Şüşə qorxulu deyil bütövsə əgər. Qorxulu nədi, qoruyucudu; soyuqdan qoruyar, istiliyi özündən keçirər, özünə heç nə saxlamaz, küləyin qabağına sipər olar. Hələ şəffafdısa, təmizdisə, bir özgə aləm. Arxasında duran olsa, sənə səni göstərər, arxası yoxsa – ətrafı...
Qorxusu sınıb çiliklənsə olacaq. Yaman olacaq; çiliyi əlinə batacaq, ağrısı ürəyini deşəcək. Lap zərrəsi olsa belə, səksəkədə qalacaqsan... Bir də gördün, budu ha, ağ vərəqdə al ləkələr düşüb arxanca...
Mina Rəşidin şeiri kimi, sözü kimi.
Mina Rəşidin şeiri – sözü şüşənin iki halındadı; şəffaflığı gözəldi, çilikləri incidir. Şəffaflığı qəlbinin təmizliyi, dünyaya, dəryaya, çiçəyə, birliyə – birgəliyə sevgisindəndi. Ağrıtmağı... “gəl tərpətmə yaralanmış könlümü”.
Mina Qarabağdandır – Ağdamın Qiyaslı kəndi uşaqlığının və ən işıqlı xatirələrinin ünvanıdır. Bu ünvandan Şəhid övladı, yaralı qardaş bacısı Mina Rəşid kimi didərgin salınıb. Sıra – sıra dağlarını balaca ürəyinə yükləmiş müharibə taleyini çarpaz – dolaşıq yolların elə işləklərindən keçirib ki, başqası bəlkə də dözməzdi, yolları qırardı, özünü itirərdi, nizamını çaşardı... O isə, olum – ölüm arasında sıxıla – boğula, arzusuna və sözə sığındı. Tələbə oldu, şeir yazdı, qapılar döyüb üzlər gördükcə... içinə çökdü, qapılar arxasında yol gözlədikcə..gəlib cavanlığı yanından ötdü.
Ürək genişliyində evdən qəbir darlığında vaqona sığınmış anasını xərçəngin əlindən ala bilməməkləri bir yandan, ağ alnının qara yazısını pozmaq gücsüzlüyü bir yandan...
Nədən könlüm evi bir nur odası,
Könlümdən o yana aləm qaradı.
Harda ki dərdini duyan olmadı –
Dünyanın axırı elə oradı.
Mina Rəşid yüz yol qırılsa da, min yol incisə də, özünətəsəllisi ilə içində bayram eləyə bilmək qədər güclüdü. Mina Rəşid sevgisi ilə güclüdü. Bu sevgi əsl sevgidi; yaxşılıq görəndə çoxalmayan, pislik görəndə azalmayan sevgidi.
Yaxşılıqdan pardaqlanan, pislikdən sozalan sevgisiylə Mina Rəşid bir kaman inləyəndə, bir körpə qığıltısında, nəyi varsa – onunla özünə xoşbəxt deyə biləcək qədər güclüdü. Mina Rəşid — kəpənək qanadından zərif, qönçə zərifliyindən titrək ürəyilə həm də elə gücsüzdü ki...
Mən niyə gəlmişəm, hara gedirəm?
Ha getsəm bəxtimə gəlib çıxacam.
Yerdən – yerdəkilərdən əli üzülən anlarında göyüzündən süzülən işıqda yazılanlar təsəlliyə tapınır:
Bu dünyanı nə bilmisən?
İşıqla zülmət döyüşər.
Sən də belə qəm eyləmə –
Əziyyətin bil ki hədər.
Və sanki möcüzə baş verir bundan sonra; dünyanın ürəyində Tanrı eşqi böyüyür... böyüyür.
Mina Rəşidin şeirləri də, ətrafında, insan münasibətlərinin hər çeşidində gözünə əyintili görünən hər nəsnəyə münasibətinin ifadəsi olan yazıları da dünyanın, həyatın özü kimi xaos içindədi. Sanki onları mövzu, süjet, üslub, tərz baxımından nizamlamaq, sistemləşdirmək Mina Rəşidi maraqlandırmır . Təbiiliyi, ürəkdolusu səmimiyyəti, altyazısı olmayan , birbaşa yazı və ünsiyyət manerası bəlkə bu haqda düşünməyə imkan verməyib. Sadəcə, susmaq istəmir, susa bilmir, laqeyd ola bilmir, biganəliyə- ən böyük naqisliyə meydan oxuyur .
Sən mənə güllə atdıqca,
Mən sənə çiçək yollaram.
