Ruhlar kütləşdikdə bütlərə ibadət edir.
Eduard Şyure
Dünyanın ən möhtəşəm dinlərindən olan İslam əksəriyyəti köçəri və yarımköçəri qəbilələr olub səhralarda yaşayan, yalnız az bir qismi oturaq həyat tərzi keçirən ərəb qəbilələri arasında meydana gəlmişdir. Qonşu xalqlar onlara “ərəb”, yəni “çöl adamı”, “səhra adamı” desələr də, onlar bir-birlərini qəbilə və tayfa adları ilə adlandırırdılar. Daim bir-biri ilə otlaq və su hövzələri üstündə dava edən bu tayfalar qonşu xalqlar tərəfindən vahid bir etnosun nümayəndəsi hesab edilmələrinə baxmayaraq, qəbilələrinə o qədər bağlı idilər ki, qonşu qəbilələrlə öz aralarında bənzərlikdən daha çox fərqli cəhətlər görürdülər. Məsələn, şimal ərəbləri olan ədnanilər cənub ərəbləri olan himyərlərin dilinin də, yazısının da çox fərqli olmasını söyləyirdilər. Bununla belə, qureyş ləhcəsi əsasında bərqərar olmuş vahid ədəbi dilin mövcudluğu, inanc sistemindəki bənzərliklər, həyat tərzinin, yaşayış resurslarının, adət-ənənələrin oxşarlığı etnik özünüdərk prosesində öz işini görməkdə idi. Bütün bunlar İslamdan sonra ayrı-ayrı qəbilələrin bir ümmət olaraq birləşməsində mühüm amillərdən oldu. Fransız şərqşünası Dozinin sözləri ilə desək, “bu xalq dünyada Bizans İmperiyası və Sasanilər İranı kimi iki qüdrətli dövlətin hegemonluq etdiyi bir zamanda indiyədək o qədər də tanınmayan səhralardan baş qaldırıb dünya səhnəsinə çıxmışdır. Əvvəllər bu xalq daim bir-biri ilə müharibələr aparan köçəri qəbilələrdən ibarət idi. İndi onlar ilk dəfə birləşmişdilər. Bu azadlıqsevər xalq öz həyat tərzinin, geyiminin, hətta yeməyinin belə sadəliyi ilə seçilirdi. Bu alicənab, qonaqpərvər, ağıllı və nikbin, eyni zamanda məğrur və çılğın, yeri gələndə qisas almağı bacaran, barışmaz və qəddar olan bir xalq idi. Tarix səhnəsində baş qaldırmaqla bir an içərisində fars imperiyasını süquta uğradıb bizanslıların ən yaxşı əyalətlərini ələ keçirmişdir. Lakin bu xalq heç də adi işğalçı xalq olmayıb həm də təmiz monoteist bir dinin daşıyıcısı idi. Elə bir dinin ki, milyonlarla insan onu qəbul edib iman gətirmişdir”.
Ərəblərin islamaqədərki dini təsəvvürləri müxtəlif dini etiqadların çuğlaşması, politeizmin bütpərəstlik şəklində geniş vüsət tapması, yəhudilik və xristianlıq kimi monoteist dinlərin müxtəlif cərəyanlarının zərdüştlüyün dualizmi və sabiliyin astral ibadətləri ilə qarışması, ən nəhayət, cəmiyyətdə tutarlı mövqeləri olmasa da, təkallahlılıq ideyalarının etibarlı mühafizəçiləri kimi tanınmış həniflərin fikir və düşüncələrinin, zəif şəkildə olsa da, yayılması fonunda olduqca rəngarəng təsir bağışlayırdı.
Qurani Kərimdə ərəblərin islamaqədərki tarixi “cahiliyyət”, yəni “islami biliklərdən xəbərsizlik” dövrü adlanmışdır (Q. 3:154; 5:50; 33:33; 48:26). Cahiliyyət ərəblərinin çoxcəhətli inanc, ayin və ibadətləri arasında əsas yeri bütpərəstlik tuturdu. Qeyd etmək lazımdır ki, İslamın yaranması ilə ərəb dini fikir və düşüncə tarixində öz mövqeyini itirmiş bütpərəstlik yeni yaranmış din tərəfindən qətiyyət və amansızlıqla rədd edildiyindən Orta əsrlər ərəb mənbələrində ərəblərin qədim dini təsəvvürləri ilə bağlı məlumatlar olduqca azdır. Cahiliyyət poeziyasında, tarix, coğrafiya və s. elm sahələrinə dair Orta əsr mənbələrində hifz olunmuş dağınıq məlumatlardan başqa, ayrıca olaraq bütlərə həsr edilmiş üç əsərin olması da qeyd edilir. Hər üçü «Kitəbul-əsnam» (Bütlər haqqında kitab) adlanan bu əsərlər İbn Fudeyl (miladi 803-də vəfat edib) Hişam ibn Məhəmməd əl-Kəlbi (miladi 819-da vəfat edib) və Əbu Osman əl-Cahizə (miladi 868 vəfat edib) məxsus olmuş, İbn Fudeyl və əl-Cahizin əsərləri itib-batmış, yalnız Hişam ibn əl-Kəlbinin kitabı zəmanəmizədək gəlib çatmışdır.
İbn əl-Kəlbinin «Kitəbul-əsnam» əsərində, bir sıra Orta əsr ərəb mənbələrində, eləcə də cahiliyyət ərəblərinin mənəvi durumuna həsr edilmiş bir sıra tədqiqatlarda bütpərəstliyin öz inkişafında bir sıra mərhələlərdən keçməsi göstərilir. Orta əsr mənbələrində, bir qayda olaraq, bütpərəstlik monoteist düşüncənin təhriflərə uğraması kimi başa düşülür, yəni bir zamanlar İbrahimin hənif dininə etiqad edən ərəblərin sonradan Allaha şərik qoşması qeyd edilir. Son tədqiqatlarda isə, bütpərəslik Ərəbistan yarımadasında primitiv animizm və fetişizmin inkişaf etmiş politeizmə çevrilməsi kimi təqdim edilir.
