|
|
|
|
Abid Tahirli
filologiya elmləri doktoru
Azərbaycan mühacirət mətbuatı ilə maraqlandığım ilk illərdə – ötən əsrin 80-ci illərinin sonu 90-cı illərin əvvəllərində Türkiyədən əldə etdiyim “Azərbaycan yurd bilgisi” dərgisində (İstanbulda 1932-1934-cü illərdə 36, 1954-cü ildə 1 nömrəsi işıq üzü görməklə cəmi 37 nömrəsi çapdan çıxıb) Səlim Rəfiq adlı müəllifin çox maraqlı bir neçə yazısına rast gəlmişdim. Onun tarix, ədəbiyyat, etnoqrafiya mövzularında qələmə aldığı “Son dövr Azəri ədəbiyyatı” (№ 1, 1932), “Türkiyə mətbuatında Məhəmməd Hadinin şeirləri” (№ 9, 1932), “Azərbaycan dəyərlərinə dair” (№ 11, 1932), “Azəri xalq ədəbiyyatında “Dəli Alı” dastanı” (№ 23, 1933), “Nigarstanlı Aşıq Sadığın bir şeiri” (№ 24, 1933) adlı məqalələri dolğunluğu, orijinallığı, elmliyi ilə diqqətimi çəkmişdi. Bu gün də zərrə qədər əhəmiyyətini itirməyən həmin məqalələri sadəcə “Səlim Rəfiq” imzası ilə dərc etdirən müəllifin həyatı, yaradıcılıq yolu barədə illər uzunu səhih, sanballı və əhatəli bir əsər həsrətindəydim.
İndi budur prof. Ədalət Tahirzadənin təbirincə desək, “maraq dairəsi çox geniş”, “yorulmaz və məhsuldar bir araşdırmaçı”, “tədqiqat predmetinə tələbkarlıqla, siyasi yox, elmi baxımdan yanaşan”, “mühacirət tarixini gözəl bilən və mühacirətlə bağlı ən geniş həcmdə bəlgə və bilgilərə” sahib türkiyəli tədqiqatçı Ömər Özcanın “Səlim Rəfiq Rəfioğlu (soyu, mühiti, təhsili, müəllimliyi, yaradıcılığı)” adlı fundamental kitabı (Bakı, “Elm və təhsil”, 2013, 292 səh.) Azərbaycan elmi ictimaiyyətinin, oxucuların ixtiyarındadır. Əsər Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Elmi Şurasının 23 yanvar 2013-cü il tarixli qərarı ilə nəşr edilib. Kitab filologiya elmlər doktoru Paşa Kərimovun “Rəfioğlunun ilk nəşri”, əsərin elmi redaktoru prof. Ədalət Tahirzadənin “Azərbaycanı sevən ürək” adlı məqalələri və müəllifin “Yazardan sözönü” ilə başlayır. Monoqrafiyanın “Giriş”ində Ömər Özcan Səlim Rəfiq Rəfioğlunun (Səlim Məşədi Əli oğlu Rəfiyev), eləcə də onun “babası, atası, əmisi, ögey anası və qardaşı haqqında da danışılması gərəkən olduğunu”, “bu kişilərin öz dövrlərində Azərbaycanda və Türkiyədə önəmli rol oynadıqlarına görə həyatlarının bilinməyən yönlərinin işıqlandırılmasının vacibliyini” oxucuların diqqətinə çatdırır və yazır: “Sonucda Səlim Rəfiq Rəfioğlunun adıyla yola çıxaraq əldə edə bildiyimiz qaynaqları dəyərləndirərkən ortaya bir ailənin tarixi çıxdı” (səh.38).
