Məhəmməd Əmin Rəsulzadənin əsərləri - V cild (1918 – aprel 1920)
Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni,ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov Transliterasiya redaktorları: professor Şamil Vəliyev elmi işçi Samir Xalidoğlu (Mirzəyev)
(Əvvəli ötən şənbə sayımızda)
“İngilis komandanlığı tərəfindən Kaspi voyennı flotu əleyhinə, hətta Prejevalski otryadı əleyhinə görülən tədbirlərin əsl işə baxanda Rusiya demokratiyası əleyhində bir iş olduğu həqqində iki rəy olamaz”.
Demək ki, Prejevalski Rusiya demokratiyasının sütunu imiş. Demək ki, hər nə Rusiya naminə hərəkət edən qüvvət varsa nəticədə haman demokratiya qüvvəsi imiş. Yalnız Azərbaycan tərəfindəki qüvvətlər, türklərin mənafeini gözləyən təşəbbüslərdir ki, demokratiyanın əleyhinə imiş.
Böylə ikiüzlü olduqları üçündür ki, bu ağalar bu məsələlərdən ötrü fövqəladə konfrans çağırdıqda yalnız sosialist firqələrini çağırmaq bəhanəsilə “Müsavat”ı işdən xəbərdar eləməmişlərdir. Əlbəttə, təqdir edərsiniz ki, bununla onlar bilərək müsəlman əmələsini kənarda qoymaq istəmişlərdir. Çünki bilirlər onların bu macərapərəstliklərinə müsəlman əmələsi uymaz, öz əlilə düşmənlərini qüvvətləndirməz, qalxıb istəməz ki, bizə top atmış olan və hər zaman da atmağa hazır olan matroslar burada saxlansın və yainki dallarınca bir daş göndərdigimiz “dobrovolçeski otryad” üçün heyflənsin.
Kimsənin yadından çıxmamışdır ki, imdi ingilisləri demokratiyanın düşməni deyə əleyhlərinə çıxan ağalar özləri onları buraya çağırdılar, o zaman ingilis ağalar üçün yaxşı idi, çünki Bakını sahiblərinə vermiyordular. İmdi isə yamandırlar, çünki rus qüvvətlərini zəiflətiyor, rus soldatlarını buradan çıxarıyor. Rus flotunun da silahını alıyor, matroslarını da şəhərdən qovuyorlar. Arada bir fitnəli xəbər də çıxarıyor, diyorlar ki, guya bunların bütün təşvişi onun üçün idi ki, ingilislər Bakıyı Azərbaycanın da əlindən almaq istiyorlarmış.
Fəqət əsl məqsəd bu degilmiş, mətləb budur ki, ingilis Bakıyı sahiblərinin əlindən alıb ruslara vermiyor.
Bakı Azərbaycanın paytaxtıdır.
Burada Azərbaycanı tanımayan rus əskəri, rus flotu dura bilməz. Bu həqqimizi müdafiə edən ingilis komandanlığı bizim hər zaman dostumuzdur. İngilis komandanlığı bizim bu həqqimizi felən qəbul eləmişdir. Rəsmən qəbul etməyəcəgini göstərəcək bir dəlil olsa da, əldə yoxdur. Halbuki utanmadan Bakı demokratiyası adı ilə hərəkət edən əfəndilər bizə “bəla” kibi baxıyorlar.
Halbuki bizim başımızın bəlası onların özləridir.
Bunun üçün ay vətənini, hürriyyətini, istiqlalını sevən türk və müsəlman əmələsi sərvəqt ol, bəzi şirin sözlərə, aldadıcı mətləblərə qulaq vermə, sadəqətinə inandığın bir firqədən məlumat almayınca məbadə zabastovka eləmə!
Bu günlərdə olunacaq zabastovka bil ki, müşkülat içində olan vətənimizə böyük əngəl çıxara bilər.