Dini inancların inkişafında ilkin mərhələ daşlar, ağaclar, mağaralar, bulaqlar və s. kimi maddi əşyaların və yerlərin müqəddəsləşdirilib ibadət edilməsi idi. Bütün bunlar bədəvi ərəbin gündəlik həyatında rastlaşdığı, bəhrələndiyi əşyalar idi. Məsələn, bədəvi ərəblər səhralarda qızmar günəş şüalarından və düşmənlərdən qorunmaq üçün mağaralara sığınırdılar. Ərəbistan yarımadasında mağara həm sakral, həm də profanik xarakter daşımış, insanlara gündəlik həyatla bağlı praktik ehtiyacları ilə yanaşı, mistik meditasiyalar üçün də lazım olmuşdur Məhəmməd peyğəmbərin (s.ə.s) sirəsindən onun Hirə mağarasına çəkilib meditasiyalara qapılması məlumdur.
Sonradan Qurani Kərimdə mağara anlamının (Kəhf surəsi) Platonun mağara alleqoriyası ilə səsləşməsi diqqəti cəlb edir və Islam mistisizmində mağaraya xüsusi önəm verilir.
Bulaqlara gəlincə, onlar, demək olar ki, çayların olmadığı və uzun müddət yağış üzünə həsrət qalan ucsuz-bucaqsız səhralarda əsil həyat mənbəyi idi. Bu səbəbdən də, ərəbin möcüzəsi, duası su ilə, bulaqla bağlı olmuşdur. Ərəblər arasında yağış duaları (istisqa) geniş yayılmışdır. Onlar özlərinə “əbnə məi-s-səma” (göydən yağan suyun övladları) demişlər. Əgər Mesopotamiyada, Misirdə və digər ərazilərdə çaylar, okeanlar müqəddəs sayılırdısa, həyatın okean dibindən qaynadığı düşünülürdüsə, suyun qıt olduğu Ərəbistanda məhz yağış damlası ilkin nütfəvari maddə, həyatın başlanğıcı hesab edilirdi. Sufizmdə övliyaların minik heyvanının ayağının altından bulaqların fəvvarə vurması və yaxud onların bulaq tapması kəramət sayılıb. Bu cür fövqəladə halların İslamdan öncə baş verməsi də rəvayət edilir; Peyğəmbərin babası Əbdülmüttəlibin dəvəsinin ayaqları altından bulaq qaynaması, və yaxud onun Zəmzəm bulağının gözünü açması buna misal ola bilər (İbn Hişam, “Sirətun-nəbi”).
Ərəblər cansız əşyaları və məfhumları canlı hesab edirdilər. İnancın bu növü animizm adlanır. İnsan, adətən, bu varlıqlarda onları faydalı edən ruhların mövcudluğuna inanırdı. Ola bilsin ki, bədəvi ərəb müqəddəs bildiyi bu əşyalara daimi şəkildə ibadət etməmişdir, lakin onların müqəddəsləşdirilməsi Hicazda əl-Lat, əl-Uzza, Mənat, Bəəl kimi bütlərin ibadətinə gətirib çıxarmış, dini təsəvvürlərinin inkişafında daha yüksək mərhələyə keçid ilə həmin əşyalara mücərrəd qüvvələr kimi ibadət edilmişdir.
Ərəblərin bütpərəstliklə bağlı etiqadlarında totemizmin izləri də güclü olub. Xüsusilə Yəmən panteonunda bir çox allahların heyvanlarla əlaqələndirilməsi müşahidə olunur. Astar – ceyran, əl-Məhak – vəhşi qoyun, Vadd – ilan, Sin – öküzlə əlaqələndirilirdi. Bəzi ərəb qəbilələrinin heyvan adları ilə adlandırılmasında da, (məs: Bənu Kəlb-It oğulları, Bənu Əsəd-Şir oğulları Bənu Sələb-Tülkü oğulları və s), totemizmin izlərini görmək mümkündür.
Səhra ərəbləri üçün ağacların, xüsusilə meyvəsindən başlıca qida məhsulu kimi istifadə edilən xurma ağacının böyük faydası var idi. Səhra ağaclarının gövdə və budaqları deyil, kökləri güclü olduğundan, agac kökü ərəbin təsəvvüründə dünya ağacı arxetipini əvəz etmiş, onlar ilk insanın yerin dərinliklərinə gedib çıxan kökdən (irq as-səra) yaranmasına inanmışlar.
Bütlər, sənəmlər və şəkillər
Qumsal səhralarda ara-sıra rast gəlinən daşlar daha cəlbedici idi. Xüsusilə, əgər daşlar öz rəngi ilə səhranın adət edilmiş boz rəngindən fərqlənərsə, ucsuz-bucaqsız səhralarda daim bir-birinə bənzəyən yolları qarışıq salmamaq üçün praktik əhəmiyyət kəsb edirdi. Xüsusilə qara daşlar və yaxud ağappaq parlaq daşlar çox cəlbedici idi. Adətən, ərəblər səyahətə gedərkən özləri ilə dörd daş götürür, onlardan birinə ibadət edir, üçündən isə ocaq daşı kimi istifadə edirdilər.
Ərəblər daşlara o qədər bağlı idilər ki, ilk insanın daşdan, qayadan yaranması barədə miflər belə yaratmışlar. P. Qryazneviç Bənu Jəndəl, Bənu Saxr (Daş, Qaya oğulları) kimi qəbilə adlarında məhz bu miflərin izini görür.
