- Bəxtiyar müəllim, son illər elə həm ictimai müzakirələrdə, həm parlamentdə gedən fikir mübadilələrində yer, küçə, müəssisə, xüsusilə, şadlıq evləri, restoran və bahalı market və supermarketlərin adlarının Azərbaycan adları ilə uyğun gəlməməsindən, onların adlarının çox zaman öz dilimizdə deyil, əsasən əcnəbi dillərdə yazılmasından şikayətlər, narazılıqlar səslənsə də, bu yöndə problemlər qalmaqda, əksinə gündən-günə daha da artmaqdadır. Sizcə, bu məsələlərin həlli, tənzimlənməsi ilə bağlı qanunvericilikdə daha ciddi sərtləşdirmənin nəzərdə tutulmasının artıq vaxtı, zamanı deyilmi?
- Hesab edirəm ki, zamanıdır və özü də bu barədə dəfələrlə deyilir, yazılır. Bu sahədə elə deyim ki, ən çox danışan da, yazan da jurnalistlərdir, qəzetçilərdir. Hərdən saytlarda da bu cür məsələlərə yer ayrılır. Vallah, bəzən elə bir küçəyə gedib çıxırsan ki, heç bilmirsən ki, bura Azərbaycandır, ya yox... Mənasını bilmədikləri adları həmin küçədə yerləşən hansısa obyektlərə qoyurlar. Deyir, kasıb itinin adını gümüş qoyan kimi, indi bəziləri ingiliscə bir kəlmə olsun danışa bilmir, amma götürüb obyektinə bir ingilis sözü ilə başlayan ad qoyur, nə oxumaq olur, nə yadda saxlamaq olur, nə də mənasını bilirsən. Ümumiyyətlə, adlarla bağlı məsələ parlamentin Mədəniyyət komitəsində bilmirəm hansı mərhələdədir, amma bu məsələ xeyli vaxtdır ortadadır, söhbət də burada uşaqlara ad qoyulanda VVAQ-lar üçün adların təklif olunma siyahısından gedir . Yəni, onun vasitəsilə o kitabdakı o ad yoxdur, artıq VVAQ-lar o adları artıq yeni doğulan uşaqlara verməyəcəklər. İndi burada müəyyən mənada bir az zorakılıq olsa belə, əslində, bundan başqa çıxış yolu da yoxdur. Vaxtı ilə sovetlər dövründə Kombayn, Vaenkom, nə bilim Marks, Engels, Lenin kimi o qədər adlar qoyulub ki, adamda indi gülüş doğurur. Ancaq bu azmış kimi indi yenə bir də görürsən, bir valideyn ağlına bir şey gəlir, gətirir onu övladına qoyur. Onun xəcalətini isə valideyndən çox övladı çəkir. Çünki ömrü boyu hamı deyir, ə, bu nə addır qoyublar sənə. Amma valideynə deyən yoxdur ki, bu nə addır övladına qoymusan. Yəni, bunun qarşısı bu yolla alına bilər və çalışacağıq ki, alına. İndi yaxşı elə hər bir sahə üzrə Milli Məclis siyahı çıxarmalıdır ki, hansı adı qoymaq olar, hansı adı yox? Oralarda - VVAQ-larda da savadlı adamlar olsun, onlarda da müstəqil Azərbaycan dövlətinin vətəndaşı kimi bir vətənpərvərliyi olan, bir milli heysiyyəti güclü olan insanlar otursun. Hesab edirəm burada da bir prinsipiallıq lazımdır, burada da bir qətiyyət lazımdır. Digər tərəfdən, axı, "Reklam haqqında" qanun qəbul etmişik. Həmin qanunda da o cür adları qadağan etmişik, yəni, əcnəbi adları, sonra mənası bilinməyən, aydın olmayan adları. Müvafiq qurumlar, reklamlara baxanlar var, nəzarət etməlidirlər. Niyə gedib tələb etmirlər, niyə dəyişdirmirlər? İndi biri tutaq ki, icazə verib bir səhv edib, bunda da marağı olub-olmayıb, onu deyə bilmərik, amma əgər artıq bu fakt varsa və qanun sənə icazə verirsə ki, bu iş, bu vəzifə sənin öhdənə qoyulub, get məşğul ol da, niyə olmursan? Ancaq bunlar elə məsələlərdir ki, burada tək qanunla hər şeyi tənzimləmək mümkün deyil, bir nəfər buna baxsın, etsin, belə olmaz, biz özümüz də imtina etməliyik. Biz özümüz də elə obyektlərə girəndə hər dəfə deməliyik ki, ay kişi, bu nədi, düzgün ad qoymamısan. Amma o adı qeydiyyata alanlar və ona nəzarət etməli olanlar, bax, bunlardan tələb etmək lazımdır ilk növbədə. Mən belə hesab edirəm. Belə olsa, yəni tələbkarlıq olsa və o cür adlar artıq ləğv olunsa, təzələrində əndrabadi adlar qoymaq istəyi aradan qalxar.
- Adlardan söz düşmüşkən, son illər o da müşahidə olunmaqdadır ki, yeni doğulan uşaqlara daha çox əcnəbi-ispan, italyan, ingilis mənşəli adlar və yaxud da , müqəddəs dinimiz İslam dini və onun müqəddəsləri ilə bağlı olan dini adlar qoyulur...
