|
|
|
|
Məramımı bilsəydi, min bir bəhanə gətirib dünyasında qoymazdı, əlimə qələm götürüm. Xasiyyəti belədir. 8 il sərasər hər ad günündə camaatdan, təbriklərdən qaçan, gizlənən gördüm onu. Baxmayaraq ki, İctimai Teleradio Yayımları Şirkətində baş direktordan sonra 2-ci adam idi və hamı bu nurlu kişiyə sidq-ürəkdən, ən azı, xoş söz deməyi özünə borc bilirdi.
Daha bir kollektivdə çalışmırıq. Odur ki, onun haqqında ürəyimizdən keçənləri, heç olmasa, 60 illiyində dilə gətirmək imkanını, nə yaxşı ki, əlimizdən ala bilməyəcək.
Söhbət ömrünün 40 ilini televiziya cəbhəsinə həsr etmiş, Azərbaycanı qarış-qarış gəzmiş, Qarabağ dərdini,müharibənin od-alovunu, torpaq itkisini təkcə qələmindən deyil, həm də canından-qanından, taleyindən keçirmiş müdrik insan, Əməkdar jurnalist Çingiz Aslanovdan gedir.
Görüb-götürmüş nəslin oğlu
Çingiz müəllim qarabağlıdır. O, Ağdamda əsilli-nəsilli bir yerin oğludur. Atası Əvəz kişi müharibə vaxtı evlənib. Anası təyyarəçi olub. Sevgi, qarşılıqlı hörmət üzərində qurulan ailədə xoşbəxt uşaqlıq illəri keçirib. Nə maddi, nə də mənəvi cəhətdən sıxıntı, çətinlik görməyib. Amma yüksək səviyyədə tərbiyə alıb. Vəzifəli kişinin oğlu olduğunu heç vaxt qabartmağa can atmayıb. Heç ata-anası da o iddiada olmayıb. Həmin gen bu gün Çingiz müəllimin ailəsində, övladlarında da özünü göstərməkdədir. Qanla gələn xüsusiyyət, təkcə, bu deyil.
Etibar
Qarabağ lap əzəldən Azərbaycanın ən varlı guşələrindən olub. Burada torpaq altında o qədər qızıllar basdırılıb ki, çoxunun izi-tozu da qalmayıb. 1937-ci illərdə tutatut vaxtı başını götürüb qaçan ailənin sağ qalan gəlini 20 il sonra Çingizin atası Əvəz kişiyə xəbər göndərir ki, məni qızıl basdırdığımız yerə apara bilərsənmi, səmtini bilirəm, yeri bu, nişanı bu... Əvəz kişi də deyir, gəl, apararam.
Elə o dövrdə də, həmişə də, etibar məsələsi ən böyük problem olub. Nəfsinə yiyəlik etmək hər adamın hünəri deyil axı... Mal-pul üstündə, qardaşın qardaşla, oğulun ata ilə qanlı- bıçaq olması haqqında hamımız nə qədər eşitmişik?.. Hələ bu dərdi nəsilbənəsil çəkənlərdən danışmırıq...
Uzun sözün qısası, gəlin gəlir, kişi aparır, gəlin də, xəlvətcə, qızıllarını tapıb götürür.. Kişi qızıllara heç gözünün ucu ilə də baxmır... Gəlin dil-ağız edib yurduna qayıdır.
Çingiz müəllim də eynən atasına çəkib. Ona həmişə etibar etmək olar.
Nə yaxşı ki, jurnalistika
Hüquqşünas olmağı qarşısına məqsəd qoyan, imtahanları uğurla verən, amma hüquq fakültəsində uşaq çox olduğundan yazı müsabiqəsində yaxşı inşa yazdığı üçün "tələyə düşən" Çingiz Aslanov rektorun təkidi ilə, müasir dillə desək, jurnalistika fakültəsinə transfer edilir. Nə qədər müqavimət göstərsə də, qərarı dəyişmək mümkün olmur.