Belə ki, səhra şəraitində insanın gildən, palçıqdan yaranması əvəzinə səhra ərəbinin hər gün gördüyü daşlar, qayalar, hətta qum yaradılışla bağlı miflərin əsasında dayanmışdır. T. Fəhd göstərir ki, daşlara olan bu marağa rəğmən ərəblərin nasab (cəmdə ənsab) adlandırdığı və ibadət etdiyi daşın bütə, heykələ çevrilməsi prosesi xeyli vaxt tələb etmiş, Hicazda ancaq eramızın 3-cü əsrindən etibarən Nabati və Assuriya mədəniyyətlərinin və inanclarının təsiri ilə daşdan yonulmuş bütlər – heykəllər yaranmışdır. “Büt” fars sözüdür. Ərəblər daş bütləri nasab (ənsab), heykəl formasında olan bütləri isə sanəm (əsnam) və vasən (ausən) adlandırırdılar. Nasab bir çox hallarda xüsusi bir tərzdə yonulub hazırlanır, onların özərində qurban kəsilirdi. «Sanəm» ağac, qızıl və gümüşdən insan surətində düzələn bütlər idi. Büt-heykəllər daşdan düzəldikdə isə, onları «vasən» adlandırırdılar. Bəzi Orta əsr müəllifiləri sənəmlərin taxtadan hazırlandığını bildirir. Ümumiyyətlə isə, hansı bütün sənəm, hansının vasən və ya nasab adlanması ilə bağlı konkret bir məlumat yoxdur. Bu barədə əsas mənbə olan “Kitabül-Əsnam”-da belə xəbərlər dolaşıqdır. Qurani-Kərimdə “sənəm” sözünə beş ayədə rast gəlinir (6:74; 7:138; 14:35; 21:57; 26:71). Təbəri sənəmin şəkil kimi bir heykəl (timsəl musavvar) olduğunu deyir. Kəbə məbədgahında saxlanılan Hübal insan şəklində olan bir heykəl idi. Sağ əli qırıldığından ona qızıldan əl düzəltmişdilər. Vadd adlanan büt də nəhəng bir insan heykəli idi. Onun əynində geyimi belə olmuş, çiyninə isə əba salınmışdı.
Ərəblər arasında büt yapmağı özünə peşə etmiş sənətkarlar da var idi. Onlar düzəltdikləri bütləri satmaq üçün obaları gəzir, bədəvi ərəblər bu bütləri alıb alaçıqlarında saxlayırdılar. İslamdan əvvəl, nəinki bədəvi ərəblər arasında, hətta Məkkədə belə elə bir ev tapmaq olmazdı ki, onun öz bütü olmasın.
Ayrıca olaraq, şəkillərə ibadət də mövcud idi. Kəbə məbədgahında hz. Məryəmin qucağıda körpə İsa əl-Məsihlə bir şəklinin olması cahiliyyət dövründə ərəblər arasında xristian ikonalarının mövcud olmasını da düşünməyə əsas verir. Məkkənin fəthi zamanı Kəbə bütxanasındakı bütün büt və şəkillər məhv edilmiş, amma peyğəmbərin göstərişi ilə həmin şəkil saxlanılmışdır. Şəklin X əsrdə Kəbəyə qərməti hücumu zamanı məhv edildiyi zənn edilir.
Çox güman ki, bədəvi ərəb bu cür ikonalarla bütlər arasında ciddi bir fərq görməmişlər. Ümumiyyətlə, bütlərin yalnız ərəbin dini düşüncəsini deyil, həm də onların mədəniyyət və incəsənətini, heykəltaraşlıq və rəssamlığını əks etdirdiyini nəzərə alsaq onların öyrənilməsinin nə qədər mühüm olduğunu zənn etmək olar.
Astral tanrılar
Səhra şəraitində yaşayan xalqların həyatında göy cisimləri olduqca mühüm yer tutur. Bundan əvvəl Sabiliklə bağlı yazımızda ərəblərin astroloji təsəvvürlərindən bəhs etmişdik. Gecənin sərinində yol gedərkən ulduzlara baxıb səmti müəyyənləşdirən ərəblərin bir sıra tanrıları göy cisimləri ilə bağlı idi. Kəbənin qədimdən Günəş tanrısının məbədgahı olması barədə fikirlər səslənməkdədir. Ərəblər arasında Abduşşəms (Günəşin bəndəsi) adının geniş yayılması da Günəş tanrısına ibadətlə bağlı idi. Nöldek ərəblərin Zarih adlı bütünün də Günəşlə əlaqəli olmasını bildirir.
Göy cisimləri ilə bağlı bəzi bütlər yaxın Şərqin astral allahlarının ipostası idi. Məsələn, əl-Əl-Uzza bütünün yunan mifologiyasındakı Veneranın (Afroditanın) ipostası olması bildirilir. Nöldek haqlı olaraq bildirir ki, illər boyu Əl-Uzzaya ibadət edən ərəblər yəqin ki, onun Venera ilə əlaqəli olmasının fərqinə belə varmırdılar, bəlkə də bu barədə aydın təsəvvürə belə malik deyildilər. Bununla belə, Nöldek tarixin qədim dövrlərində yunanlar və romalılar kimi, ərəblərin də Veneraya insan qurbanları verməsini zənn edir. Hər bir halda Məhəmmədin (s.ə.s.) atası Abdullanın qurban deyilməsi ilə bağlı rəvayətin müsəlman mənbələrində geniş yayılması həmin dövrdə insan qurbanlarının mövcud ola bilməsinə və yaxud bir neçə yüzillər öncə bu cür təcrübələrin tətbiqinin mümkünlüyünə işarə edir. Bununla belə, qız uşaqlarının diri-diri basdırılmasına Qurani Kərimdə işarə edilməsi (81:9), və “övladlarınızı kasıblıq qorxusundan məhv etməyin”,(17:31), yəni kasıblıqdan qurtarmaq üçün övladlarınızı bütlərə qurban kəsməyin deyilməsi cahiliyyət ərəblərinin də Yaxın Şərqin digər xalqları kimi insan qurbanları verməsinə dəlalət edir.
Ərəblər ulduz və planetlərin insan talelərinə təsirinə inanmış, ulduzları ya xoşbəxtlik gətirən, uğurlu (səd), ya da nəhs hesab etmişlər. Məsələn onların nəzərində Yupiter, Venera və Ay xoşbəxtlik gətirirdi. Günəş və Merkuri barədə ikili təsəvvür var idi. Saturn isə, birmənalı olaraq nəhs sayılırdı. Onlar hər insanın bir ulduzu olmasına inanır, ulduz axmasını bir insanın ömrünün sonu kimi başa düşürdülər. Ərəblər Ayla bağlı müşahidələr aparır, onun 28 fazasını öyrənib hər bir fazanın özünəxas cəhətləri olmasını bildirirdilər. Ərəb əlifbasında 28 hərfin olması da Ayın fazaları ilə əlaqələndirilirdi.