- Bu ad məsələsi elədir ki, burada bir az dəb də müəyyən rol oynayır. Misal üçün, müəyyən bir dövrdə, deməli, valideynlər Günel və Toğrul adlarını uşaqlarına daha çox qoyurdu. Müəyyən dövrdə Tural adı da dəb oldu. Eyni zamanda, sovetlər dövründə tutaq ki, Aydın adı, Oqtay adı daha çox dəb idi. Yəni, məşhur əsərlərdən irəli gələn adlar idi. Yəni, bundan qaçmaq olmur. İndi VVAQ büroları ki var, onlar da deyə bilməz ki, sən bunu qoyma, bunu qoy, həm kitabda bu adlar var, həm də normal adlardır. Yeri gəlmişkən, son dövrdə də hesablamışdılar ki, oğlan uşaqlarına ən çox qoyulan ad Yusif adıdır. Qızlara isə ən çox qoyulan adı Fatimədir, Zəhradır, yəni, Fatimeyi-Zəhranın adından. Indi burada həm bizim dinimizə qayıdış var, həm də o adlar dinimizin, dilimizin tələblərinə uyğun olan adlardır. Amma yenə deyirəm ki, görünür, bu məsələdə də heç cür dəbdən qaçmaq mümkün deyil. Həmişə belə axın olub. Misal üçün 80-ci illərdə Toğrul və Günel adlar çox dəbdəydi, şəxsən elə mənim oğlumun adı Toğrul, qızımın adı Güneldir. Oğlumun adını özüm qoymuşam, qızımın adını nənəsigil. O vaxt qızım dünyaya gələndə dedim ki, nənəsigil nə istəyirlər, qoysunlar, onlar da gəlib Günel adını qoydular. Mən özüm də bu dəbə getmişəm. Eyni zamanda, o illər - 80-ci illər müstəqillik hərəkatı illəri idi, bir az da Türkiyə ilə əlaqələrimiz var idi, türk adlarına meyllilik mövcud idi. Bir az da bunu vətənpərvərlik kimi fikirləşirdik ki, hə, niyə başqa mənşəli adlar olsun, qoy elə türk mənşəli adlar olsun. Amma hər halda o əcayib-qərayib adlardansa, bayaq xatırlatdığım, elə qoy bu müqəddəslərin adı olsun. Elə dədə-babadan da götürəndə hansısa bir nəsildə Əli adı olmaya, Həsən-Hüseyn olmaya, Məhəmməd adı olmaya, bu, mümkün deyil. Elə axtaranda görürsən, ulu babalarımız, əmilərimiz, dayılarımızdan biri çıxır. Yəni, bu, qədim adlardır. Ona görə də mən buna bir az normal baxıram. Digər tərəfdən də, indi türk adlarından bir az dini adlara qayıtmışıq. Müəyyən dövrdən sonra görək nə dəbə minəcək? Hər halda Allah balaların hamısını xoşbəxt etsin. Valideynlərə göz dolusu qismət etsin.
- Bəxtiyar müəllim, yeri gəlmişkən, soyadların, soyad sonluqlarının milliləşdirilməsi məsələsi ilə, bu yöndə uzun illərdən bəri davam edən müzakirələrlə, təklif olunan variantlarla bağlı nə deyərdiniz? Burada da artıq müvafiq qanunun qəbulu və həmin qanunun öz gücünü ortaya qoyması zamanı yetişməyibmi?
- Hər şeyi qanunun əli ilə, zorla etmək, çərçivəyə salmaq bir az düz gəlmir. Məsələn, lap əvvəldən - 1992-ci ildən icazə verdilər ki, "ov", "yev", "ova", "yeva" soyadlarını "lı", "li", "lü", "lu" etsinlər. Yəni, o vaxtdan bu məsələdə elə də bir problem yoxdur. Ancaq mənim heç vaxt "ov"u dəyişmək fikrim yoxdur, əvvəldən belə gəlmişəm - Bəxtiyar Sadıqov. Jurnalistlik imzamız olub, özü də ictimai imzadır bizim imza. Hardasa bir müəssisənin "vedmostunda" - əmək haqqı cədvəlində olan imza deyil. Ona görə şəxsən mən onu - "ov"-u dəyişmək fikrində deyiləm. Özüm də belə alışmışam. Dəyişmək istəyənlər isə indiyə kimi ediblər. Ancaq hesab edirəm ki, burada da bir az maarifləndirmə, bir az izah, bir az insanları başa salmaq olmalıdır ki, heç olmasa indi doğulan uşaqların familiyaları, soyadları dilimizin qayda-qanununa uyğun olsun. Yəni, bunu elə ki, müzakirə predmetinə çevirirsən, o zaman başlayır hay-həşir, mübahisə və sair. Onun- hər bir "zadə"nin də, ondan sonra "ov"unun da, o birisinin də, bu birisinin də tərəfdarları və əleyhdarları olur. Lap Milli Məclisdə saatlarla müzakirə, mübahisə gedir, yenə deyirlər ki, qoy bircə formada olsun. Sadəcə, burada bir az zaman, dövr lazımdır. Zaman, dövr özü tənzimləyəcək. Burada mən elə böyük bir problem və ya tələskənliyə ehtiyac görmürəm. Mənimçün ən önəmlisi o əcnəbi adların o obyektlərə qoyulmasıdır. Şəhərin küçələri ilə gedəndə başa düşmədiyiniz adlardan, mən onlara mənasız adlar deyirəm, yəni, mənasını başa düşmürəmsə, mənim üçün o mənasız addır, birinci, növbədə çəkinmək lazımdır. Soyad məsələsini isə buraxaq bir az biz jurnalistlərə, insanları yönəldək, çalışaq ki, müəyyən yazılarla, telekanallarda gedən proqramlar vasitəsi ilə onları maarifləndirək.
Telekanallarda şou-biznesin o ənənəvi dartışma-çəkişmələrindənsə, bax, bu cür müzakirələr aparıb insanları istiqamətləndirmək daha vacibdir. Bax belə olsa, bu da özü ictimai şəkildə tənzimlənər. Yəni, ən düzgün yolu da bu ictimai tənzimləmə hesab edirəm..
Kamil HƏMZƏOĞLU