Çingiz Aslanov jurnalistika fakültəsini bitirəndən sonra əlinə qələm götürüb, bütün sevgisini,gücünü sənətinə verir. Azərbaycanı bölgə-bölgə yox, bəlkə də kəndbəkənd gəzir və işıqlandırır. Zarafat deyil, illərlə Azərbaycan Dövlət Televiziyasında "Torpaq" verilişi hazırlamaq nə deməkdir, özü də hər həftə, bezmədən, sevə-sevə... Bəlkə buna görədir ki, Çingiz müəllimin jurnalistika ilə yanaşı, bağ-bağat, təsərrüfat işində də yaxşı səriştəsi var. İllərin təcrübəsi, müşahidəsi öz sözünü deyir yəqin...
Sonra "İctimai-siyasi verilişlər" baş redaksiyasında əvvəl şöbə müdiri, sonra baş redaktor müavini kimi uzunillik fəaliyyət... Siyasi, iqtisadi, ictimai proseslərlə təmasda olmaq, hakimiyyət böhranlarının, 20 Yanvar faciəsinin , Xocalı soyqırımının, Qarabağ ağrılarının efir həllinə çiyin vermək, AzTV- də rəhbər dəyişikliklərinin dalğalarından keçmək ona çox böyük təcrübə qazandırır.
Ömrün İTV mərhələsi
İctimai Televiziya və Radio Yayımları Şirkətinin yox yerdən yaranmasında, daşından-divarından tutmuş studiyaların qurulmasına, kadrların seçilməsinə,verilişlərin tərtibatına kimi çətin bir işin öhdəsindən gəlmək, kollektivlə bir yerdə, Çingiz Aslanovun da taleyinə yazılıbmış.
Bu, tamam fərqli bir sınaq idi. Ötən illərin təcrübəsi bütün bu işlərə dayaq oldu. Həm milli, həm də bəşəri dəyərlərə söykənən televiziya çox qısa bir müddətdə tamaşaçılarını öz ətrafına topladı və qarşıdakı 8 ildə bu etimadı ancaq doğrultmaqla məşğul oldu. Avropa Yayımları Birliyinə üzv olmağın, xarici TV-lərlə əməkdaşlığın, prezident və parlament seçkilərində canlı debatların təşkilinin , "Eurovision" həyəcanlarının ağırlığı hamıdan öndə baş direktorla onun öhdəsinə düşdü. Və nə yaxşı həmin günlər həm İTV tarixinə, həm də hamımızın ömrünə-gününə yazıldı...
Əsl dost
Çingiz müəllim çox sədaqətli, dar gündə adamın arxasında dağ kimi duran bir dostdur. Bunu mən demirəm , dostları deyir. İctimai Televiziyada müavini olduğu baş direktor İsmayıl Ömərovla onu 40 ilə yaxın dostluq bağları birləşdirir. Bu qədər müddətdə kiminləsə dost olmaq, bəlkə də, mümkündür. Amma 8 il televiziya kimi gərgin sahədə arxa-arxaya verib, Vətən, millət üçün vicdanla çalışmaq, saysız-hesabsız əsəbi məqamlardan keçib, dostluğu hər şeydən ucada saxlamaq asan iş deyil. Bu iki qosqoca dost bu sınaqdan da üzüağ çıxdı. Məncə, əsl örnək olası məsələ həm də budur.
Peşəkar idarəçilik məktəbi
İdarəçiliyin elə sirləri var ki, onun hamısını kitablardan öyrənmək olmur. Həyatın öz tələbi, hər anın öz hökmü var. Biz 8 il İctimai Televiziyada çalışanda həm baş direktordan, həm də Çingiz Aslanovdan bu mənada çox şey öyrəndik. İlk baxışda qəribə, inanılmaz görünən qərarların, planların,tədricən, necə ustalıqla həyata keçirildiyinin şahidi və iştirakçısı olduq. Pis adamlara yaxşılıq ediləndə içimizdəki üsyanla baş-başa qalsaq da, sonralar bəzən bu addımın da idarəçilik baxımından doğru olduğunu anladıq. Hər şeyin təmkinlə idarə olunmasının gərgin mühitdən daha səmərəli nəticə verdiyini gözümüzlə görüb, işimizdəki irəliləyişləri həyata keçirdik. Bu mənada, istər İsmayıl Ömərovu, istərsə də Çingiz Aslanovu (onları ayırmaq düzgün olmaz) ayrı-ayrılıqda peşəkar idarəçilik məktəbi saymaq olar.