Qara düşmən Denikin qüvvəti şimaldadır. Hökumət istefa halındadır. Böylə bir zamanda zabastovka eləmək, dəmiryollarını saxlatmaq, işıqları durdurmaq, işləri saxlatmaq məmləkətin diriligini fəlc bir hala qoymaq deməkdir ki, vətənə xəyanətdir.
Azərbaycanı özləri üçün vətən hesab etməyən, Bakıyı əllərindən çıxan bir dövlət kimi görən adamlar ortayı şuluğa verib də zabastovkadan bəhs edə bilər, on avtomobil üçün minlər ilə əmələyi işdən-gücdən saxlaya bilərlər. Amma bizlər bu macəranın qətiyyən əleyhində olmalıyız.
Demokratlıq adı ilə fəqət rusluq məqsədi ilə elan edilmək istənilən zabastovkada biz bufer deməli, zabastovkaya qoşulmamalıdır.
Türk Ədəmi-Mərkəziyyət “Müsavat” firqəsi Mərkəzi Komitəsi
“Azərbaycan”, 6 mart 1919, №130
Hürriyyət gününün göstərişi
Azərbaycanın paytaxtı Rusiya inqilabi-kəbirinin böyük bayramını Bakının inqilablı, yəni küləkli bir günündə icra elədi.
Fəqət təbiətin inqilabına baxmayaraq millətlərin həqqi-istiqlallarını elan etmiş olan böyük inqilab bayramını təbrik üçün Azərbaycan demokratiyası şənligindən geri qalmadı.
Parlamanın müqabil al inqilab bayrağı və səma rəngli Göytürk bayraqları ilə donadılmış küçə əksəriyyəti əmələdən ibarət minlərə baliğ xəlqlə dolmuşdu.
Hürriyyət alqışlanır, məclis alqışlanır.
– Yaşasın Azərbaycan!
denilirdi.
Məbuslar, parlaman rəisi və natiqlər xəlqi təbrik ediyor, xəlq kəndi mötəmədlərini alqışlıyordu.
Parlaman binası bu gün başqa bir şükuh, başqa bir cilvədə idi.
Hürriyyət bayrağı ilə istiqlal bayrağı, bu, əslində nuri-ürfan saçan binanın üzərində Bakı yelinin təsiri ilə püriztirab çırpınıyor və sıcaq busələrlə yekdigəri ilə öpüşüyordu.
Ötədə “İsmailiyyə”nin yanıq binası kəndisini təskinə gələn xəlqə məlul bir nəzərlə bakıyor, fəqət kəndisini unutmayıb üzərinə iki hürriyyət və istiqlal bayrağını taxdıqları üçün millətə zəmani-hal ilə ərzi-şükran ediyordu.
Parlamandan sonra müsəlman əmələləri raboçi klub binasında toplaşdılar. Bura da eyni təzahürat ilə və hürriyyətpərvəranə ilə keçdi. Parlamanı təbrik qətnaməsi qəbul olundu. Rayonlarda dəxi əhval bu surət ilə keçmiş türk demokratiyası kəndisinin istiqlalpərvər olduğunu rəna surətdə göstərmişdir.
Bu xüsusu bir təfsili qismi-məxsusimizdə oxuyacaqsınız.
Biz yalnız bu göstərişlərin mənayi-əslisini qeyd etmək istəriz.
Bu məna isə bizcə əvvəlcə də bəlli idi. Fəqət qoy münkərlər də görsünlər, anlasınlar ki, Azərbaycan istiqlalı bəylər, xanlar və ağalar fikri degil, türk demokratiyasının tələbi və amalıdır.
Var olsun Türk demokratiyası!
M.Ə.
“Azərbaycan”, 14 mart 1919,
№136
Mötəməd – vəkil, nümayəndə
Şükuh – böyüklük, ululuq, cəlal
Münkər – inkar olunan, qəbul edilməyən
Təfəüli-Novruz
Qurtuluş bayramına ithaf
Novruz ənənəsi ənənələrin məbdəini təşkil edən əsatirə nəzərən yalnız İran bayramı degil, İran ilə Turan bayramıdır.