Ərəblərin astral təsəvvürlərində qövsü-quzehin xüsusi yeri var idi. Sözün mənası “Quzahın yayı” deməkdir.
Qədim ərəbistanda Quzah tufan tanrısı idi. Yaqışdan sonra səmada görsənən rəngbərəng yarımdairəvi təbiət hadisəsi olan qövsü-quzehin Quzahin yayı olması zənn edilirdi. İslamdan sonra bu təbiət hadisəsini Nuh peyğəmbərlə bağlayan deyimlər yayıldı.
Ərəblərin yerlə göyü birləşdirən mifik bir nərdivan, və ya ip barədə təsəvvürləri də var idi. Cahiliyyət şairi Zuheyr ibn Əbi Sulmə “İnsan nərdivanla göylərə qalxsa belə, ölümün kəməndindən qurtula bilməz”-deyirdi.
Mücərrəd tanrılar
Bəzi tanrılar abstrakt məfhumları ifadə edirdi. Ərəblər zərdüştlüklə bağlı zaman tanrısı olan Zurvana çox bənzər zaman-tale anlamına gələn dəhr barədə antropomorfik təsəvvürlərə malik idilər (Q. 14:23). Təbəri tarixində bəzi qəbilələrin dəhrə and içməsi bildirilir. Ola bilsin ki, onlar bəzən dəhri konkret bir tanrı hesab etmişlər. Amma cahiliyyət şerində dəhr tanrı olmaqdan daha çox antropomorfik bir obraz kimi canlanır. Ərəblər başlarına gələn müsibətləri “bənətud-dəhr” (dəhrin qızları) adlandırırdılar. “Gecələr hamilədir, səhər nə doğacaqları bilinmir”, deyən ərəblər qaranlıq, mübhəm gecələri də qadın cinsi ilə əlaqələndirirdilər. İslam yarandıqdan xeyli sonra sufilərin qadın elementinə tam fərqli bir baxışını görürük; ərəbcə “rəhm” sözü ana bətnini bildirdiyindən, bəzi sufilər Allahın “rəhm”lə eyni kökdən olan Rəhman və Rəhim adlarının qadın başlanğıcı ilə bağlı olmasını iddia etmişlər.
Mücərrəd məfhumlarla bağlı bütlər arasında Mənat xüsusi qeyd edilməlidir. Quranda “Nəcm” surəsində əl-Lat və əl-Uzza ilə yanaşı anılan Mənatın tale tanrısı olması zənn edilir. Mənat Məkkə və Yəsrib (Mədinə) arasında yerləşirdi. O, yunan-roma mifologiyasındakı Fortunaya yaxın bir tanrı idi. Palmirada Mənatın ipostası olan bütün əlində qələm tutması onun tale yazısı ilə bağlılığına dəlalət edir. İbn əl-Kəlbi göstərir ki, bütün ərəblər Mənatı müqəddəs sayıb qurbanlar verirdilər. Xüsusilə, Aus və Xəzrəc qəbilələri ona ibadətdə canfəşanlıq edirdilər.
Hətta Aus və Xəzrəc qəbiləsindən olanlar Kəbəyə həcc ziyarətinə gələrkən başqa zəvvarlar kimi başlarını qırxmaz, Minadan çıxıb Mənatın ibadətgahına gələr, burada başlarını qırxar və bir müddət qalıb ibadət edərdilər.
Ancaq bundan sonra onlar öz həcc ziyarətlərini bitmiş sayardılar. Peyğəmbər hicrətin 8-ci ili Mədinədən çıxıb Məkkəyə gələnədək Mənata ibadət edilmişdir. Peyğəmbərin Məkkə üzərində qələbə çaldığı həmin ildə o, hz. Əlini Mənatın üzərinə göndərmiş, Əli onu dağıdıb məbədgahdakı əşyaları Peyğəmbərə gətirmişdir. Bu əşyalar içərisində iki qılınc da olmuş, Peyğəmbər onlardan birini – Zülfiqarı Əliyə bağışlamışdır.
Bundan əlavə, ərəblərin Aud adlı bütü olmuşdur ki, o da zaman tanrısını bildirmişdir. Ayrıca olaraq, Ciddə yaxınlığında Səd adlı bir qayaya büt kimi ibadət edilmişdir. Səd bəxti gətirmək, xoşbəxtlik anlamına gəlir.
Əcdadlara sitayiş
Bəzi ərəb rəvayətlərində bütpərəstliyin əcdadlara sitayişlə əlaqədar yarandığına da işarə edilir. Məsələn, İbn Abbasa istinadən söylənilir ki, Şisin övladları Adəmin cəsədi olan mağaraya gəlib ona ibadət edərmişlər. Bu zaman Qabil övladlarından bir nəfər deyir: «Ey Qabil övladları! Şis övladlarının ətrafına dolanıb sitayiş etdikləri bir məzarları var. Bizim isə heç bir şeyimiz yoxdur». O, Qabil övladları üçün ibadət ediləcək bir büt düzəltdi. Həmin adam ilk büt düzəldən şəxs idi.
Əcdadların müqəddəsləşdirilməsi ilə bağlı bütlərə Nuhun hekayətində işarə edilir (Q. 71:23). Nuh qövmünün ibadət etdiyi bu bütlər sonralar ərəb qəbilələrinin bütlərinə çevrilmişdir. Vadd Bənu Kəlbin, Suva Hüzeylin, Yəğus Bənu Ğatifin, Yəuq Bənu Həmdanın, Nəsr isə himiyərlərin bütü olmuşdur. Rəvayətə görə, bu bütlər Nuh qövmündən çıxmış əməlisaleh beş kişini təmsil edirdilər. Onlar vəfat etdikdən sonra şeytan Nuh qövmünü yoldan azdırıb onların xatirəsinə bütlər yapıb ibadət etməyə sövq etmişdir. Kəbədə baş büt sayılan Hubəlı da bəzən əcdadlarla əlaqələndirirlər.