Səriştəli tədqiqatçı Ömər Özcan Səlim Rəfiq Rəfioğlunun və onun ailəsinin tarixini yazarkən mənbələri diqqətlə araşdırmış, müxtəlif məxəzlərdə rastlaşdığı fakt və rəqəmləri tutuşdurmuş, sənədlərin səhihliyinə, sanballılığına diqqət yetirmiş, nəticədə mükəmməl əsər ərsəyə gətirmişdir. Səlim Rəfiq Rəfioğlunun babası Hacı Məmmədhüseyn Əlirza oğlu Rəfiyevin (1846-1920) tərcümeyi-halı və fəaliyyətindən bəhs edərkən müəllif onun nəinki Gəncədə, eləcə də qonşu ölkələrdə adlı-sanlı tacir kimi tanındığını, şəhərdə sayılıb seçilən ziyalılardan olduğunu, ədəbiyyata böyük maraq göstərdiyini, ara-sıra şeirlər də yazdığını, böyük şəxsi kitabxanası olduğunu, xeyriyyəçi kimi də fəaliyyət göstərdiyini tarixi sənədlərə istinad edərək diqqətə çatdırır. Hacı Məmmədhüseyn Rəfiyev Nizaminin məzarını bərpa etdirmiş, Gəncədə ilk fotoatelyenin, yeni tipli məktəbin açılmasında, həmin təhsil ocağına müəllimlərin cəlb olunmasında fəallıq göstərmişdir. Xüsusi vurğulamağa ehtiyac var ki, H.M.Rəfiyev erməni vandallarının zərərsizləşdirilməsi məqsədi ilə yaradılan ilk milli siyasi partiyanın – “Difai”nin Gəncə təşkilatının üzvlərindən olub.
Dəyərli tədqiqatçı Ömər Özcan S.Rəfiqin babası, onun ailəsi – 6 oğlu, 5 qızı barədə daha geniş məlumat verməyi məqsədəmüvafiq hesab edir. Məlum olur ki, məşhur Rəfiyevlər ailəsinin yetirmələri nəinki Gəncənin, ümumilikdə bütün Azərbaycanın mədəni, ədəbi həyatında mühüm rol oynamışlar. Məktəbə, təhsilə böyük maraq göstərən Rəfiyevlərin ailəsindən Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü, Şəhər Dumasının deputatı, çox sayda müəllim, mühəndis, rəssam, şair, məsul vəzifələrdə çalışan dövlət qulluqçuları, elm xadimləri, hərbçilər yetişib. Yalnız onu demək kifayətdir ki, Xalq şairi Nigar Rəfibəyli, görkəmli ədəbiyyatşünas, alim-pedaqoq, professor Mikayıl Rəfili də həmin soyadın daşıyıcılarıdır.
Səlim Rəfioğlunun dayısı Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü Abuzər bəy Əliəsgər bəy oğlu Rzayev (1876-1920) Şərqin ilk demokratik, müstəqil ölkəsinin dövlət quruculuğu işində fəal iştirak edib. Rzayevlər ailəsinin şəcərəsi ilə tanışlıqdan məlum olur ki, Səlim Rəfioğlunun ana tərəfinin digər qohumları – Rzayevlər və Xasməmmədovlar (o cümlədən, Ələkbər bəy və Xəlil bəy Xasməmmədovlar Azərbaycan Xalq Cümhuriyyətinin ictimai və dövlət xadimləri) nəslindən çıxanlar da Azərbaycanın ictimai-mədəni həyatında fəal rol oynayıblar. Səlim Rəfioğlunun atası Məşədi Əli Hacı Məmmədhüseyn oğlu Rəfiyev (1880, Gəncə – 1948, İstanbul) Türkiyəyə mühacirətdən sonra da doğma Vətənin istiqlalı uğrunda mücadilə aparıb. Ömər Özcanın tədqiqatını maraqlı edən məqamlardan biri də odur ki, fikir və mülahizələrini dolğun, mötəbər mənbələrə istinad edərək, həm də səbirlə, səmimiyyətlə, qayğı, həssaslıq və təəssübkeşliklə diqqətə çatdırır. Türkiyədə məskunlaşan Azərbaycan siyasi mühacirlərinin liderləri istisna olmaqla digərlərinin, bu sırada Məşədi Əlinin də fəaliyyətinin yetərincə