İran ilə Turan hər nə qədər böyük Firdovsinin layəmut Şahnaməsində rəna boyalarla birər düşməni-əbədi kibi təsvir olunuyorsa da bu iki irqin əsrlərlə uzanan vuruşmalarına rəğmən, biri-birilə qədim ixtilatda bulunan əksər millətlərdə olduğu kibi pək çox şərikli ənənələri vardır.
Səyavuş kəndi İranından qaçar, Turana sığınır.
Rüstəm turanlı bir pəhləvanı öldürür, fəqət kəndi oğlunu öldürdügünü görür.
İran Turanla hərb edər, fəqət əksərən şan və namla yad indiki sülalələri Turan cinsindən olur.
Zərdüştün belə türk olduğunu iddia edənlər oldu, Zərdüşt əski midiyalı imiş.
Əski midiyalıların (azərbaycanlılar) xalis İran degil, başqa bir cinsdən olduğu, əxirən Turanülcins bir qövmə mənsub olduqları sezilməkdədir.
Novruz, ayin cəmdən, yadigar Cəmşiddən ədd olunursa da, bunu əhya etdirən yenə bir türk sultanı Cəlaləddin Xarəzmşah olur.
Buna görə də Novruzun adı – İranda – Cəmşidi degil, Sultanidir. Novruz Sultanı!
Türk sultanının təşəbbüsü yalnız Novruza aid degil, İran təqviminə də şamildir. İran təqvimləri hala tarixi-cəlali deyə bir üsulu başqa üsullarla bərabər qeyd edərlər.
Turanın böyük heyətşünası böyük Uluğun zici ilə türk üsuli-təqvimi – illərin birər heyvan adilə adlandırması – İranda hala baqidir.
Türk münəccimləri, Turan kahinləri illərə verilən heyvan ismlərinə görə o ilin nəxvət və ya səadətini təfəül edərlərdi. Bu təfəül üsulu imdi də İran münəccimlərinin rəhbəridir.
Keçən il, sənə at üzərinə təhvil olunmuşdu. Onun üçün də bir atın şanından olan hərb və zərb, hücum və inhizam ilə keçirmişdik. Bu sənə isə il qoyun üzərinə təhvil olunuyor.
Təfəül edə biləriz ki:
– Sülh və müsalimət dövrü gəliyor.
Hərbi-ümuminin axıra yetişib sülhi-ümumi üçün hazırlıqlar yapılmaqda olan böylə bir zamanda qoyun xasiyyətli bir ilin hüluli əlbəttə ki, mətlubdur.
“Ya mühəvvəl-ül-hövl və ila hövl
Hövl halina ələhsən-ül-hal”
Duasını oxurkən qurtuluşunu bulmaqda olan heyvan Azərbaycanımızın həqiqətən qoyun kibi səlamət bir ilə daxil olmasını arzu edəriz.
M.Ə.
“İstiqlal” qəzeti,
20 mart 1919, №6
Təfəül – fal açma; xeyrə yozma
Mart matəmi, Müsəlman əmələ və kəsbkarlar konfransı
1919 sənəsi mart ayının 28-ci günündə Türk Ədəmi-Mərkəziyyət “Müsavat” firqəsinin mərkəzi bürosunun binasında Məhəmməd Əmin Rəsulzadə cənablarının təhti-sədarətində 300 əmələ nümayəndələrinin iştirakilə bir konfrans məclisi iniqad etdi. Məclisdə əmələ nümayəndələrindən maəda bəzi əsnaf nümayəndələri dəxi mövcud idi. Sədr cənabları məclisə daxil olur-olmaz ümumi alqışlarla qarşılandı.
M.Ə.Rəsulzadənin giriş sözü
Həzərat, bu gün bizi buraya toplayan məsələ mart matəmidir. Əlbəttə, bundan bir il əvvəli xatırlarsınız. O zaman bizlər geniş bir salonda, “İsmailiyyə” binasının işıqlı və havadar binasında toplanardıq. İmdi bilməcburiyyə bu darcıq otaqlarda yığışmaq məcburiyyətindəyiz.
