Bu yaxınlarda İsveçrənin Peter Lang nəşriyyatinda “Archetypes in Literatures and Cultures” (“Ədəbiyyatlarda və mədəniyyətlərdə arxetiplər”) elmi toplusu nəşr olunub.
525.az-ın məlumatına görə, kitabın ön sözünün müəllifləri Bakı Slavyan Universitetinin rektoru prof. Kamal Abdullayev və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasinin sədri prof. Rəhilə Qeybullayevadır. Kitabda Azərbaycan, Avstraliya, İsveç, Hollandiya, İngiltərə, ABŞ, Ərəb Əmirlikləri, Bolqaristan, Rusiya, Qazaxstan, Gürcüstan alimlərinin da məqalələləri yer alıb.
Mötəbər akademik nəşriyyatı tərəfindən çap edilmiş bu kitab Bakı Slavyan Universiteti və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiyasının 22-23 oktyabr 2010-cu il tarixində keçirdikləri “Müqayisəli ədəbiyyat və mədəniyyət: ədəbiyyatlarda və mədəniyyətlərdə arxetiplər”” adlı beynəlxalq konfransının materialları əsasında müvafiq əlavə materiallar cəlb olunmaqla tərtib edilib. Qeyd edək ki, sözügedən konfrans “Milli ədəbiyyat və mədəniyyət meyarları” layihəsinin davamı kimi nəzərdə tutulmuşdu.
Tədqiqat suallarının diapazonu müxtəlif tarixi dövrləri və humanitar elmlərin müxtəlif sahələrini, ənənəvi və yeni arxetiplərin müəlliflər tərəfindən fərqli milli ədəbiyyatlarda və situasiyalarda istifadə olunması kimi məsələləri əhatə edir. Məsələn, Romeo və Cülyetta süjeti ingilis və İtaliya dramaturqlarının, Leyli və Məcnun süjeti Azərbaycan, fars, özbək şairlərinin, doktor Faust alman və ingilis müəlliflərinin, Bibliya süjetləri Azərbaycan, rus və qırğız yazıçılarının, Pinokkio-Buratino italyan və ingilis müəlliflərinin, Vinni Pux ingilis və rus yazıçılarının əsərlərində necə canlandırılır; Çətin sinaqların, qəhrəmanın sehirli gücünün vacib olduğu eposun, nağılın “milli mənsubiyyəti” hansı parametrlərlə müəyyən edilməlidir; Amerikalı müəllifin Mövlana şeirinə yazdıgı müsiqinın “milli mənsubiyyəti” haqda nə demək olar ; Azərbaycanlıların və farsların iddia etdikləri Bayatı-Şiraz muğam motivi ilə alman bəstəkarı İohan Baxın musiqisi necə identifikasiya edilir; Əsərlərin tərcüməsı motivlərin miqrasiyasına hansı təsirləri göstərir; Hind eposu “Panchatatra”nın sərbəst ərəb tərcüməsi olan “Kəlilə və Dimnənin” “milliyyətini” necə müəyyən etməli?
Tədqiqat işlərində arxetiplərin daim dəyişən formalarının miqrasiya edən motivdən, mifdən ədəbiyyat əsərinə, fan-fiction-a, folklordan yazılı mətnə, filmə, musiqiyə və s. keçərək hipermətn yaratması məsələləri də araşdırılır. Kitabın nəşri layihəsi, redaktəsi, o cümlədən ingiliscəyə tərcüməsi, qərb akademik elmi standarlarına uyğunlaşdırılması prof. Rəhilə Qeybullayeva (Azərbaycan), Sevinc Baxış və İzabella Horvatt (ABŞ) tərəfindən həyata keçirilib.