Ermənistan artıq iyirmi ildən çoxdur ki, Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan ərazilərini işğal altında saxlayır. Dinc əhaliyə qarşı soyqırım törədib, xalqımıza qarşı etnik təmizləmə siyasəti aparıb, beynəlxalq normaları pozub, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra etməyib. Yəni, heç bir başqa buna oxşar halda bu qədər ədalətsizlik və qanun pozuntusu olmayıb. Digər beynəlxalq təşkilatların - Avropa Şurası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələrinə əməl olunmayıb. Nəticə etibarilə Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparan Ermənistana qarşı beynəlxalq sanksiya tətbiq olunmur. ABŞ və Qərb dairələri isə məsələyə ikili standartla yanaşaraq Azərbaycanın haqlı mövqeyini dəstəkləmirlər. İşğalçı ölkəni hər hansı bir formada cəzalandırılmaq yerinə, sərsəm bəyanatlar verərək məsələnin həll prosesinə mane olurlar.
Bir neçə ay öncə Böyük Britaniya Parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvü Deyvid Deyvis Qərb dövlətlərinin liderlərinin Ukraynanın ərazi bütövlüyünə göstərdikləri kəskin dəstəyin Azərbaycana göstərilməməsi və Dağlıq Qarabağ məsələsində ikili standart siyasətinin yürüdüldüyünü etiraf etməsi beynəlxalq dairələrin ciddi bir məsələyə verdiyi ədalətsiz və yanlış qiyməti göstərir.
Bu barədə "525"ə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu qeyd edib ki, ABŞ, Qərb dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsində son hadisələrdə açıq-aşkar ermənipərəst mövqedə dayandıqlarını göstərdilər: "ABŞ-ın Ermənistandakı səfiri deyib ki, prezidentlərin Soçi görüşündə Minsk qurpunun həmsədrləri iştirak etməyəcək. Buna əsas kimi Rusiyanın münaqişəni tənzimləmək ixtidarında olduğunu gətirib. Rəsmi Moskva münaqişənin həllində Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını əsas prinsip kimi götürməlidir. Ancaq yada salsaq ki, mayın 9-da ABŞ bəyanat verib ki, əvvəlcə Dağlıq Qarabağ ermənilərinə status verilməli və daha sonra ətraf rayonlar Azərbaycana qaytarılmalıdır. Mayın 12-də isə həmsədr ölkələrdən Rusiya və Fransa da bəyanat veriblər. Bu bəyanatda isə bildirilib ki, əvvəlcə Dağlıq Qarabağın ətrafındakı rayonlar Azərbaycana qaytarılmalı və sonra Dağlıq Qarabağın statusu həll olunmalı və bu prosesdə Dağlıq Qarabağ azərbaycanlıları da iştirak etməlidir. Bəyanatlardan da göründüyü kimi Amerika variantında status məsələsi yalnız Dağlıq Qarabağ erməniləri üçün nəzərdə tutulub. Bununla ABŞ ermənipərəst mövqedə dayandığını ortaya qoyub".
Bir neçə gün öncə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yol ilə həll olunmalıdır.
M.Əhmədoğlu hesab edir ki, bu da açıq-aşkar Ermənistanın mövqeyini dəstəkləməkdir: "Çünki Ermənistan torpaqları işğal edərək öz əlində saxlayıb. Donuza kiş deməklə darıdan çıxmayacaq. Yəni, onsuzda torpaqlar işğalçılardadır, müharibənin olmaması da onlara olduqca sərf edir. Ermənistana sülh danışıqları lazımdır ki, ABŞ-ın, Qərb dövlətlərinin köməyi ilə məsələni istədiyi qədər uzatsın".
Politoloq onu da əlavə edib ki, NATO-nun baş katibi Rasmussen bir neçə gün əvvəl Dağlıq Qarabağ münaqişəsinin yenidən qızğınlaşdığı bir vaxtda Rusiya əleyhinə bəyanat verib: "Rasmussen Rusiyanı ittiham edərək deyib ki, Rəsmi Moskva Ukrayna, Gürcüstan və Moldovada münaqişələri qızışdımaqla məşğuldur. Ukrayna hadisələrinin gərgin bir vaxtı olduğu üçün bu ölkənin adını çəkməyi başa düşmək olar, ancaq məsələyə digər iki ölkənin adını hallandırdığı halda Azərbaycanı bu siyahıya aid etməməsi NATO-nun ermənipərəst mövqedə dayandığnı göstərir. Rusiyalı ekspert Maksim Şevçenko isə açıq şəkildə etiraf edib ki, Dağlıq Qarabağda son zamanlar vəziyyəti qızışdıran Rusiyadır. Rasmussen isə rusların etiraf etdiyi bir həqiqəti dilinə gətimək istəmir. Hesab edirəm ki, son dövrlərdə ABŞ və Qərb dairələri məsələyə ikili standartlarla yanaşmaqdan əl çəkərək açıq şəkildə ermənipərəst mövqedə dayanmağa başlayıblar".
