Naxçıvan Azərbaycanın qədim tarixə malik regionlarından biridir. Buradakı qədim tarixi abidələr, maddi-mədəniyyət nümunələri Naxçıvanın təkcə Azərbaycanın deyil, bəşəriyyətin təşəkkül tapdığı ən qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir.
Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev Naxçıvanı Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyar kimi səciyyələndirib. Tarixi tədqiqatlar da hələ eramızdan əvvəl Naxçıvan ərazisində ulu əcdadlarımızın yaşayıb-yaratdığını təsdiqləyir. Naxçıvan tarixi-mədəni abidələri ilə yanaşı həm də tarixi şəxsiyyətləri ilə məşhurdur. Bu da onu göstərir ki, Naxçıvan həm maddi-mədəni, həm də mənəvi baxımdan Azərbaycanın zəngin bölgəsidir. Silsilə yazılarımızda sözügedən regionun məşhur maddi-mədəni abidələri və tarixi şəxsiyyətləri haqqında ayrılıqda bəhs edəcəyik. İndilikdə isə Naxçıvanın maddi-mədəni abidələri haqqında panoramik təsəvvür yaratmaq niyyətindəyik.
lll
Naxçıvan ərazisində qədim və orta əsrlərə, eləcə də müasir dövrə aid maddi mədəniyyət nümunələri və tarixi abidələr- ilk insanların yaşadıqları mağaralar, qədim yaşayış məkanları, erkən şəhər mədəniyyətini təcəssüm etdirən yerlər, möhtəşəm qala divarları, qayaüstü rəsmlər, daş heykəllər, xatirə memarlığının ən mükəmməl örnəkləri olan türbələr, səcdəgahlar mövcuddur. Bu abidələr təkcə qədim əcdadlarımızın məişətini öyrənmək üçün yox, ümumilikdə xalqımızın tarixini öyrənmək baxımından qiymətli məxəzlərdir.
Naxçıvan ərazisindəki Qazma, Əshabi-Kəhf və Kilit mağaraları, Batabat yaylağında, Naxçıvançay və Əlincəçay vadilərində, Haçadağın cənub ətəyində aşkar olunan tarixi abidələri qədim daş dövrünə aiddir. Tarixi mənbələrdə qeyd olunur ki, IV minilliyin sonu - II minilliklərdə Naxçıvan ərazisində Oğlanqala, Çalxanqala, Govurqala kimi qalaşəhər məntəqələri meydana gəlib.
Daş dövrü abidələri içərisində ən məşhuru eradan əvvəl III minilliyə aid edilən Əshabi-Kəhf ziyarətgahıdır. Bu qədim abidə əski tariximizin yadigarı olmaqla yanaşı, həm də xalqımızın dini inanc sistemində özünəməxsus yer tutur. Təsadüfi deyil ki, İslam dininin müqəddəs kitabı "Qurani-Kərim"də bu ziyarətgahla bağlı surə var.
Naxçıvan daş dövrünə aid ən qədim abidələrindən olan Gəmiqaya qayaüstü rəsmləri təkcə ölkəmizdə deyil, dünyada da tarixçi alimlərin diqqətini cəlb edib. Eradan əvvəl IV-I minilliyə aid edilən, qayaüstü rəsmlər, rəmzi işarələrlə zəngin olan Gəmiqaya abidəsində ulu əcdadlarımızın bədii təfəkkür tərzi, adət-ənənələri, estetik-fəlsəfi baxışları, dünyagörüşü və dini-ideoloji təsəvvürləri öz əksini tapıb.
Naxçıvan qədim və orta əsrlərə aid memarlıq abidələri ilə də zəngindir. XII əsrdə qüdrətli Azərbaycan Atabəylər dövlətinin paytaxtı olmuş Naxçıvanda urbanistik mədəniyyət təşəkkül tapıb. Atabəylər dövlətinin hakimiyyəti dövründə Naxçıvan daha əzəmətli bir şəhər olub, ölkənin siyasi- iqtisadi, mədəni-sənətkarlıq mərkəzinə çevrilib. Həmin dövrlərdə Naxçıvanda memarlıq sənəti inkişafının yüksək səviyyəsinə çatıb, bununla bağlı Azərbaycan memarlığının ayrıca üslubu yaranıb. Təsadüfi deyil ki, bu üslub sonralar daha da inkişaf etdirilərək geniş yayılıb və "Naxçıvan memarlıq məktəbi" adı ilə tarixə düşüb. Bu məktəb bəşəriyyətə Əcəmi Əbubəkr oğlu Naxçıvani, Əmirəddin Məsud Naxçıvani, Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani kimi dahi memarlar, sənətkarlar bəxş edib.