Əvət yoldaşlar, mart hadisəyi-əliməsini xatırlamalıyız. O gün bizim həyatımızda əbədiyyən unudulmaz bir gündür. Bir millət şadlıq günlərini yadında saxladığı kibi matəm günlərini də unutmamalıdır.
O gün, o qital, o öldürüş istəmiyərək bizə, biz türklərə bağlanmış idi. O gün keçən martın 18-dəki tazə qaidə ilə martın 31-i deməkdir. Azərbaycan muxtariyyəti və azərbaycanlıların hürriyyətinin düşməni olanlar “sovet” namını takınaraq müsəlmanlara elani-hərb eləmişlərdi. Fəqət müsəlmana elani-hərb etmək “demokratik” olmadığından başqa bir ünvan lazımdı. Bu ünvan da “burjuy müsavat” ola bilərdi. Fəqət onların ikiüzlülügünü kim örtə bilərdi. Müsavatın o günlərdəki tərzi-hərəkəti sülhpərvərligi, ixtilaf çıxarmaq istəmədigi hankı bitərəf bir şəxsə məlum degildir. Bunu qətnamələr, bəyannamələr və “Müsavat”ın natiqləri ilə isbat etmək mümkündür.
Fəqət məsələ burada idi ki, Bakı Rusiyanın kadeti – burjuyuna da, bolşeviki – əmələsinə də lazım idi. Onun üçün azərbaycanlılara ancaq “xərabəzar” verilə bilərdi. Bunu bizə “bolşevik mətbuatı” diyordu.
İştə mart faciəsi hürriyyət və muxtariyyət əvəzinə bizə xərabəlik vermək istəyənlərin cinayəti idi. Onun üçün martda kəsilən binlərlə qurbanlar, fəda edilən şəhidlər Azərbaycan fikri-hürriyyət və istiqlalının qurban və şəhidləridir.
Biz onları martın 31-də xatırlamalı, o günü həyatı durduraraq matəmə girməli, ruhlarına fatihə oxumaqla qanımız bahasına alınan hürriyyətimizi qanımızı tökməklə olsa da mühafizə edəcəgiz, deməliyiz. (Alqışlar). Bu xüsusda danışmaq istəyənlər söz alsınlar.
lll
Sədr: Bizim milli vəzifələrimizdən birisi də “İsmailiyyə” kibi milli bir müəssisəmizin dirilməsidir. Bu xüsusda hökumətimiz və milli müəssisələrimiz tərəfindən ciddi surətdə iqdamat lazımdır.
lll
Sədr: Bu mövzudan xaric təkliflər dəxi bitdi. Bən yenə əsl mövzuya aid sizə və intixab etmiş olduğunuz tətil komitəsinə söylüyoram ki, bu matəm tətili son dərəcədə müntəzəm və pərvəkar olmalıdır. Nasıl ki, hər kəs kəndi əziz ölüsünə matəm saxlar, öylə də hər bir müəssisə bağlanıyor, hər kəs məscidlərdə matəm halında toplanaraq Qurani-Məcid oxumaq və şəhidlərimizin ruhuna fatihə oxumaqla onları yad və təbcil eylər və asayişi ixlal edəcək heç bir hərəkətdə bulunmazlar və hər bir kəsə göstərir ki, biz matəmimizi də həqiqi matəm olaraq tutuyoruz və bu xüsusda ən ziyadə tətil komitəsinin fəaliyyət və davamına ümid edərək məclisi bağlıyoram.
“Azərbaycan”, 30 mart 1919, №146
Unudulmaz faciə!
Martın 31-i bizə Azərbaycan tarixi-siyasətində unudulmaz üç günü xatırlatıyor.
Günlər var ki, sevincinin böyüklügü ilə, günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz.
31 mart ikinci günlərdən idi. Bu gün tarixin qeyd edə bildigi “Aşura!”, “Bartelsi” (Varfolomeyski noç)* kibi xainanə bir surətdə hazırlanmış siyasi faciələrdən birisi idi.
