Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə tədbir keçirilib. Tədbirdə kitabxananın direktoru Kərim Tahirov dilimizin tarixi inkişaf mərhələlərindən geniş söz açıb.
Bildirib ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən qeyd edilir: “Məhz Ulu Öndərin qətiyyəti və siyasi iradəsi nəticəsində respublikamız həmin tarixdən tam şəkildə latın qrafikalı Azərbaycan əlifbasına keçib. Ulu Öndərin böyük qətiyyəti, cəsarəti və prinsipiallığı sayəsində hələ sovet dövründə – 1978-ci ildə qəbul olunan respublika Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsbit edən maddə salınıb. Bu, həm də Ümummilli Liderin öz ana dilini dərindən bilmək, onun bütün sirlərinə, gözəlliklərinə bələd olmaq, onlardan məharətlə, yerli-yerində istifadə edə bilmək qabiliyyətindən qaynaqlanıb. Təsadüfi deyil ki, Heydər Əliyevin dövlətçilik ənənələrinə və siyasi kursuna sədaqətini nümayiş etdirən Prezident İlham Əliyevin dövlət başçısı kimi imzaladığı ilk sənədlərdən biri də Azərbaycan və dünya klassiklərinin ən məşhur əsərlərinin Azərbaycan dilində latın qrafikalı əlifba ilə kütləvi nəşrinin həyata keçirilməsi haqqındakı sərəncam olub.
Ölkə rəhbərinin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” 2004-cü il 14 yanvar, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” 2007-ci il 30 dekabr tarixli sərəncamları ana dilinin həyatımızın bütün sahələrində tam və müfəssəl tətbiqini gerçəkləşdirdi. Bu sırada dövlətimizin başçısının “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may və “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may sərəncamları, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamları dilimizə, mədəniyyətimizə, zəngin mənəvi dəyərlərimizə böyük hörmət və ehtiramın bariz nümunəsidir”.
Sonda tədbir iştirakçıları bu əlamətdar gün münasibətilə təşkil edilmiş kitab sərgisi ilə yaxından tanış olublar. Bir həftə davam edəcək sərgidə 100-dək kitab və dövrü mətbuat materialları əks olunub.