öyrənilmədiyini təəssüflə bildirən müəllif, onun adının da mühacir azərbaycanlıların təşkil etdiyi tədbirlərdə “...qəhrəmanlar, ruhumuzda və içimizdə daim birər ulduz kimi parlayan və əbədiyyən parlayacaq isimlər” arasında çəkildiyini qeyd edir. Məşədi Əli Rəfioğlu 1922-ci ildə İstanbulda qurulan Müsavat Partiyası Xarici Ölkələr Bürosunun üzvü olmuşdur. Ömər Özcan Məşədi Əli bəylə bağlı üzə çıxardığı mənbələri, qaynaqları təqdim etməklə kifayətlənmir, oradakı faktları müqayisə və şərh edir, müəyyən qənaətlərə gəlir, məxəzdə adı hallanan yeni adların izinə düşür, bir sözlə, heç nəyi diqqətdən kənar saxlamır. Məsələn, o Məşədi Əlinin vəfatı ilə bağlı “Cümhuriyyət” qəzetinin 1948-ci il 8 sentyabr tarixli nömrəsində verilmiş elanda Məşədi Əlinin “Krımlı məşhur İsmayıl Qaspıralının kürəkəni, Türkiyyat İnstitutu məmurlarından Nigar Rəfioğlunun əri, Başbakanlıq müfəttişlərindən İslam Rəfioğlu, Bursa Liseyi ədəbiyyat müəllimi dr.Səlim Rəfioğlunun atası, sabiq Milli Azərbaycan Hökumətinin səhiyyə naziri Musa bəyin qardaşı” kimi xatırlandığını qeyd edir. Daha sonra Məşədi Əlinin ikinci həyat yoldaşı Nigar xanımın (1896, Bağçasaray, 1971, İstanbul) ömür yolu, fəaliyyəti və Məşədi Əli ilə izdivacı barədə, həmçinin əmisi Musa bəy Rəfiyev haqqında maraqlı məlumat verir. Elanda adı çəkilən Məşədi Əlinin kiçik oğlu İslam Rəfioğlu (1912, Gəncə, 1995, Ankara), onun təhsili, əmək fəaliyyəti, dostları barədə Ömər Özcanın qeydləri bir tərəfdən bir ailənin tarixini öyrənmək baxımından böyük maraq kəsb edirsə, digər tərəfdən Azərbaycan mühacirlərinin həyat və fəaliyyətinin daha dərindən araşdırılması, dəyərləndirilməsi imkanı yaradır.
İstedadlı tədqiqatçı Ömər Özcan Səlim Rəfiq Rəfioğlunun ailəsi, çevrəsi, mühiti barədə dolğun və maraqlı məlumatları təqdim etdikdən sonra əsas mətləbə keçir və Səlim Rəfioğlunun (1905, Gəncə, 1980, İstanbul) həyat hekayəsini qələmə alır. Ömər Özcanın araşdırmasında diqqəti çəkən məqamlardan biri, başlıcası müəllifin bütün yazdıqlarının fakta, sənədə söykənməsidir. Bir ailənin az qala 200 illik tarixini, ailənin onlarca üzvünün keçdiyi enişli-yoxuşlu, təlatümlü həyat yolunu qələmə alan müəllif bütün əsəri boyu “ehtimal ki”, “güman etmək olar ki”, “belə rəvayət edirlər”, “belə danışırlar”, “eşitmişəm ki”, “deyilənə görə” kimi və ona bənzər ifadələrdən istifadə etməyib, başqa sözlə desək, Ömər Özcan yalnız tarixi, rəsmi sənədlərə istinad edib. Ümumiyyətlə, bu əsərin dəyəri onun yeniliyində, aktuallığında, elmiliyindədir. Bir məsələyə də diqqət yetirmək vacibdir. Bu tədqiqatçıya yarımçıq, pərakəndə, səthi fikir yürütmək, tələsik nəticə çıxarmaq yaddır, sanki, yasaqdır. Mənbədə rast gəlinən hər yeni rəqəmi, faktı, adı-soyadı o izləyir, şərh edir, müəyyən qənaətə gəlir. Kitabın “Səlim Rəfiq Rəfioğlu” adlı bölməsini oxuyub başa vurduqdan sonra “Daha nə yazmaq, nə əlavə etmək olardı?” – sualının bir cavabı var: “Kamil əsərdir, heç nə yaddan çıxmamış, heç nə unudulmamışdır”...
