Avqustun 21-də Rəşad Məcidin 50 yaşı tamam oldu. Bu münasibətlə onun müxtəlif illərdə yazdığı şeirləri “525”in oxucularına təqdim edirik.
Bayrağım
Səni ən çətin
günlərimdə qorudum,
beynimə həkk edib
ürəyimə sarıdım.
Mahnımda,
nəğməmdə gizlədim.
Aya baxıb xatırladım,
ulduzunu sevdim.
Üç rənginə öyrəndim,
hər üzünü sevdim.
Hücumdan, həmlədən qorudum,
küləkdən, tufandan keçirdim,
Bir gün qaldırdım başımın üstünə,
Saxladım,
əymədim.
Zaval yox indən belə,
başımın üstündən
qoymaram yerə.
Sənə təşnəyəm, acam -
əlim-qolum yorulsa,
dişimlə saxlayacam.
Gücü çatmaz
daha nəsə tərpədə,
kimsə əyə...
Dalğalan,
əs,
açıl yelkən kimi
gedək gələcəyə!
Kimsən, ey doğulan
Kimsən, ey doğulan?!
Ağlaya-ağlaya
Neçənci əsrdən dönüb gəlirsən?
Dünyanın sirrini yəqin bilirsən.
Danış, de görüm
– Mən sənin nəyinəm,
sən mənim nəyim?
Kimsən, ey doğulan.
Günəşin istisi qurutmayınca,
Küləyin nəfəsi, havanın dadı
yuyub aparmayınca
Buğlanan, tər yaddaşını,
danış, din görüm!
Kimsən ey doğulan?!
Bu günəş, bu hava
Qamaşdırar üz-gözünü,
işıqda açılmış
fotolenti tək
solar, solar yaddaşın;
Dil açanacan
unudular yaddaşın...
Danış, din görüm –
Kimsən ey doğulan?..
Yastıq
Doğulan kimi
Başının altına yastıq qoydular.
Oturan kimi
Böyrünə-başına yastıq qoydular.
Yeridi – düzdülər keçdiyi yola.
Sonra noğul yastığı,
Sonra nağıl yastığı.
Başı üşüyəndə papağı yastıq,
Əli üşüyəndə bayrağı yastıq,
Qəbri üşüyəndə torpağı yastıq.
Ağrıyan dişinə yastıq qoydular
Ləngiyən işinə yastıq qoydular
Axırda yastığa öyrəncəlilər
Çarxın gərdişinə yastıq qoydular.
Çarxın gərdişinə yastıq qoydular
Yuxulatdı bu adamı,
Günün günorta çağında
Yuxu tutdu bu adamı.
... Yatıb yuxuda gördü ki,
ipək yastığı daşlaşıb,
ayağına dolaşıb.
Addımını ha atır, ata bilmir,
Ayağını ha dartır, darta bilmir.
Yastıq çəkir onu quyutək.
Ayağı balacalaşır,
Boyu balacalaşır.
... Diksinib ayıldı yuxudan.
Başı yastıqdan düşmüşdü.
Çəkdi yastığı başının altına...
21 yaşımla söhbət
21 yaşımın ayrılıq günü,
Qoyma öləziyim, qıyma ki, sönüm!
İlhamı şam kimi yanıb tükənir,
Bir zaman şeirini əzbərlədiyim,
Odlu misrasını əzbər dediyim
İşıqlı şairlər, cavan şairlər.
Sönür ekranlarda, gen kürsülərdə
şeiri özlərindən tez qocalanlar,
Odları tükənən – yavan şairlər.
Təzə söz adına
Köhnə bayatını təkrarlayırlar.
Elə bir yerdəcə sayır, sayırlar,
Şöhrətin ardınca çapan şairlər.
Yanaqdan süzülən bir cüt yaş kimi
Sürüşüb gözümdən düşür gümanım.
Sirli yaddaşımın sınır tilsimi:
“Nehrəsi çalxanır qoca zamanın”.
21 yaşımın son gecəsində
Özümün özümlə davam başlayır.
Sevgimin atəşi dinir səsimdə,
Şeirimlə, sözümlə davam başlayır...
...Otuz beş yaşımda qalxıb kürsüyə
İyirmi bir yaşımda yazdığım şeiri
Əgər soyuq-soyuq, hissiz-ürəksiz
Təzə söz adına oxuyacamsa,
Gəncliyin yarımçıq misralarını
Yamayıb, közəyib toxuyacamsa,
Baxıb görəcəmsə
İyirmi bir çıxıbdı iyirmi birimə!