Mina Rəşidin iddiası bura qədərdi. Bəlkə də var, mən bundan artığını görmək istəmirəm. Elə bilirəm bundan artıq iddia Mina Rəşidin ocağının istisinə, çörəyinin duzuna, bacasının tüstüsünə, analıq duyğularına, balalarına, ömür – gün yoldaşına gərək olası mehri – məhəbbəti yaralıyar, ülfətinə – qayğısına şərik olar. Mina Rəşid taledəki kəmliyin dadını – dağını hamıdan yaxşı bilir...
Mina Rəşid əqidəsi – düşüncəsi ilə bu dünyanın adamı deyil, dünya malına susayan , ortalarda dolaşıb göz – qulağı yağır eləyən, yetik iddialarıyla qapılar döyüb, istədiyini göz yaşıyla almağa vərdiş, harda aş – orda baş olanlardan deyil.
Hərənin öz peşəsi var;
İncitməkdi, üzməkdi...
Mənim də huyum belədi –
İşim – gücüm sevməkdi.
Mina Rəşid giladamları güladamlara çevirmək qəsdində olan Vaqif Bayatlı Odərin yoluyla gedir.
Şeiri qalsın bir yana, publisistik yazılarında da özünü yazır, düşündürməyə çalışır, bütün yazılarından Allahına bəndəlik eləməyə, ölkəsinə vətəndaş, qonşusuna sirdaş olmağa çalışan, salamı sözlərin və məramların ən gözəli bilən bir insanın və söz adamının səsi eşidilir. Deyir, anlamaq ən böyük istedaddı. Bir də Allahı sevməkdi.Və bu Səsi genetik birliyə çağırış kimi qavrayırsan.
“...Adam var, sanki bircə kəlmə xoş sözdü. Sözlə yaşayar, ağrılarını sözlə ovudar. Sözlə ağlayar, sözlə gülər, Sözlə dincələr. Hərdən o ilahi Sözdən könlü elə işıqlanar,; unudar qaranlığı, İşığa dönər büsbütün, Söz işığa çevrilər...”
Minanın bir kitablıq əlyazması nə vaxtdı mənimlədi. Mənimlə işə gedir, auditoriyada olur, adamları, münasibətləri müşahidə edir, ulduzlu gecələrin tənha sükutunda xəyallara yoldaş olurdu. Mən bu şeirləri, bu yazıları sanayıb – sonalamırdım, bütün bu vaxt ərzində mən Mina Rəşidi ” oxuyurdum”.
Nə şeirinə, nə sözünə sənətin, sənətkarlığın ölçülərilə baxmaq istəmirdim; Hansı zəifdir, hansı yaxşıdır bölgüsü aparmaq haqqında düşünmürdüm(zəiflərini, zəifliyini görəndə özünə demişəm) Yaşadıqlarını yaşaya – yaşaya ... əlim gəlmirdi, qələmim dönmürdü, günah bilirdim. Çünki Mina Rəşidin Yazısını Yazdıran belə yazdırıb.
Mən onun hər kiçik yaxşılıq qarşısında borclu qalmayıb, əvəzini vermək istəyini – çoxlu ithaf şeiri yazmasının səbəbini – razılaşmaq istəmirdimsə də, başa düşürdüm:
Hər kəlmə sonunda çırpınır ürək,
Gedib sətirlərdə yuxuya sağlar.
Atsam, gəncliyimi unudam gərək,
Qalsa, məndən sonra oxuyacaqlar.
Bu misralar Mina Rəşidin deyil, müəllifini xatırlamıram indi.
Mina Rəşid bu jestini məhz itirdiklərinin yerini doldurmağa təşnə ürəyinin səsini dinləyə – dinləyə yazıb, şübhəm yox. Gedənlərlə Qalanlar arasında, Həyat və Arzular, Yaşananlar və Gözlənilənlər arasında İşıqdan və Yaxşılıqlardan körpü salmaq, bağ hörmək istəyib.
Ümid, İnam...Məhəbbət körpüsü, bağları...
Mina Rəşid bu qısa və çooooox uzun ömründə başa düşüb ki, həyat bu bağların hesabına davam edir...Odur ki:
Dəyərmi hər nadanın
Sözündən yıxılmağa?
Öyrən hər gün həyatda
Yenidən doğulmağa.
Necə deyərlər, Dövran işində, Vaxt axarında...
Qarşılayır, yola salır...
Mina Rəşidin sözü də bu karvandadır. Ta o vaxta kimi ki...
Yazdığı can sözlərini
Küləklər Yurda apara.
Şeirində gül açmış alqışı da küləklərə qoşmaq istəyirsən:.
”köz – köz olmuş ürəyindən, kaş köz düşə ocağına”.. .
...Kimsə deyə bilərmi, divin canı niyə şüşədəymiş?!