“ABŞ 31 iyulda təmas xəttində böyük itkilərə səbəb olan zorakılığı ciddi şəkildə pisləyir. Biz həlak olanların ailələrinə başsağlığı veririk və tərəfləri gərginliyi azaltmaq və atəşkəs rejiminə hörmət etmək üçün təcili tədbirlər görməyə çağırırıq”.
APA-nın xəbərinə görə, bu bəyanatı ABŞ-ın ATƏT-dəki müvəqqəti işlər vəkili Harri Robins verib. O bildirib ki, ABŞ Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli üçün tərəflərə yardım etmək siyasətinə sadiqdir.
Diplomat bəyan edib ki, münaqişənin hərbi yolla həlli mümkün deyil: “İntiqam, hücumlar, zorakılıqlar, provokasion bəyanatlar münaqişənin həllini yalnız çətinləşdirə bilər. Ona görə də biz liderləri sülhə kömək edəcək atmosfer yaratmağa çağırırıq. Biz Soçi görüşünü və prezidentlərin münaqişəni sülh yolu ilə həll etmək, dialoqu davam etdirmək yönündə qərarını alqışlayırıq. Tərəfləri siyasi iradə taparaq struktur danışıqlar prosesinə daxil olmağa və diqqətlərini sülhün bölgəyə gətirəcəyi üstünlüklərə cəmləşdirməyə səsləyirik”.