“Rəsmi nüfus qeydlərinə” istinad edərək Ömər Özcan Rəfiq Rəfioğlunun 1905-ci ildə anadan olduğunu, ilk və orta təhsilini Gəncədə aldığını, 1927-ci ildə Gəncə Pedaqoji Texnikumunu bitirdiyini, sonralar gizlicə İrana, oradan Türkiyəyə getdiyini, 1931-ci ildə Türkiyə vətəndaşlığını qəbul etdiyini yazır. 1930-cu ildə R.Rəfioğlu İstanbul Universitetinin Ədəbiyyat fakültəsinə qəbul olunmuşdur. Ömər Özcan S.Rəfioğlunun tələbəlik illəri, dostları, müəllimləri haqqında ətraflı bəhs edir, Səlim Rəfioğlunun mühacir cəmiyyətləri və nəşrləri ilə əlaqə və əməkdaşlığından yazır, eləcə də Səlim bəyin məzunluq dissertasiyasını “dəyərli bir çalışma” kimi qiymətləndirir və onun qısa məzmunu barədə məlumat verir. Kitabın müəllifi daha sonra Rəfiq Rəfioğlunun ailə həyatından, Sovet dönəmində Azərbaycana səfərindən (1968) söz açır, Bakıda görkəmli alimlər Həmid Araslı, Abbas Zamanov, Mirzəağa Quluzadə, Kamal Talıbzadə, Qasım Qasımzadə, bacısı Validə xanım Quliyeva ilə görüşdüyünü qeyd edir.
Səlim Rəfioğlunun əmək fəaliyyətini xronoloji ardıcıllıqla izləyən Ömər Özcan onun 1934-cü il Antalya liseyində stajor ədəbiyyat müəllimi kimi işə başladığını, Qazi, Malatya, Bursa, İstanbul liseylərində pedaqoq kimi fəaliyyət göstərdiyini, 1962-ci ildə təqaüdə çıxdığını yazır. Kitabın maraqlı hissələrindən biri “Elmi çalışmaları” adı ilə təqdim olunan materialdır. Səlim Rəfioğlu ilk araşdırmalarına hələ tələbə ikən başlasa da, onun İstanbul Universitetində qalmaq, elmi fəaliyyətini burada davam etdirmək istəyi baş tutmamış, liseydə müəllim işləməyə məcbur olmuşdur. Yalnız 1946-cı ildə o, İstanbul Universitetin ədəbiyyat fakültəsində elmi mövzu götürməyə müvəffəq olmuş və bir müddət sonra “Füzuli: dövrü, elmi, eşqi, şöhrəti və təsiri” adlı elmi-tədqiqat işini uğurla müdafiə etmişdir. Ömər Özcan Səlim Rəfioğlunun ədəbiyyatşünaslıq sahəsində ilk nailiyyətlərini göstərməklə yanaşı, yeri gəldikcə diqqətçəkən faktlarla əsərini daha da maraqlı edən məlumatlarla zənginləşdirir: Qeyd edir ki, illər öncə eyni fakültəni bitirən Əmin Abid də Füzuli yaradıcılığı ilə məşğul olmuş və “Maarif və mədəniyyət” jurnalının 1926-cı il tarixli 12-ci nömrəsində “Füzulinin tədqiq edilməmiş bir əsəri” adlı məqalə dərc etdirmişdir; Səlim Rəfioğlunun opponentlərindən biri əslən Dağıstandan olan, sahənin tanınmış mütəxəssisi, Cümhuriyyət dövründə ədəbiyyatdan doktorluq müdafiə etmiş prof.