Allah adamı
Çingiz müəllimin ən xarakterik xüsusiyyəti bu iki sözlə çox bağlıdır. Dinli-imanlı adamdır. Qəzavü-qədərə, müqəddəs yerlərin hikmətinə çox inanır. Sözündə də, əməlində də bütövdür. Dünya malında qəti gözü yoxdur. Pula-mala tamah salmaq onluq deyil. Nəfsə qalib gələ bilməyin özü elə Allaha yaxın olmağın ən vacib şərtlərindən deyilmi?.
Mərhəmətlidir, xeyirxahdır, səxavətlidir... Üstünə gələn heç kəsdən bacardığı köməyi əsirgəmir, bu öz yerində...Ümidin hər yerdən kəsiləndə sənə elə təsəlli versin ki, deyəsən, bəs dünya sənin imiş, xəbərin yoxdur. Allahın sevdiyi ən vacib xüsusiyyətlərdən biri də onda var ki, o, çoxumuzda yoxdur.
Səbr yiyəsi
Çingiz müəllimdə olan səbr handa bir adamda ola bilməz. İctimai Televiziyada çalışdığımız 8 ildə, bəlkə 8 min dəfə əsəbgərən məqam oldu. Çingiz müəllimin bir dəfə də özündən çıxdığını, hövsələsizlik etdiyini görən olmadı!!!
Bir dəfə iki departament direktorunun mübahisəsi düşür. İkisi də gəlir Çingiz müəllimin yanına ki, direktor müavini kimi, kimin haqlı olduğunu o desin. Biri qurtarır, o biri başlayır, biri belə deyir, o biri etiraz edib əksini sübut etməyə çalışır. Axırda ikisi də yorulub üzlərini Çingiz müəllimə tuturlar ki, mübahisəni haqlasın. Çingiz müəllim sakitcə dayanıb, əlini stolun altına salır, şokolad qutusu çıxarıb onlara uzadır: "Mənim şəkərim var-deyir- gedin, çayxanada bu şokoladla çay için, hirsiniz soyusun".
Direktorlar bir-birlərinin üzünə baxa-baxa qalırlar. İkisini də birdən gülmək tutur. Otaqdan da gülə-gülə çıxıb gedirlər.
Sonralar bildik ki, şəkər-zad bəhanə imiş Belə eləyib ki, camaat mənasız mübahisələrlə özünü yormasın...
Məsləhət yeri
Çingiz Aslanov bu gün təkcə öz nəslinin, doğmalarının, dostlarının deyil, ona ağız açan hər bir kəsin məsləhət yeri olmağı bacarır. Ən çətin vəziyyətlərdə düzgün çıxış yolu tapmaqda ona çox az adam çatar. Bunun 100 dəfələrlə şahidi olduq və onun ətrafındakılar da bütün bunlardan çox şey görüb-götürmək imkanı qazandılar.
Çingiz müəllim həmişə deyir ki, həyatda hər şey ürəyimcə olub, şükür, Azəri, Turalı evləndirmişəm, öz ailələri, övladları var. Əlbəttə, həyatı istədiyin kimi qurmaq, yaşamaq böyük xoşbəxtlikdir. Amma arzular haçan tükənir ki...
Arzu da var, arzu da
Onların evində nəvələri Nuray və Aydandan başqa 2-ci bir Cingiz Aslan da böyüyür. Babasının təkcə adının, soyadının deyil, həm də xarakterinin davamçısı Çingiz...Balalarının, nəvələrinin xoş gününü görmək, uğurlarına sevinmək ona həyat verir, amma arzuları evinin ailəsinin hüdudlarından çox-çox genişdir...
Çingiz müəllim bir jurnala müsahibə verərkən: "Qarabağ özümüzə qayıdan gün Ağdamdakı kəndimizdən ilk reportajı mən verəcəm"- demişdi.
Allah arzunuza çatdırsın, Çingiz müəllim! Sizə o günün sevincini mümkün qədər tez yaşamağı arzulayırıq. 60 yaşınız mübarək olsun!
Qərənfil XƏLİLOVA,
Əməkdar jurnalist