“Ermənistan və Azərbaycan arasında Qafqazda genişmiqyaslı müharibə olarsa, Gürcüstan bu proseslərə cəlb ediləcək. Gürcüstan hər iki tərəfdən qaçqınları qəbul edəcək. Həmçinin o da istisna deyil ki, hər iki tərəf Gürcüstan ərazisində diversiya aktlarını həyata keçirmək istəyəcək”.
Modern.az saytının məlumatına görə bu sözləri gürcü politoloq Mamuka Areşidze Qarabağ müharibəsi başlayacağı təqdirdə bölgə üçün gözlənilən situasiyanın proqnozlarını verərkən deyib. Onun sözlərinə görə müharibə başlayarsa, azərbaycanlılar və ermənilər enerji daşıyıcılarını təhlükə altına qoyacaqlar. “Ermənistana gedən qaz kəmərlərinə azərbaycanlıların, Azərbaycandan Gürcüstan ərazisi ilə keçənlərə qarşı isə ermənilərin fəallığı mümkündür”.
Ekspert onu da bildirib ki, Gürcüstan ərazisində lokal münaqişələr üçün də stimul yarana bilər. “Gürcüstanda azərbaycanlıların və gürcülərin kompakt yaşadığı bölgələr var. Buna görə də lokal münaqişələr də mümkündür. Gürcüstan dolayısı ilə və ya birbaşa münaqişəyə cəlb ediləcək. Yeganə yol vasitəçi rolunu yetirməkdir”,-deyə M. Areşidze şərh edib.