Əli Nihad Tərlan olub; Türkiyədə Füzuli haqqında “Füzuli. Həyatı və şəxsiyyəti” adlı ilk doktorluq dissertasiyasını Əbdülqadir Qaraxan edib (1942-1944-cü illər); Ankara və İstanbul Universitetlərində 1930-1940-cı illərdə Füzuli yaradıcılığı ilə bağlı bir neçə namizədlik və doktorluq dissertasiyası müdafiə edilib (ətraflı bax səh. 122); 1934-cü ildə “Qurtuluş yollarında” adı ilə milliyyətçi və istiqlalçı Azərbaycan ədəbiyyatı nümunələrindən ibarət toplu nəşr olunub ki, bu da 1928-ci ildə İstanbulda eyni məzmunda buraxılan “İstiqlal uğrunda” şeirlər məcmuəsindən sonra ikinci təşəbbüsdür; Türk ədəbiyyatı tarixinin dəyərli araşdırıcısı prof.dr. Feyziyyə Abdullah Tansel məşhur azərbaycanlı Hüseyn Camal Yanarın (Hüseyn bəy Mirzəcamalovun) bacısı qızı prof.dr. Dilşad Talıbxan Elbrusun vəfatı münasibəti ilə yazdığı məqalədə bir çox gizli imzaların kimlərə aid olduğu barədə maraqlı məlumatlar verib. Ömər Özcanın əsərində bu qəbildən olan maraqlı faktlar çoxdur. Onların hər biri yeni tədqiqatlar üçün əsasdır, mövzudur. Ömər Özcan mahir tədqiqatçıdır, məxəz üzərində zərrəbinlə işləyir, onun mülahizələri dəmir məntiqə, təkzibolunmaz dəlillərə əsaslanır. S.Rəfioğlunun həmyerlisi və müəllimi prof. Əhməd Cəfəroğlunun redaktoru olduğu “Azərbaycan yurd bilgisi” jurnalında yuxarıda da xatırladığımız “Azərbaycan dəyərlərinə dair” məqaləsində mənbələrin bir çoxunun rusca olduğuna diqqət yetirən Ö.Özcan “müəllif bu qədim mənbələri haradan əldə edə bilər?” sualına cavab axtarır. Nəticədə çox səs-küyə səbəb ola biləcək detektiv kinolarındakı səhnələr qədər maraqlı mənzərələr ortaya çıxır: Heç demə, Türkiyyat İnstitutu kitabxanasının əsasını təşkil edən və S.Rəfioğlunun araşdırmalarında faydalandığı həmin rusca qaynaqlar Kazanda yaşayan xakas türklərindən Nikolay Fyodoroviç Katanovdan (1866-1922) satın alınmış kitablardır.
Katanov kitabxanasını Peterburq Elmlər Akademiyasına, Daşkənd Universitetinə, İrkutsk Universitetinə sata bilməmiş, Sibir valisinə, digər insanlara müraciəti cavabsız qalmış, Kazan, Orenburqdan da kitablara sahib çıxan olmamışdır. Bunu görən məşhur xadim Zəki Validi Toğan “Vaxt” qəzetinə bir şərqşünasın kitabxanasının satılacağı barədə məqalə yazır, “Türk yurdu” yazarı Yusif Akçuraoğluya da eyni məzmunlu məktubla müraciət edir. Ömər Özcan yazır: “1914-cü ildə Akçuraoğlunun təşəbbüsü ilə Osmanlı Vəqflər Nazirliyi kitabxananı satın almaq üçün məmuru Nail Rəşidi və əslən tatar olan Ömər Terequlu bir məktubla Kazana göndərir” (səh. 126). Beləliklə, Bakı, Varşava, Kazan, London, Paris, Peterburq, Daşkənd, Ufa, Xarkov, Qahirədə... buraxılan 7325 adda kitab əldə edilir ki, onların da arasında Rusiyada türkologiyaya dair çıxan bütün əsərlər var.
