədən zərər çəkmiş ictimai binalar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri əsaslı təmir olunur, kəndlərə təbii qaz xətti çəkilir, içməli və texniki suya olan tələbatın ödənilməsi üçün artezianlar qazılır. Yeri gəlmişkən qeyd edək ki, həyat əhəmiyyətli bu vacib məsələnin həll olunmasında Melorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin yaxından köməyini, isti və doğma münasibətini adamlar yüksək qiymətləndirirlər.
Rayon mərkəzi sayılan Quzanlı qəsəbəsində indi geniş miqyaslı tikinti-quruculuq işlərinə başlanıb.Ağdamlıların qəlbində və yaddaşında özünə əbədi yer tutmuş,vaxtilə Ağdam şəhərinin nadir memarlıq nümunəsi hesab olunan,işğal nəticəsində tarmar olmuş "Çay evi"nin eynisi olan və hər bir ağdamlının nostalji hisslərinin abidəsi kimi yenidən tikintisinə başlanıb.Bu xeyirxah addım insanlara yeni ruh və yeni arzular bəxş edib.
Qədim və tarixi ərazi hesab olunan Soltanbud kurqanının ətəyində şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Xatirə Kompleksi ucaldılıb. Çox böyük bir örnək və qədirbilənlik nümunəsi olan abidə üzərində şəhidlərin adları, Milli Qəhrəmanlar haqqında məlumat və şəkilləri mərmər üzərinə həkk olunub. Bu günə qədər Ağdam ərazisində belə bir abidə olmayıb. Şəhidlər də öz doğmaları kimi başqa yerlərdə, qəbirlikdə qalmışdılar. Bu abidə şəhidləri Ağdam torpağına qaytarıb, indi bu müqəddəs yer ata-analar, qız-gəlinlər, övladlar üçün varlıqlarının bir parçasına çevrilib. Günün istənilən vədəsində burada ziyarətçilərə rast gəlmək mümkündür. Bu abidə vətənpərvərliyin, doğma el-obaya bağlılığın və savab iş görməyin ən yaxşı nümunəsidir. Özündə rəmzləri, milli memarlıq nümunələrini, yurd itkisini, sabaha dərin inamı əks etdirən yurd qapısı indi bu yerlərə gələnləri qarşılayır. Bütün ağdamlılar isə deyirlər ki, biz Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında bu qapıdan keçərək işğal altında qalan torpaqlarımızı yadellilərdən azad edəcəyik. Uşaqdan tutmuş ixtiyar qocaya qədər hamı bu ruhdadır, bu inamdadır və bu əhval-ruhiyyədədir.
Quzanlı qəsəbəsinin mərkəzindən keçən küçədə 100-lərlə ticarət kommersiya obyektinin yenidən qurulması, küçənin hər iki tərəfinə səkilərin, kanalizasiya və su xətlərinin çəkilməsi, minlərlə yeni ağacların əkilməsi davam etdirilir.
Rayonun ərazisində məhsul yığımına başlanılmışdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin olması, sahibkarlara kreditlərin verilməsi, əkinçilərə istifadə etdikləri motor yağları və yanacağa görə haqların ödənilməsi, yüksək reproduksiyalı toxumların və cins mal-qaranın əldə edilməsində güzəştlərin olması hesabına sahənin inkişafı üçün əlverişli zəmin yaranmış, bu sahəyə diqqət artmışdır. Taxıl biçini uğurla başa çatdırılıb.Bu barədə "Aqroservis"in yeni təyin olunmuş rəisi Habil Abbasov məlumat verərək deyir ki,bu il 22950 hektar taxıl istehsal olunub.Bu da keçən ildəkindən xeyli çoxdur.Döyüş bölgəsində fədakarlıqla biçin aparmış kombaynçıların əməyi xüsusi ilə böyük olub.
Təqdirəlayiq haldır ki, dövlətimiz öz iqtisadi qüdrətini günbəgün artırır, xalqımızın həyat şəraiti durmadan yaxşılaşır. Sabitliyi, əmin-amanlığı, xoş güzəranı, firavanlığı hər bir adam öz həyatında daha yaxından hiss edir. Amansız müharibənin vurduğu yaralara ləyaqətlə və mətinliklə sinə gərən Ağdam camaatı onlara göstərilən dövlət qayğısından dərin razılıq edir, möhtərəm Prezidentimizin siyasətini ürəkdən bəyəndiklərini qətiyyətlə bildirirlər.
Həyatın bütün sahələrində çalışan insanlar bu qayğıya əməli işləri, qüdrətli Azərbaycan dövlətinin inkişaf etdirməsində fəal iştirak etmələri ilə cavab verirlər. Həmişə işgüzarlıq və əzmkarlıq nümayiş etdirən ağdamlılar ürəkdən inanırlar ki, respublikamızın ərazi bütövlüyü təmin olunacaqdır. Bu sarsılmaz inamı onlarda Azərbaycan Prezidenti cənab İlham Əliyevin ən yüksək tribunalardan bəyan etdiyi "Azərbaycan heç vaxt öz torpaqlarını güzəştə getməyəcəkdir" sözləri yaradıbdır. Xalqın inamı isə heç vaxt sarsılmayıb.
Ötən illərin arxasında minlərlə insanın keşməkeşli taleyi, savaş və şəhidlik, ata-baba yurdunun itirilməsi, məcburi köçkünlük, qəm və kədər, yıxılan böyük bir elin yenidən ayaq üstə qalxması, yaşamaq eşqi, viran qalmış Ağdama qayıtmaq arzuları, sabaha böyük inam dayanıb.Barıt qoxulu torpağın ağrıları göynəsə də ümidləri daha çoxdur. Cəbhə xəttinin bir neçə yüz metrliyində yaşayan insanların sözləri yadıma düşür:düşmən heç nəyə ümid bağlamasın, nəyin bahasına olursa-olsun, biz öz torpaqlarımıza qayıdacağıq.