Bizə deyə bilərlər ki, hərbi-ümumi səfəhati arasında mart hadisəyi-əliməsini dəfələrlə ötən əsəfli hadisələr vaqe olmuşdur. Bunun üçün dəxi mart günlərində Bakı sokaklarında icra olunan məzalim və qitalı Ərəbistanın qızğın çöllərində və yaxud Firəngistanın inqilabla qaynar şəhərlərində hadis olan uzaq misalları ilə müqayisə etməyə nə hacət!
Əvət, doğrudur: doğrudur ki, Belcikada, Serbiyada, Türkiyədə, Acarıstanda, nəhayət Kars, Muş, Van və sair yerlərdə, hətta hərbi-ümumidən rəsmən xaricdə qalan İranda, Urmi, Səlmas və Xoyda şəklən Bakı hadisəsinə bənzər və bəlkə də bundan daha fəci hadisələr vaqe olmuşdur.
Bunlar doğrudur.
Biz Bakıdakı mart hadisələrini yada salarkən şübhəsiz ki, o günlərdə icra olunan vəhşətə, zülmə, yaxılan xanimanlara, parçalanıb da divarlara mıxlanan yavrulara, hətk olunan irz və namuslara dəxi ətf-nəzər ediyor – insanın bir anda dönüb canavardan da bədtər halə düşmək ləyaqətində dəxi olduğunu böyük bir hissi infial və şərməndəlikdə görüyoruz.
Fəqət mart günlərinin əsl faciəsi bu cəhətində degildir.
Martda söylədiklərimizdən və söyləmədiklərimizdən daha böyük, daha şəni, daha mərdud, daha iyrənc bir hadisə vaqe olmuşdu.
İctimai bir inqilab nami və pərdəsilə ortaya çixib milli bir ədavət icra edilmişidi.
Burjuaziyaya elani-hərb edilib əmələ və kasibə qırılmışdı.
“Müsavat”a xitabən elani-hərb edilib, nəticədə sosialist, bolşevik və müsavat heç birisinə fərq qoyulmadan kəsilmək və atılmaq üçün müsəlman olmaq kafi gəlmişdi.
Bu noqteyi-nəzərdən şaumyanların Bakıda çıxardıqları hadisə leninlərin Petroqrad və Moskvadakı hərəkətlərinə qətiyyən bənzəməzdi. Orada sinfi bir hərb, burada isə sinif hərbi nami altında milli bir qital, bir qətliam icra olunuyordu.
Daşnaklar intiqam alıyordu.
Bu intiqam hər növ qonşuluq, inqilabdaşlıq, vətəndaşlıq hissini korlatıyor. Yan-yana sülh və müsalimət ilə yaşayan millətləri sənələrlə biri-birindən ayırıyordu.
lll
Bolşeviklər “sizə muxtariyyət degil, xərabələr verəcəgiz” diyorlardı. Müttəfiqləri daşnaklar da imdi izah ediyorlar ki, Bakıyı sahiblərinin əlindən çıxarmaları ilə onlar erməniligi mühafizə ediyormuşlar.
Həqiqətdir ki, martin 18-dən 21-nə qədər Bakı türk demokratiyasının kafasında partladılan toplar, müsəlmanların haqqında rəva görülən məzalim Azərbaycan fikrini daşıyan, muxtariyyət və istiqlal əqidəsi ilə pərvərdə olan vücudları məhv etmək üçün idi.
Fikir öldürülmək istənilirdi. Millət kəsilirdi. Fəqət kəndiləri inqilabçı ikən inqilabın böyük düsturunu unudurlardı:
– Məşəli-əfkari-əhraranə sönməz xun ilə!
Martda tökülən qanlar türklərdəki milliyyət və hürriyyət fikrini, Azərbaycan atəşi-müqəddəsini söndürəmədi!