Cahiliyyət ərəbləri içərisində ölülərə, xüsusilə ulu babalara pərəstiş də güclü idi. M. Mahmudov göstərir ki, bədəvi ərəb heç vaxt qəbrin üstünü örtən qalağa bir parça daş və ya bir budaq əlavə etmədən bir qəbrin yanından ötüb keçməzdi. Adətən, ölü basdırıldığı zaman qurban kəsilirdi. Bu zaman qurban kəsilən dəvənin vətərlərini kəsib qəbrin üstünə qoyurdular. Görünür onlar ölünün bir zaman dirilib həmin dəvəni minəcəyini düşünürdülər. Bəzi bütlər elə ölülərin şərəfinə ibadət obyektinə çevrilmişlər. Rəvayətə görə, Səqif qəbiləsinə məxsus bir daş parçası üzərində (bu daş sonralar məşhur əl-Lat bütünə çevrilmişdir) bir kişi yaşayırmış. O, zəvvarlara yağ satırmış. Həmin kişi öləndən sonra Əmr ibn Lüheyy (Bu, Ərəbistanda bütpərəsliyə rəvac vermiş, Şamdan Məkkəyə bütlər gətirmiş bir şəxsdir.) dedi: «O ölməmişdir. O tanrı idi və indi həmin daş parçasının içində gizlənmişdir». Sonra o, camaatı bu daşa ibadətə çağırıb onun üstündə məbədgah tikdirdi (İbn əl-Kəlbi, Kitəbül-Əsnam).
Yuxarıda qeyd etdiyimiz kimi, bütpərəstliyin meydana gəlməsi ilə bağlı başqa bir mülahizəyə görə, ərəblər İbrahimin təkallahlılıq dinini qəbul etmiş, sonra onlar müşriklik yoluna qədəm qoymuşlar. İbn əl-Kəlbinin «Kitəbul-əsnam»ında bu proses belə təsvir edilir:
«İsmayıl ibn İbrahim əleyhissəlam Məkkədə məskən salarkən onun çoxsaylı nəsilləri yaranıb Məkkəni doldurur və əmalikləri (Əmaliklər Hicazda məskən salıb ərəbcə danışan ilk qəbilələrdən sayılırdı) ordan qovurlar. İsmayıl övladları artdıqca Məkkə onlar üçün darısqallıq edir. Onlar arasında düşmənçilik və çəkişmələr yaranır, bir-birini Məkkədən qovmağa başlayırlar. Qovulan nəsillər azuqə dalınca başqa yerlərə dağılışırlar. Onların heykəl və daşlara ibadət etmələrinə gəlincə, bunun səbəbi o idi ki, Müqəddəs Məsciddən yadigar kimi bir daş götürmədən heç kəs Məkkəni tərk etmirdi. Bu Məscidə olan hörmətin və Məkkə ilə bağlılığın əlaməti idi. Harda yaşayırlar-yaşasınlar, onlar bu daşı bir yerə qoyub Kəbə ətrafına təvaf etdikləri kimi, onun ətrafına dolanırdılar. Bununla belə, onlar Məkkə və Kəbəni müqəddəs bilib ora həcc və ümrə etməyi də unutmurdular. Bütün bunlar ona gətirib çıxardı ki, ərəblər əsil dinlərini unudub sonradan alışdıqları daşlara ibadət etməyə başladılar... Onlar Nuh əleyhissəlamın qövmünün ibadət etdiyi bütlərin də ibadətinə qayıtdılar».
Bəzən ərəblərin İbrahimin hənif dinindən, təkallahlılıqdan üz çevirib bütpərəstlik yoluna üz tutmasını konkret bir adamın – Əmr ibn Luheyyin adı ilə bağlayırlar. Deyilənə görə, o, xəstəliyi səbəbindən Suriyaya getmiş, burada bir isti mədən suyunun təsirindən sağalmış və yerli əhalinin bütlərə ibadətindən xoşlanıb qayıdarkən özü ilə Məkkəyə büt gətirib Kəbədə yerləşdirmişdir.
Ümumiyyətlə, ərəblər arasında İbrahimin hənifilik dininin yayılması və əsil hənifiliyin sonradan müşriklik yoluna qədəm qoymuş ərəblərin etiqadından əsaslı şəkildə fərqlənməsi ayrıca bir tədqiqat mövzusu olduğundan bu yazıda həmin məsələyə toxunmaq fikrindən uzağıq. Ancaq bir məsələni qeyd etmək istərdik ki, 360 bütün yerləşdiyi Kəbə ibadətgahında İbrahim peyğəmbərin əlində fal oxları olan bir şəkli də mövcud olmuşdur. Bütlərlə fala baxmaq kimi bir adətin İbrahimlə əlaqələndirilməsi, həqiqətən də, ərəblərin İbrahim dinini nə qədər təhriflərə uğratmasından xəbər verir.Təsadüfi deyildir ki hz. Məhəmməd Məkkənin fəthi zamanı bu şəkli məhv etməyi tapşırmışdır.
Baş tanrı
Onu da qeyd etmək lazımdır ki, ərəblər çoxsaylı bütlərdən çox yüksəkdə dayanan ilahi bir varlığın – Allah Təalanın mövcudluğuna inannırdılar. Onlar Allahı baş tanrı sayır, hətta əl-Lat, Mənat və əl-Uzzanı Allahın qızları hesab edirdilər; Qurani Kərimdə də əl-Lat, əl-Uzza və Mənatın cahiliyyət dövründə qadın ilahələri olub Allahın qızları sayılmasına işarə edilir: «Siz əl-Lat, əl- Uzza və üçüncü büt Mənatı gördünüzmü? Necə olur ki, oğlanlar sizə, qızlar isə Ona düşür? Bu necə də ədalətsiz bölgüdür» (Q.53:19-22). Ərəblər arasında Abdullah adının geniş yayılması və Cahiliyyət şerində Allah adının dönə-dönə anılması onların Allahı baş tanrı saymalarına sübutdur.