İyirmi bir yaşında bir təzə qardaş
Baxıb güləcəksə boyat şeirimə,
Candərdi alqışlar, yalan şöhrətlər,
Çiçək yağışları,
gül yağışları
Salondan yollanan “bol səxavətlər”
Söndürəcəkdirsə olan odumu,
Başımın altına tük yastıq qoyub
“Dostlar” öyəcəksə
istedadımı.
Gəl öldür bu axşam,
sındır bu axşam.
Yaşımın yaşılı çağına baxma.
Şeirin od qoxulu səltənətinə
Ey ilham pərisi, məni buraxma!..
Futbol oynadığım yadımdan çıxıb
Yüz yol yıxılardım, dəyib daşlara,
əllərim, qollarım yaralanardı.
Gah dizim, dirsəyim paralanardı.
Süzülüb axardı tər dabanımdan.
İndi unutmuşam,
O günüm, o çağım yadımdan çıxıb.
Son dəfə
Futbol oynadığım yadımdan çıxıb.
O gündən bəriyə nəyim qalıb ki?
Bu qollar, ayaqlar mənimki deyil.
Qovulan o toplar mənimki deyil,
Dirəklər, dayaqlar mənimki deyil.
Vurulan topların, dəyən daşların
Daha sızıldamır yeri canımda.
Daha yüyürmürəm yıxılanacan,
On il, on beş ilin
təri canımda.
On il, on beş ildi topsız-filansız,
Yenə də yıxılan, əzilən mənəm.
Amma yıxılanda dizim qanamır,
Amma yıxılanda qolum əzilmir.
Çünki yıxılıram ürəyi üstə,
Futbol oynamağı yadırğayandan.
Bir günəş eylə...
Tanrının yerdəki əziz bəndəsi,
Məni də mülkündə kirəkeş eylə.
Artır qüvvətimi, çoxalt gücümü,
Sıfırı bir eylə, biri beş eylə.
Qolla fərmanını, əmrini qolla,
Çıxaram sınaqdan - testini yolla,
Üşüyən qəlbimə istini yolla,
Odlu baxışını gur atəş eylə.
Durulan gölünəm, daşan selinəm,
Kölən, cangüdənin, qulun, dəlinəm,
Ovcunda yupyumşaq plastilinəm,
Yay məni, yenidən bir günəş eylə.
Sənsən...
Sənsən əzablarla dolu qürbətim,
Sənsən diz çökdüyüm vətənim mənim.
Sənsən ən yaxınım, vəfalı dostum,
Qanıma susayan düşmənim mənim.
Cəhənnəmim də sən, cənnətim də sən,
Gah nəğmə oxuyan, gah ağı deyən.
Ağır əzablardan tir-tir titrəyən,
Ruhtək rahatlaşan bədənim mənim.
Sən - gecəm-gündüzüm, sən - toyum-yasım,
Sənsən dar ağacım, sənsən xilasım.
Əynimə oturan ən düz libasım,
Boyuma biçilən kəfənim mənim.
Bəsdi
Neçə ay içindən çıxa bilmədim:
Türmədi, məhbəsdi, qəfəsdi - bəsdi.
Gözümün yaşını yığa bilmədim,
Kürdü, Həkəridi, Arazdı - bəsdi.
Keçdim, qucağında xoş dəmi keçdim,
Sevinci, kədəri, dərd-qəmi keçdim,
Ruhumla bir sirli aləmi keçdim,
Vergidi, cadudu, nəfəsdi - bəsdi.
Sultandın, çevrildi taxt, sona yetdi,
Tale bağışlayan baxt sona yetdi,
Tanrının verdiyi vaxt sona yetdi,
Sevgidi, maraqdı, həvəsdi - bəsdi!
Bəsdi nədir?
Heç nə sona yetən deyil,
Bu eşqə qəfəs bilmərəm.
Bu ruhumda, bu halımda,
Barmağımı kəs, bilmərəm.
Əzabı da şirin dadır,
Çoxdan sızıb, qanımdadı.
Ruhu hər an yanımdadı,
Ayrı səda, səs bilmərəm.
Mənəm işıq dəstələyən,
Yüz-yüz nəğmə bəstələyən,
Kimdi orda "bəsdi" deyən,
Bəsdi nədi? "Bəs" bilmərəm.
Əlac
İçəridən əyildinsə
Ha dik dayan, ha düz yeri.