Bu memarların xidmətlərindən biri də qülləvari türbələrin yaradılmasıdır. Memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin XII əsrin ikinci yarısında Naxçıvanda ucaltdığı Yusif Küseyir oğlu və Mömünə Xatun türbələri orta əsrlər mədəniyyətinin uğurlu xatirə memarlıq abidələri kimi diqqət çəkir.
XII əsrdən etibarən Naxçıvanda 3-4 mərtəbəli yaşayış evlərinin, zadəgan saraylarının, məscidlərin, möhtəşəm tərtibata malik hamamların inşası burada şəhər mədəniyyətinin yüksək inkişaf səviyyəsinin göstəricisidir.
Ötən dövrlər ərzində, xüsusilə də Sovetlər rejimində Naxçıvandakı tarixi abidələrə münasibət birmənalı olmayıb, bəzən laqeydlik, bəzən də zamanın sınaqları nəticəsində onların bir qismi dağılıb sıradan çıxıb, bir qismi isə baxımsız qalıb.
Yalnız ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra tariximizin nümunələrinə, abidələrimizə münasibət dəyişilib, onların yad təsirlərdən qorunması, mühafizəsi, restavrasiyası və bərpası işi diqqət mərkəzində saxlanıb.
Ümummilli lider tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin təşkil edilməsi Naxçıvan tarixinin və maddi mədəniyyət nümunələrinin öyrənilməsinə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Onun şəxsi diqqət və qayğısı nəticəsində Mömünə Xatun və Qarabağlar memarlıq kompleksi konservasiya edilib, Əshabi-Kəhf, İmamzadə, Buzxana, abidələri, Bazarçay ətrafındakı yeraltı abidə, Şərq hamamı, Yuif Küseyir oğlu türbəsi, Xan evi, Ordubadda Aza körpüsü, qədim Zorxana abidəsi, Culfada Xanəgah kompleksi əsaslı bərpa olunub. Bundan əlavə, daşdan düzəldilmiş qədim qoç heykəllərini qorumaq, bu nadir nümunələri öyrənmək və təbliğ etmək məqsədi ilə Açıq Səma altında muzey yaradılıb, Naxçıvan memarlıq məktəbinin müasir dövrümüzdə ən layiqli davamı olan Hüseyn Cavid məqbərəsi ucaldılıb. Gəmiqaya qayaüstü təsvirlərini öyrənmək məqsədi ilə elmi ekspedisiyalar yaradılaraq Naxçıvan abidələrinin sistemli şəkildə öyrənilməsinə başlanıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili", "Nuh peyğəmbərin Naxçıvan şəhərində məzarüstü abidəsinin bərpa edilməsi" haqqında, Ordubad "Gəmiqaya Tarix-Bədii Qoruğu" və Şərur "Arpaçay Tarix-Mədəniyyət Qoruğu"nun yaradılması haqqında müvafiq sərəncamları tarixi abidələrimizin öyrənilməsinə mühüm töhfələr verib.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev də Naxçıvanın maddi-mədəni abidələrini hər zaman diqqət mərkəzində saxlayır. 2010-cu ildə Naxçıvanda 1200-ə yaxın tarixi-mədəniyyət abidəsi qeydə alınıb. Bu abidələrdən 500-dən artığı dünya və ölkə əhəmiyyətli, digərləri isə yerli əhəmiyyətlidir. Qeydə alınmış abidələrin əsasında "Naxçıvan Abidələri" Ensiklopediyası hazırlanıb. 2013-cü ildə Culfa rayonunun Əbrəqunus kəndində məscidin tikintisi, Teyvaz kəndində məscidin əsaslı təmiri, "Əshabi-Kəhf Ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksinin, Naxçıvanın Rəssamlar Birliyinin inzibati binası və sərgi salonunun tikintisi başa çatdırılıb. 2013-cü ildə Naxçıvan şəhərində Saat Meydanı və parkın, Culfa rayonunda Dövlət Bayrağı Meydanının tikintisi, Kəngərli rayonunun Qıvraq qəsəbəsində Heydər Əliyev Mədəniyyət və İstirahət Parkının təmiri yekunlaşdırılıb.
Naxçıvanda hazırda da tarixi dəyərə malik abidələrin tədqiqi, mühafizəsi və bərpası istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir.
(ardı var)
S.ABDULLAYEVA