Bakı kücələrində tökülən nahaq qanlar bir “pisuz” yakılan “İsmailliyəyə” isə bir “iplik” işini görərək ürəklərdə söndürülmək istənilən hürriyyət məşəlini daha ziyadə tutuşdurdu.
Qanlar içində boğdurulmaq istənilən Azərbaycan fikri bu kərə müstəqil bir hökumət şəkli ilə təcəlli etdi!
Bakı bir qan və fitnə ocağı degil, paytaxtımız oldu.
lll
Bu gün mart hadisələri kibi böyük bir riyazət nəticəsində kəndi həqqini isterdad etmiş olan paytaxtımızda 31 mart şühədasının ruhi-məzluminə fatihələr oxurkən bir şeyi xatırlatmaq istərəm.
Mart hadisəsindəki müvəffəqiyyətsizligin ən böyük səbəbi, bunu artıq hər kəs təsdiq ediyor ki, cəmaətimizin başsızlığı, o vəqtə qədər bildigi cəmaət xadimlərinə və siyasi firqə rəislərinə degil, qeyri-məsul adamlara əqlindən ziyadə hissiyatına tabe şəxslərə uyduğu olmuşdur.
Lillahülhəmd bu gün o vəziyyətdə değiliz. Millətin müqəddəratından məsul hökumətə və bu hökuməti doğmuş parlamana malikiz.
Hökumət və parlamanımızın bütün nöqsanı ilə bərabər bir məziyyəti var ki, böhranlı və məsuliyyətli dəqiqələrdə millətə başçılıq edər, onu hər hissiyatə qapılmış yol ötən “mücahid”lərin şərindən saxlaya bilər.
Bunun üçün lazımdır ki, biz bütün hərəkatımızda etidaldan uzaqlaşmayib sükun və intizami pozmıyalım.
Tətil heyəti bizi bu gün matəmə dəvət ediyor. Bu dəvətə icabət edərək bütün həyati durduraraq mart şühədasının ruhi-məzlumi qarşısında diz çökəlim: çökəlim də deyəlim ki:
Siz məzlum oldunuz, biz sizin bu məzlumiyyətinizi təlafi etdirmək üçün qanınız bahasına aldığımız hürriyyət və istiqlalı bərk saxlayacağız.
M.Ə.Rəsulzadə
“Azərbaycan”, 31 mart 1919, №147,
“İstiqlal”, 31 mart 1919, №8
Əsəfli
– təəssüf ediləcək
Hətk – yırtma, yarma
İnfisal – ayrılma, uzaq olma
Şərməndə – utancaq, xəcalətli
Şəni – pis, biabırçı
Mərdud – rədd olunmuş
Riyazət – əzab, işgəncə
Hətk – yırtma, yarma, şərəfsizlik
* Varfolomey gecəsi – 1572-ci il avqustun 24-nə keçən gecə (müqəddəs Varfolomey bayramı günü) Fransa kralı və katolik ruhanilər tərəfindən hugenotların kütləvi qətliamı, qırğını başlanmışdır. 3 gün ərzində Parsidə bir neçə min nəfər öldürülmüş, sonra bütün Fransada hugenotları qırmağa başlamışdılar.
M.Ə.Rəsulzadə 1918-ci ilin 3 günlük mart qətliamını məhz Varfolomey hadisələrinə bənzədirdi – Ş.H.
Nümuneyi-imtisal bir gün
“Müsavat” firqəsinin təşəbbüsilə çağırılan müsəlman əmələ konfransı martın 31-ni vətəni bir matəm olmaq üzrə elan vəo günü ümumi tətil ilə keçirməgə qərar vermişdi.
Müsəlman əmələsinin bu qərarına Bakının bütün məhəllələri kəza tabe olub, matəm tətil komitəsi cünbində məhəllə məscidlərinin nümayəndələrindən ibarət bir şəhər şöbəsi təşkil etdilər.
Bu günə məxsus qəzetələr nəşr olundu. Azərbaycan qəzetələri ilə Müsavat vasiteyi-nəşri-əfkarları olan qəzetələr matəm nömrələri çıxardılar.
