Bir ildən çoxdur ki, İTV-də həyata keçirilən yeni layihələr, hazırlanan yeni verilişlər çoxsaylı tamaşaçı auditoriyasının rəğbətinə səbəb olub. Bu yeni verilişlərdən biri də “Media və zaman”dır. İlk olaraq qeyd edim ki, verilişin adı çox dəqiq seçilib. Çünki bugünkü zamanı mediasız təsəvvür etmək çətindir. İnsanların informasiya ilə təmin edilməsi, maarifləndirilməsi, baş verən hadisələrin media tərəfindən işıqlandırılması əsas amillərdəndir.
Bu il 139-cu ildönümünü qeyd etdiyimiz mətbuatımız çox şərəfli və çətin bir yol keçib və bu gün azad sözə sahib olaraq fəaliyyətini davam etdirir. Hər il olduğu kimi bu il də bu əlamətdar gün münasibətilə dövlət tərəfindən yüksək səviyyəli tədbirlər keçirildi, jurnalistlərin əməyi yüksək qiymətləndirildi. Hörmətli Prezidentimiz İlham Əliyev cənabları tərəfindən mətbuata həm maddi, həm də mənəvi qayğının nəticəsidir ki, ölkəmizdə mətbu orqanlarına diqqət ildən-ilə daha da artırılır, bu mövzuda yeni televerilişlər, layihələr həyata keçirilir.
“Mətbuat Şurası və İctimai TV-nin birgə layihəsi olan Media və zaman”da belə verilişlərdəndir. Tanınmış jurnalist Akif Cabbarlının redaktorluğu ilə ərsəyə gələn verilişdə mətbuatımızın şərəfli tarixi, bu gününə kimi keçdiyi yol işıqlandırılır. Verilişin müəllifi və aparıcısı Əməkdar jurnalist Xalid Niyazov həmsöhbətləri ilə peşəkarcasına ünsiyyət yaradaraq mövzunu hərtərəfli aspektdə tamaşaçıya çatdıra bilir. İyulun 31- I efirə çıxan verilişin bu dəfəki qonaqları millət vəkili, Əməkdar jurnalist Elmira Axundova, BDU-nun kafedra müdiri, professor, tanınmış jurnalist Ramiz Əsgər, “525-ci qəzet”in baş redaktoru, MŞ İdarə Heyətinin üzvü Rəşad Məcid və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı idi.
Onlar hər biri Azərbaycan jurnalistikasının, mətbuatının inkişafında rolu və yeri olan qələm sahibləridir. Verilişdəki süjetdə Milli Tele-Radio Şurasının üzvü, görkəmli tədqiqatçı alim, istedadlı publisist və “Kaspi” qəzetinin təsisçisi Sona xanım Vəliyeva çıxış edərək milli mətbuatımızın ənənələrindən, bu gün qorunub saxlanmasından və ləyaqətlə davam etdirilməsindən ətraflı bəhs etdi. Millət vəkili, akademik Rafael Hüseynovun Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabi haqqında özünəməxsus, maraqlı çıxışı çox yaddaqalan oldu.
Mətbuat gününə həsr olunmuş bayram tədbirində çıxış edən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov qeyd etdi ki, mətbuat və söz azadlığı ilə bağlı əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş düzgün siyasət bu gün mətbuata və söz adamına həmişə diqqət və qayğısı ilə seçilən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirir. Hazırda ölkəmizdə azad sözün inkişafı üçün dövlət başçısı tərəfindən hər bir şərait yaradılıb. Verilişdə Əməkdar jurnalist Flora Xəlilzadə də çıxış edərək bu qayğı üçün prezidentimizə və ona bu sahədə dəstək olan hər kəsə öz minnətdarlığını bildirdi.
Ölkə mediası ilə bağlı verilişlərin efir həyatı qazanması mətbuat aləmində baş verən hadisələri cəmiyyətə çatdırmaqla yanaşı, həm də gənc jurnalistlər nəslinin bilgilərinin, dünyagörüşünün artmasına öz müsbət təsirini göstərir. Bu mənada İctimai Televiziya və Radio Yayımları şirkətinə və “Media və Zaman”ın yaradıcılarına dərin təşəkkürümü bildirirəm.
Qərənfil Dünyaminqızı