Görək necə keçəcəksən
Ömründəki qəliz yeri?
Dərd gələcək qucaq-qucaq,
Yandıracaq ocaq-ocaq.
Yaddaşında sızlayacaq
Ağrılardan min iz yeri.
Odur sənə dərman-ilac,
Gördün ki, yox başqa əlac,
Əlindən tut, üstünə qaç,
Diri tərpən, di tez yeri.
Çıxmışam
Bu əzabın zülmətindən,
Dipdiri, oyaq çıxmışam.
Ürəyimdə dəli bir eşq,
Dilimdə "Allah" çıxmışam.
Üstümdə Tanrı nəfəsi,
Üzümdə sevda həvəsi,
Dağıtmışam dar məhbəsi,
Ölməmişəm, sağ çıxmışam.
Keçdim çətin mərhələdən,
İnildədi, əsdi bədən.
Bu onballıq zəlzələdən
Bir boy qalxıb dağ çıxmışam.
Məni anla
Bir gün sevgi, bir gün nifrət,
Fikrim atıb-tutur məni.
Bir baxışı gəl-gəl deyir,
Bir gülüşü satır məni.
Anlamıram bu kələyi,
Qorxur nədən, sevir nəyi?
Bədəni, beyni istəyir,
Qəlbi niyə atır məni?
Bu olaya qalmışam mat,
Tanrım, sənsən indi nicat.
Ya bir yolluq sirrin anlat,
Ya bir yolluq bitir məni.
Mələyim... iblisim...
Hamıdan çətinsən, hamıdan asan,
Əzabın məşəqqət, sevincin dərman.
Gah həyat verirsən, gah qətlə fərman,
Əzizim, ən yaxşım, ən pisim mənim.
Gah geniş çəmənsən, gah qara zindan,
Gah qatil olursan, gah da ki qurban.
Gah göydə yaşadan, gah yerə çırpan,
Ruhum, azadlığım, məhbəsim mənim.
Gördüm gecəsini, gündüzünü də,
Yaxşının, yamanın hər üzünü də.
Axır bircə dəfə gəl düzünü de,
Allahım, mələyim, iblisim mənim.
Xoş gəlib
Xoş gəlib dağlara, səfa gətirib,
Bəxtəvər eyləyib Leriki gözəl.
Ayağı dəydiyi torpaq sevinir,
Gəzir hər yamacı, hər diki gözəl.
Udsun dağ küləyi, dağ havasından,
Dadsın dağ neməti, dağ səfasından,
Sıyrılsın günəştək öz yuvasından,
Olsun həmənki qız, həmənki gözəl.
Yaddaşı dincəlsin, özün yormasın,
Beynini hər türlü fikir sarmasın,
Bir sözdən yüz cürə söz çıxarmasın,
Baxmasın üzümə çəpəki gözəl.
Əsəb dərmanı
İldırımtək gedirdin,
Qəfildən qucaqladı.
Dayanası deyildin,
Səni yaman haqladı.
Ləngidi yerişlərin,
Addımların laxladı.
Zamanı yavaşıtdı,
Vaxtı tutub saxladı.
Bildin, bütün günahlar
İti qaçan vaxtdadı.
Əlacın kimyəvidi,
Sakit halın saxtadı.
O
Baxma ki, sakit dayanıb,
Qəfildən götürər səni!
Qoparıb dostdan, tanışdan
Evindən itirər səni.
Qaldırıb göyün qatına,
Mindirər şahlıq atına.
Dad gətirib həyatına,
Cənnətə yetirər səni.
Əlində yarağın qalmaz,
Dəftərin, varağın qalmaz,
Heç nəyə marağın qalmaz,
İşini bitirər sənin.
Quruyarsan bulaq kimi,
Bezər, doyar uşaq kimi,
Bir qırıq oyuncaq kimi
Qaytarıb gətirər səni!
Tapardım
Beyninə girsəydim bir saatlığa
Bütün suallara cavab tapardım.
Bu qəliz, mürəkkəb tapmacaların
Açmasını səndən qabaq tapardım.
Birini seçərdim - ayrılmaq üçün,
Başqa bir fikrini - bir qınaq üçün,
Bəlkə də təzədən vurulmaq üçün
Bir isti, bir kövrək bucaq tapardım.
Bəhanə axtarıb gündə yüz kərə
Dözərdim hər gələn qəza-qədərə.
Bütün elədiyin dəliliklərə,
Min günah içində savab tapardım,
Vallah axtarardım, vallah, tapardım.