Matəm səhər saət 8-dən axşam saət 6-ya qədər təyin olunmuşdu.
Tətilə müsəlman olmayan əmələ təşkilatı nasıl baxacaq? Tətil müntəzəm və mütəşəkkil bir surətdə gedəcəkmi?
İştə Azərbaycan paytaxtını düşündürən bir məsələ!
Kəndilərini bilməm hanki həqqə görə bütün Bakı füqərayi-kasibəsinin nümayəndəsi adlandıran “raboçi konfrans” heyəti-idarəsi ilə keçmişdəki tətilləri idarə edən “staçeçni komitet” ağızlarına su almışlardı.
26 bolşevik komissarlarından ötrü ümumi tətil etdirmək istəyən və əllərində qara bayraqlar və Şaumyanın fotoqrafı olaraq nümayişlər yapan “fəhlə nümayəndələri” on binlərlə şəhid düşən bigünah mart qurbanlarını xatırlamaq üçün çox da tələsmək istəmiyorlardı.
Nəhayət, müsəlman əmələlərinin qəti qərarları təsirindən olmalıdır ki, “raboçi konfrans” idarəsi ayın 31-nə degil, 30-nu matəm günü və bu münasibətlə mitinqlər tərtibini elan elədi. Fəqət nə mitinqlərə gələn oldu, nə də mitinqi çağıranlar özləri gəldilər.
Onlar bildikləri kibi mart faciəsinə gözəyarı baxa bilərlərdi. “Raboçi konfrans” idarəsində bağdaş quran bolşevik biçar “rəislər” mart gününü “matəm” degil, bacarsalardı “bayram” edərlərdi. Onun üçün də onlar matəmin rövnəqlə keçməsinə çox əhəmiyyət verməmişlərdi.
Fəqət türk demokratiyası kəndi qərarında sabitqədəm idi. Onun macərapərəst politikanlarla işi yox idi. O, martın 31-də kəndi qüvvətini göstərəcək, mart şühədasının matəmi ilə müvəffəqiyyətsiz mitinqlər yapmaq surətilə oynamaq mümkün olmadığını isbat edəcəkdi.
O, bu gün bütün həyatı durduracaq, bununla kəndisinin nə kibi xatiri sayılır bir qüvvət olduğunu bildirməklə bərabər, martda tökülən nahaqq və məsum qanların dəxi ağız sürütdürmə bir “matəm”lə yad olunacaq “əhəmiyyətsiz” bir vəqə olmadığını bütün cahana qarşı elan edəcəkdi.
Martın 31-i yaxınlaşıyordu. “Raboçi konfrans” rəisləri içlərində mövcud olan az-çox mətləb anlıyanlarının “sözünə baxaraq” martın 30-da matəm mitinqləri elan etmiş ikən bir də 31-ni matəm günü və eyni zamanda da tətil elan etdilər. Fəqət tamamilə “Müsavat”a tabe olmamaq üçün olmalıdır ki, tətilə saət 6-dan degil, 12-dən etibarən qərar verdilər. Fəqət gecə saət birdə çap olunan bu elan bittəb rayonlarda saət 12-dən sonra çatacaq, əmələlərin əksəri tərəfindən bir dürlü anlaşılmıyacaqdı: çünki bir gün əvvəl nəşr olunan müfəssəl vərəqələrində tətildən bir kəlmə olsa da bəhs olunmamış, biləks məsələdən tamamilə başqa bir ruhla danışılmışdı.
Matəm günü gəldi. Səhər saət 6-dan bütün əmələ rayonları “xəbərdar” borusunu çalaraq mədənlər dayandı.
Şəhərdə bir dənə olsa da açıq dükan yox, fayton, araba, hammal tapılmaz. Gəmilər matəm əlaməti olaraq bayraqlarını yarıya endirmiş, şəhərdə və mədənlərdə böyük bir sükut...
Məscidlərdə pəs məzar məclisləri. Saət iki radələrində Tazəpir məscidinin həyatı cəmi-qəfir ilə dolmuş, yasin, fatihə, nitqlər matəm tətil komitəsinin bəyani-təziyyəti!..