Ərəblərin qədim Səfa və Səmud yazılarında «Allah» adına rast gəlinmişdir. Heredotun «Tarix»ində ərəblərin iki əsas tanrısının – Oratal və Alilatın adı çəkilir. Şərqşünaslar birinci adın Allah-Təalanın təhrif olunmuş şəkli olduğunu bildirirlər. Onu da qeyd etmək lazımdır ki, bəzi şərqşünaslar Allah və əl-Lat sözləri arasında bir yaxınlıq görüb kişi başlanğıcını bildirən Allahın qadın formasının əl-Lat olduğunu bildirmişlər. Huges Herodotun andığı Alilatın əl-Lat bütünü bildirdiyini söyləyib bunu artıq Herodotun dövründə həmin bütün məşhur olmasına dəlalət kimi qəbul edir. Maraqlı haldır ki, bu fikrin Orta əsrlər ərəb təfsir ədəbiyyatında da əks olunduğunu görürük; məşhur müfəssir Əbul-Fida ibn Kəsir də Təbəriyə istinadən əl-Latın Allahın müənnəs ipostası olmasına işarə edib deyir: «Əl-Lat üstü naxışlı ağ bir daş parçası idi. Onun Taif yaxınlığında məbədgahı var idi. Üstünə örtük çəkilir və xüsusi adamlar tərəfindən qorunurdu. Xüsusilə Taifdən olan Saqif qəbiləsi onunla fəxr edirdi... İbn Cərir ət-Təbəri əl-Latın Allah sözündən yaranıb onun müənnəs şəkli olmasını bildirmişdir». İbn əl-Kəlbi İslam zühur etdikdən sonra əl-Latın Peyğəmbərin göstərişi ilə Muğira ibn Şubə tərəfindən dağıldığını və onun ətrafında tikilmiş ibadətgahın yandırıldığını bildirir.
P. Tsvetkova görə, “politeistik aksessuarların çoxluğuna baxmayaraq, ərəblərin qədim dövründə dumanlı şəkildə olsa da, monoteist istiqamətləri sezmək mümkündür. Bu mənada, Kəbənin hələ hz.Məhəmmədin peyğəmbərlik missiyasından qabaq “Beytullah” adlanması da diqqəti cəlb edir. «Allah» sözünə klassik ərəb şerində də tez-tez rast gəlinir. Məgər peyğəmbər özü də Abdulla adlı bir kəsin oğlu deyildirmi? ...Kəbə ətrafında təvaf edən Qureyş və Kinanə qəbiləsindən olan ərəblərin «Ləbbeyk Əllahummə!» demələri də İbn İshakın Peyğəmbərin tərcümeyi-halına həsr etdiyi əsərdən bizə məlumdur».
Əslində, ərəblər çoxsaylı bütlərə ibadət edərkən onların vasitəsi ilə uca və qüdrətli Allaha yaxınlaşmağa cəhd etmişlər. Qurani Kərimin əz-Zumər surəsinin 3-cü ayəsində deyilir: “Bizi ancaq Allaha yaxınlaşdırmaları üçün onların qılığına girib ibadət edirik”. Ancaq yaxınlıqda olan bütlər çox zaman dumanlı təsəvvürlərdən ibarət Allah anlayışını üstələyib əsas ibadət obyektinə çevrilmişlər.
Bəzi bütlər
Yuxarıda haqqında bəhs etdiyimiz əl-Lat və Mənatla yanaşı əl- Uzza da ərəblərin əsas bütlərindən sayılırdı. O, akasiya ağacı idi. Ərəblərin lap qədimlərdə ağacların ruhlar məskəni olması ilə bağlı təsəvvürləri bu bütdə öz əksini tapmışdır. Onlar əl-Üzzaya hədiyyələr və qurbanlar verir, onun rəğbətini qazanmaq istəyirdilər. əl-Uzza Nəxlətuş-Şamiyə adlanan vadidə yerləşirdi. Ərəblər bu ağacdan səslər eşidildiyini söyləyirdilər. Sonradan peyğəmbərin göstərişi ilə Xalid ibn Valid bu ağacı baltalayıb onun məbədgahını dağıtmışdır. Rəvayətə görə, əl-Uzzada məskən salmış bədxah ruh çirkin bir həbəş qadını sifətində Xalidə görsənmiş və Xalid onu qılınc zərbəsi ilə parçalamışdır.
Kəbədə olan 360 büt içərisində Hubəl baş büt sayılırdı. Qırmızı əqiqdən düzəldilmiş bu büt Kəbəyə Suriyadan gətirilmişdir. Bu insan şəklində olan bir heykəl idi. Sağ əli qırıldığından ona qızıldan əl düzəltmişdilər. T. Fəhd Hubəlın mahiyyət etibarilə ulduzlarla bağlı bir büt olduğunu bildirir. Amma sonradan o talelərdən xəbər verən bir qüvvə kimi başa düşülmüşdür. Hubəl vasitəsilə ərəblər fala baxırdılar. Onun qarşısındakı yeddi oxdan (əzlam) birini çəkməklə ərəblər övladlarının, həqiqətən də öz övladları olub-olmasını yoxlayırdılar. Eləcə də evlənməzdən, səyahətə çıxmazdan əvvəl onlar gəlib Hubəlla ox çəkməklə «məsləhətləşərdilər». Öz övladı Abdullanı qurban demiş Əbdülmüttəlib də Hubəlın önündə ox çəkməklə bu qurbanı yüz dəvə qurbanı ilə əvəz etmişdir. Bəzi tədqiqatçılar Hubəlin İbrahim peyğəmbərin heykəli olduğunu söyləsələr də, onların bunu sübuta yetirəcək tutarlı dəlilləri yoxdur. Amma görünür, Hubəlın əlində oxlar tutması və İbrahim peyğəmbərin də Kəbədə əlində fal oxları olan bir şəklinin mövcudluğu Hubəlin İbrahim peyğəmbərlə əlaqələndirilməsinə gətirib çıxarmışdır. Başqa bütlərlə müqayisədə Hubəlın diqqəti cəlb edən cəhəti onun sadəcə daş deyil, bir heykəl, sənət əsəri olmasıdır.
