Dünən Beynəlxalq Mətbuat Mərkəzində Borçalı İctimai Cəmiyyəti Borçalı türklərinin elat mədəniyyəti günü festivalına hazırlıqla bağlı konfrans keçirib.
Cəmiyyətin sədri Zəlimxan Məmmədli konfrans iştirakçılarına elat mədəniyyəti haqda məlumat verib. O, bildirib ki, avqustun 3-də keçiriləcək festival çərçivəsində konsert proqramı, elat məişəti və mədəniyyət nümunələrinin nümayişi, cıdır, güləş və karate üzrə elat çempionatı və dövrələmə saz-söz məclisi olacaq: “Borçalı cəmiyyəti olaraq, artıq 3-cü ildir ki, Azərbaycan və Gürcüstan dövlətçiliyinin möhkəmləndirilməsi, iki xalq arasında etimad mühitinin yaradılması, iqtisadi, siyasi və mədəni əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsinə əməli töhfələr verən layihələr həyata keçiririk. Borçalı İctimai Cəmiyyəti Gürcüstanın Dmanisi rayonunun Armudlu kəndində düzənlədiyi və artıq xoş bir ənənə halını almış 3-cü “Borçalı türklərinin elat bayramı”na hazırlaşır. Ötən illərdəki Elat bayramlarında türk dünyasının daha geniş coğrafiyasını təmsil edən dəyərli soydaşlarımız, o cümlədən Anadoludan və eyni zamanda Güney Azərbaycandan qardaşlarımız və gürcü elitası iştirak etdilər. Bu ilki Elat bayramında həmin möhtəşəmliyin bir daha yaşanacağına əminik”.
Qeyd edək ki, Borçalı İctimai Cəmiyyəti hər il Elat bayramında elat dəyərlərinin qorunması və inkişafındakı xidmətləri nəzərə alaraq 10 nəfərə “El adamı” fəxri diplomunu verir.
Borçalı İctimai Cəmiyyəti İdarə Heyəti adından soydaşlarımıza müraciət ünvanlanıb.
Tədbirin sonunda 22 iyul Mətbuat Günü münasibətilə bir qrup jurnalistə “Borçalı Cəmiyyətinin dostu” mükafatının təqdimetmə mərasimini keçirib.
Ceyhun ABASOV