Bu gün Azərbaycanın düzgün taktika seçdiyini bildirən M.Əhmədoğlu deyib ki, rəsmi Bakı beynəlxalq aləmi ikili standartlarda günahlandırmaqla bərabər onlara çağırış edir ki, ermənipərəstlikdən əl çəkərək gəlib məsələyə düzgün qiymət versinlər: "Məsələ ya dinc yolla həllini tapmalı, ya da ordumuzun gücünə arxalanmalıyıq. Soçi görüşündə məsələ həll olunmasa, Azərbaycan avtomat və pulemyotlardan atəş açmaqdan əl çəkəcək və daha ağır çaplı silahlardan və artileriyadan yararlanmağa başlayacaq. Ona görə də beynəlxalq aləm məsələnin həllinə bu başdan yardım etməli, Azərbaycanı Ermənistanın əlindən xilas etməlidir. Çünki müharibə başlayarsa, təkcə Dağlıq Qarabağ azad olmayacaq, həm də Ermənistan dövlətinin mövcudluğu sual altında qalacaq".
Azərbaycanda cüzi hadisələrə ciddi diqqət ayıran, şişirdilmiş bəyanatlar verən HRW, Freedom House, Amnesty İnternational və digər təşkilatların fəaliyyətini ölkəmizə qarşı yanaşmada ikili standartlar tətbiq etdiklərini deyən Beynəlxalq Münasibətlərin Araşdırması Mərkəzinin sədri Rufiz Qonaqov qeyd edib ki, biz dəfələrlə bildirmişik ki, Qərb institutları və beynəlxalq qurumlar Azərbaycanda insan hüquqları, media azadlığı və digər məsələlərlə bağlı qərəzli mövqe tutub və ölkəmizə qarşı ayrıseçkilik edirlər: "Bu gün ölkəmizdə hər hansı bir hüquq müdafiəçisi və yaxud media sahəsində çalışanların ciddi bir problemi yoxdur. Əgər kimsə qrantlar alıb dövlətdən gizlədirsə, dövlətin qanunlarına əməl etmirsə və yaxud da vergilərdən yayınırsa buna qarşı əlbəttə ki, ölçü götürülməlidir. Qərb ölkələrində də belə hallar həddən artıqdır. Bu məsələni şişirdib Azərbaycanla bağlı gündəmə gətirmək düzgün deyil. Tutduğu vəzifədən asılı olmayaraq hamı qanun qarşısında bərabərdir və həmin qanunlara riayət etməlidir. Yaxşı olar ki, bu qurumlar öz prinsiplərinə düzgün əməl etsinlər. Onlar doğrudan da demokratiyadan, söz azadlığından, insan haqlarından danışırlarsa, bir sıra regionlarda baş verən hadisələrə olduğu kimi Azərbaycanın da daxili məsələlərinə hörmət etsinlər və hadisələrə düzgün qiymət versinlər. Son günlər erməni silahlı qüvvələrinin atəşkəs rejiminə əməl etməməsi onlara qarşı da adekvat cavab verilməsini tələb edir. Buna görə də Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır".
Politoloq R.Qonaqov tərəflərin Soçi görüşü ilə bağlı fikirlərini bildirərək qeyd edib ki, Rusiyanın vasitəçiliyi ilə nəzərdə tutulan görüş Azərbaycan və Ermənistan prezidentləri üçün çox gərgin keçəcək. O, hesab edir ki, əsas da bu gərginlik Ermənistan üçün olacaq: "Rəsmi Yerevan axırıncı olaylardan sonra öz tutarlı cavabını alaraq xeyli itki verdi və bir çox hallarda da öz mövqelərindən geri çəkilmək məcburiyyətində qalırlar. Belə bir şəraitdə Sarkisyanın üzünü Avropaya tutması onu göstərir ki, artıq Ermənistan Rusiyadan da gözlədiyi dəstəyi ala bilmir. Həmçinin şimal qonşularımız Azərbaycanla heç vaxt təzyiq dili ilə danışan deyil. Çünki dövlətlərimiz arasında uğurlu ikitərəfli əlaqələr var. Ona görə də bu vəziyyət Ermənistan üçün ciddi bir sınaq olacaq və Azərbaycan prezidenti bu görüşdə də həmişəki prinsipial mövqeyini ortaya qoyacaq ki, ya qısa zamanda torpaqlarımız işğaldan azad olunmalı, ya da hərbi əməliyyatlar yolundan başqa bizdə seçim qalmayacaq. Ermənistan Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıyla bağlı hər hansı bir addım atmayacaqsa, bu görüş nəticəsiz bitəcək. Eyni zamanda Rusiya prezidenti çalışacaq ki, tərəfləri müəyyən razılığa gətirə bilsin ki, növbəti mərhələdə bunu danışıqlar masasında davam etdirə bilsin".
Ceyhun ABASOV