Ömər Özcan Səlim Rəfioğlunun istiqlal şairi Məhəmməd Hadi ilə bağlı araşdırmasına – “Azərbaycan yurd bilgisi” dərgisinin 1932-ci il tarixli 8-ci nömrəsində dərc olunmuş “Türkiyə mətbuatında Məhəmməd Hadinin şeirləri” adlı məqaləsinə də böyük sevgi, həssaslıq, prinsipiallıqla nəzər salır. O yazır: “Rusiyadakı 1905-ci il inqilabından sonra Azərbaycan ədəbiyyatında romantizmin ən öndə gələn təmsilçilərindən olan Məhəmməd Hadi (1879-1920) haqqındakı S.Rəfioğlunun məqaləsi bu sahədə ilk araşdırmadır. Azərbaycan mətbuatının “Füyuzat”, “Həyat”, “Tazə həyat”, “İttifaq”, “Tərəqqi”, “Səda”, “İqbal”, Türkiyənin “Tanin”, “Məhtab”, “İqdam” kimi tanınmış qəzet və dərgilərində məqalə və şeirləri çıxan M.Hadi haqqında ana yurdunda sovet dönəmində və sonrasında bir çox incələmələr aparılmış, dissertasiyalar yazılmış, əsərləri və haqqında kitablar nəşr edilmişdir. Türkiyədə araşdırmaçılar öz əsərlərində Hadi haqqında “Azərbaycan yurd bilgisi”ndə yazdığı məqaləsindən sonra Rəfioğlunun adını tez-tez çəkmişlər. İstanbulda 2002-ci ildə Hadi haqqındakı lisans və doktorluq dissertasiyasında bir həmyerlisinin Rəfioğlunun adını çəkməməsi isə təəssüf doğurur. Bu araşdırmaçının Azərbaycanın yetişdirdiyi bir şəxs haqqında tədqiqat apararkən yenə azərbaycanlı alim Ə.Cəfəroğlunun naşiri olduğu “Azərbaycan yurd bilgisi” dərgisini oxuması və orada Səlim Rəfioğlunun adıyla qarşılaşması lazım idi. Elmi araşdırmalarda qəbulu mümkün olmayan bu əskiklik yalnız tədqiqatçının özündən deyil, onun elmi rəhbərinin yetərsizliyindən də irəli gəlmişdir” (səh. 128). Göründüyü kimi, irad haqlı və yerindədir.
“Yazanı deyil, yazılanı tənqid edirəm”, “Hər hadisənin səbəbi mütləq maddədə və mədədə axtarılmamalıdır. Həyatda mənəviyyat və məfkurənin çox böyük rolu vardır. Unutmamalıyıq ki, həyatda özünü tamamilə ideal və ülküyə həsr edənlər olmuşdur” – kimi prinsipləri, düşüncəni özünə yaradıcılıq kredosu seçən Səlim Rəfioğlu tənqidi əslində dövründə, elə bu gün də liberal tənqidçilərə, təmənna ilə qələmə sarınanlara, nəyinsə naminə məddahlıq edənlərə və malalayanlara bir görkdür, necə yazmaq lazım olduğunu nümayiş etdirən nümunədir. S.Rəfioğlu hətta böyük alim, yurdsevər və millətsevər prof. Əhməd Cəfəroğlunu, tanınmış türkoloq prof. Bəkir Çobanzadəni, şöhrətli folklorşünas alim Hənəfi Zeynallını... bir sıra mülahizələrinə görə kəskin tənqid etmiş, mövqeyini tutarlı dəlillərlə əsaslandırmışdır.
Ömər Özcan kitaba yazdığı ön sözdə təvazökarlıqla özünü “ədəbiyyatşünas alim” adlandırmır, lakin əsər boyu o, bəzi diplomlu, rütbəli ədəbiyyatşünaslardan daha mahir, daha məntiqli, daha səriştəli və sanballı ədəbiyyatşünas kimi çıxış edir, Səlim Rəfioğlu yaradıcılığının bütün mahiyyətini, ruhunu, məzmununu, ideya-istiqamətini yığcam şəkildə üzə çıxarır, işıqlandırır. Eyni zamanda, o, əsərin “Artırmalar” hissəsində Rəfioğlunun gələcək tədqiqatçıları üçün də kifayət qədər maraqlı materiallar toplamış, 18 məqaləsini kitaba daxil etmişdir. Fikrimizcə, həmin məqalələrin sərlövhələri də toxunulan mövzuların aktuallığından, orijinallığından xəbər verir: “Füzulinin məlum olmaya məktubu”, “Xəlqilik və xalq hekayələri”, “Azərbaycanda operetta”, “Yeni bir şair – Hami”, “Sabir”, “Füzuliyə dair” və s. və i. Heç şübhəsiz ki, müəllifin təqdim etdiyi zəngin mənbələr, özünün biblioqrafik göstəricisi də ədəbiyyatşünaslar, türkoloqlar, tarixçilər, mühacirətşünaslar, mətnşünaslar, mətbuat tarixinin araşdırmaçıları üçün dəyərli məxəz rolunu oynayacaq.
31.07.2014