Xəşiyyətavər bir hal!...
Bilafərq millət və məzhəb şəhərlə mədənlərin bütün süknası matəm halında...
Zabastovka tarixi ilə aşina olanlar söyləyorlar ki, Bakı bu vəqtə qədər böylə bir tətil görməmiş!..
Aşura günü belə bu dərəcədə keçməmişdir.
Hər zabastovkada az olsun, çox olsun işə şətəl qatanlar daima görülmüşdür.
Fəqət bu dəfə bilaixtilaf hər kəs vaqe olan dəvətə ləbbeyk demiş, işindən əl çəkmişdi!..
Aşura yalnız müsəlmanlara məxsus ikən, bu gün Azərbaycanın vətəni bir matəmi olduğundan bütün azərbaycanlılar matəm saxlamışlardı.
Bu günə bən matəm günü degil, birlik günü deyəcəgəm.
Türk demokratiyası bu gün kəndi idarəsinin nə dərəcədə nafiz və kəndi təşkilatının nə qədər müəssir olduğunu təcrübə ediyordu. Təcrübə əliyül-əla dərəcədə müvəffəqiyyətli çıxdı.
Görüldü ki, türk demokratiyası istər ittihadla bir məqsədə əzm edərsə digər, kəndisi ilə həmkar olan demokratiya dəxi onunla bərabər olur. Ayağının altını boş görən “raboçi konfrans” son saətdə əqlə gəldisə, rus əmələlərindən bir çoxu rayonlarında daha iki gün əvvəl müsəlman yoldaşlarının yanına gələrək onlarla bərabər tətil edəcəklərini bildirmişlərdi.
Tətil yalnız əzəməti, istisnasızlığı ilə degil, intizam və asayişpərvərligi ilə də təmayüz ediyordu.
Zabastovka texnikasını bilənlər böylə bir tətil keçirmək nüdrətən mümkün olur diyorlardı.
Bütün gün kimsəyə təərrüz edilməmiş, cüzi də olsa bir hadisə çıxmamışdır!..
Tətil ideal bir şəkildə icra edilmişdi.
Tətilin idrak və disiplin üzərinə icra edildigi köprü hammallarının əsəri-həmiyyətləri kimi parlaq vəqələrlə isbat edilmişdir.
Müstəcil bir yükün paraxoddan çıxarılması üçün köprülərdən birinin hammallarına 6.000 rublə təklif olunduğu halda, onlar təklifi rədd eləmiş, matəmi-tətil heyətinə müraciət eləmələrini cavabən bildirmişlərdir.
Bugünkü tətil türk demokratiyasının, müsəlman cəmaətinin nə dərəcə təşkilat və intizam qabiliyyətinə malik olduğunu aşkar etmişdir. Bu qabiliyyəti tərbiyə edən, onu doğru və salim bir yola salan həqiqi millət mənfəəti ilə çalışan siyasi firqələrimiz fəaliyyət və təşəbbüslərini artırar və hərəkətlərində ciddi olurlarsa, o zaman Azərbaycan paytaxtında, füqərayi-kasibə naminə işləyib də hərəkətlərində Azərbaycan ruh və məqsədi ilə uyuşa bilməyən təşkilat əhəmiyyət və mənasını qayib edər.
1919 sənəsi mart matəmində xəlqimizdə görülən təşkilat istedadını hüsni-istifadə etmək, heç şübhəsiz ki, 1918 sənəsi mart şühədasının ruhi-məzlumini razı salacaq ən böyük mükafat, ən gözəl ehsandır!
Buna çalışalım!
1919-cu il martın 31-i bizə birlik və ittihad üçün bir nümuneyi-imtisal təşkil eləsin!
M.Ə.Rəsulzadə
“Azərbaycan”, 2 nisan (aprel) 1919, №148
Xəşyə – qorxu
Sükna – oturulan yer, məskən
(Ardı var)