Cahiliyyət ərəblərinin bəzi bütlərə ibadəti təəccüb doğurmaya bilmir. Məsələn, Kəbə yaxınlığındakı Asəf və Nailə adlı bütlərin bir zamanlar insan (Asəf – kişi, Nailə – qadın) olduğu bildirilir. İbn əl-Kəlbi göstərir ki, onlar məsciddə zinakarlıq yapdığından tanrıların qəzəbinə gəlib daşa çevrilmişlər. Həmin daşları Kəbənin yanında saxlamışlar ki, insanlara zinakarlıq barədə ibrət dərsi olsun. Amma sonradan daşlara ibadətə alışmış ərəblər Asəf və Nailəyə də ibadət etmişlər. Bu cür bir rəvayətlə əlaqələndirilən daşların sonradan nə səbəbdən ibadət obyekti olması qədim miflərlə bağlı idi. Görünür, qədim ərəblərdə də qadın və kişi başlanğıclarının müqəddəs qovuşması ilə bağlı kultlar olmuşdur. Bu mənada Nailə və Asəfi müqəddəs yaxınlıqda bulunmuş Misir tanrıları Anat və Setin ipostasları hesab etmək olar. Adlar arasındakı yaxınlıq da bizə belə düşünməyə əsas verir.
Ərəb qəbilələrinin hər birinin ibadət etdiyi xüsusi bütü olurdu. Xüsusilə, qonşu qəbilələrlə müharibə zamanı onlar öz bütlərindən kömək gözləyir, əgər məğlub olardılarsa, bütlərindən üz döndərib qalib qəbilənin bütünə ibadət edərdilər. Beləliklə qəbilələrarası müharibələr həm də bütlərarası müharibə idi və nə qədər bəsit olsalar da, islamaqədərki dini təsisatlar da, imandan daha çox qəbilə maraqlarına xidmət edirdi.
Cahiliyyət ərəbinin çoxsaylı bütlərlə bağlı təsəvvürlərinin primitiv xarakter daşıyıb mifoloji sistemlər kimi formalaşmaması, onların çoxsaylı allahları haqqında, qədim yunan, Misir, şumer və s. xalqların mifologiyasında olduğu kimi, əfsanələr, əsatirlər uydurulmaması ərəbşünaslığı daim düşündürməkdədir. Ərəb ədəbiyyatında epos-poema janrının olmamasını da bəzən onun belə bir qaynaqdan məhrum olması ilə bağlayırlar. Digər tərəfdən, onların ibadət etdikləri bəzi bütlərin ümumsami xarakteri daşadığını görürük. Məsələn, tale tanrısını bildirən Mənatla bağlı ayinlər başqa sami xalqlarında da mövcuddur. Əl- Uzzanı bəzən yunan Afroditası, bəzən də Astarla əlaqələndirirlər. Vadd, Suva, Yağus, Yəuq və Nəsr adlanan bütlər isə ümumdünya daşqınından əvvəl Nuh qövmünün ibadət etdiyi bütlər idi. Mifoloji sistemdəki bənzərliklər ərəblərin qonşu xalqların rəvayət və əfsanələrini mənimsəməsindən daha çox, həmin sistemlərin və ümumsami mifologiyasının ərəblərin spesifik səhra həyatına müvafiq dəyişikliklərə uğramasını öyrənmək baxımından maraq kəsb edir.
Bu dövrdə bütlərlə bağlı əsas ayinlər onların ətrafına hərlənməkdən, bütlərə qurbanlar kəsməkdən, onlara hədiyyələr etməkdən ibarət idi. Yuxarıda qeyd etdiyimiz kimi, bütlərə övladların, xüsusilə qız uşaqlarının qurban deyilməsi adəti də olmuşdur. Ayinlər sistemində bəzi bütlərin (Hübəl, Zu Xalasa və b.) fal məqsədi ilə istifadə edilməsini də qeyd edə bilərik.
Bütlərə qurban kəsilməsi cahiliyyət poeziyasında da əks olunub. Hirə hakimi Əmr ibn Hind şair Tərəfə ibn əl-Əbdin onu həcv etdiyini eşidib bərk qəzəblənir. Bu zaman Tərəfə günahsız olduğunu bildirmək üçün ona yazdığı şerdə deyir:
Sənin cəddinə və qana bülənmiş daş bütlərə and olsun ki, mən səni həcv etməmişəm.
Bütpərəstliyin böhranı
Artıq İslamın zühuru ərəfəsində, hətta bu zühura bir əsrdən də çox qaldığı bir vaxtda bütpərəstliyin böhran içərisində olduğunu görürük. Bütlər onlara ibadət edən insanların təhqirlərinə məruz qalır. Məsələn, klassik ərəb poeziyasının atası sayılan İmruul-Qeys öldürülmüş atasının qisasını almaq üçün Zu Xalasa adlı bütün yanına gedib ox çəkməklə ondan düzgün yol diləyir. Hər dəfə ona bu işdən çəkinməyin lazım olduğunu bildirən ox çıxır. Əsəbiləşən İmruul-Qeys oxları bütün başına çırpıb ədəbsiz bir söyüş söyür. Sonra isə, «Əgər sənin atanı öldürsəydilər, belə deməzdin», - söyləyir.
Bənu Hənifə qəbiləsi isə öz bütünə o qədər hörmətsizlik edir ki, aclıq ilində onu yeyir. Belə ki, bu büt xurma, süd və yağdan hazırlanmışdı. Başqa bir misal: Səd uzunsov bir daşdan ibarət büt idi. Bir dəfə bir ərəb bütün köməyi dəvələrin üzərində olsun deyə onları yığıb bütün yanına gətirir. Üzərində qurban kəsilmiş bütün qanı dəvələri qorxudur. Onlar hərəsi bir tərəfə qaçıb pərən-pərən olur. Bu zaman qəzəblənən ərəb bir daş götürüb bütə çırpır. Başqa bir gənc isə atasının Vadd bütünün üzərinə tökmək üçün ona verdiyi bir cam südü bütün üzərinə tökməyib özü içdiyini bildirir.
Bütün bunlar İslamın yarandığı ərəfədə bütpərəsliyin ağır böhran içərisində qalıb, insanların mənəvi tələbatını ödəməyə qabil olmamasından xəbər verir. Təsadüfi deyil ki, Yəsribdə bir çox gənclər ata-babalarının dinindən üz döndərib Bənu Qaynuqa, Bənu Nadır kimi yəhudi qəbilələrinə gedib onların vəhdaniyyət dininə sığınırdılar. İslam yarandıqdan sonra valideynlər övladlarını müsəlman etmək istəmiş, bu zaman məcburiyyətə əl atarkən, Peyğəmbər buna imkan verməyib “lə ikrahə fid-din” (dində məcburiyyət yoxdur), demişdir.
Kəbə panteonu
Ərəblərin əsas panteonu Kəbə məbədgahı sayılırdı. Burada 360-dan artıq büt var idi. Baş büt yuxarıda haqqında bəhs etdiyimiz Hubəl idi. Kəbənin baş məbədgah olması Məkkə üçün bir sıra iqtisadi üstünlüklər gətirirdi. Həcc ziyarətinə gələnlər həm də burada ticarətlə məşğul olurdular. Məkkə yaxınlığındakı Ukaz yarmarkası şəhəri həm də ticarət mərkəzi edirdi. Qureyş qəbiləsnin bu əlverişli vəziyyəti başqa qəbilələri düşündürməyə bilməzdi. Ərəbistan yarımadasında dini-ideoloji üstünlük həm də maddi rifah gətirdiyindən, digər qəbilələr də öz kəbələrini yaratmaq təşəbbüsləri edirlər. Nəcranda, Zahrda Kəbə məbədgahları tikilsə də, onlar baş məbədgah funksiyası qazana bilmədilər.
Kəbə məbədgahı həm də Ərəbistan yarımadasında sürətlə yayılmaqda olan xristianlıq qarşısında böyük maneə idi. Dini təsisatların təminatı olmadan siyasi hakimiyyəti möhkəmləndirmək mümkün olmadığından, Yəməndə möhkəmlənmək istəyən və bu məqsədlə bir kilsə də tikdirən Həbəşistan valisi Əbrəhə ilk növbədə Kəbəni dağıtmaq istəyirdi. (Bu hadisəyə Fil surəsində işarə edilib. )
İslamdan öncə Ərəbistan yarımadasında xristianlığın yayılmaq imkanları daha real idi; Bütpərəslik böhran içərisində idi. Yəhudilik və Zərdüştlük müəyyən intişar tapsalar da onlar dəvət dini deyildilər. Yarımadada dini hegemonluqda əsas maraq Bizans imperatorluğunun idi. Yarımadaya daim xristian missionerləri göndərilirdi. Təğlib, Tayy, Saqif kimi böyük qəbilələr tam xristianlaşmaq üzrə idi. Belə bir vaxtda İslam dini yarandı və yarımadanı vəhdaniyyətə yönəltmək təşəbbüsünü xristianlıqdan aldı. İslam dininə də əsas müqavimət Məkkə müşriklərindən, yəni Kəbə məbədgahından bəhrələnən ərəblərdən gəldi. Məhəmməd peyğəmbərin siyasi uzaqgörənliyi bu məsələni birdəfəlik həm İslamın, həm də mənsub olduğu Qureyş qəbiləsinin xeyrinə həll etdi; Kəbə İslamın baş məscidi oldu. Bütün bütlər dağıdılarkən, adı Adəmlə əlaqələndirilən Qara daş saxlanıldı. (Rəvayətə görə, bir zamanlar ağ olmuş bu daşda güzgü kimi cənnət bağları əks olunurmuş; sonradan Adəm övladlarının günahı səbəbindən daş qaralıbmış.) İslam Kəbəni büt məbədgahı olmaqdan qurtarıb, onu ilkin məramına qaytardı və vəhdaniyyətin mərkəzi, yer üzərində ilk məscid kimi təqdim etdi. Sonrakı deyimlərdə Kəbənin kosmoqonik mahiyyəti vurğulandı. Beyt əl-Məmur (hərfi mənası: məskun ev, yəni mələklərin yaşadığı ev) – göyün yeddinci qatında yerləşən və eynilə Kəbəyə bənzəyən bir səcdəgah anlamı yarandı. Bu yerdəki Kəbənin göylərdəki arxetipi, mələklərin ibadətgahı idi (Tur surəsi, 4-cü ayə). Hədisdə deyilir: “Beyt əl-Məmur göydəki məsciddir. Kəbə düz onun altında yerləşir. Əgər Beyt əl-Məmur yerindən qopub düşərsə, düz Kəbənin üstünə düşər”. Bəzən də cəmi on dörd Kəbə olduğunu bildirirlər. Burada, görünür, həm göyün, həm də Yerin yeddi qatında səcdəgahlar olması nəzərdə tutulur.
Göründüyü kimi, ərəblərin İslamdan öncəki baş panteonu İslamla bağlılıq statusunu qazanır. Yeni yaranmış din, bu yazının əvvəlində qeyd etdiyim kimi, sürətlə Ərəbistan yarımadasında yayılıb qonşu ölkələrə ayaq açır.
Beləliklə, bu yazıda cahiliyyət ərəblərinin bütpərəstliklə bağlı etiqadının ümumi təxmini mənzərəsini yaratmağa çalışdım. Bu mənzərədən hasil olunan nəticələr isə aşağıdakılardır.
- Cahiliyyət ərəbləri lap qədim dövrlərdən faydalı bildikləri bəzi əşyaların canlılığına inanıb onlara sitayiş etmişlər.
- Bu dövrdə bütpərəstlik geniş yayılsa da, ərəblər bu və ya digər ayinlərin icrası zamanı sadəcə olaraq ata-babaların yolu ilə gedib bütlərə münasibətdə xüsusi ehtiram göstərməyə çox da aludə olmurdular.
- O dövrdə bütpərəstlik animizm, totemizm, astral tanrılara sitayiş və əcdadlara ibadətlə sıx çuğlaşmışdı.
- Cahiliyyət dövründə ərəblərin vahid bir ilahi qüvvə – Allah Təala ilə bağlı qaranlıq da olsa, təsəvvürləri olmuş, onlar baş tanrı hesab etdikləri bu qüvvəyə yaxınlaşmaq üçün bütlərin köməyinə sığınmış və nəticə etibarı ilə bütləri özlərinə daha yaxın saymışlar.