Dünən "Yeni Həyat" Şirkətlər Qrupu yeni "7 S" keyfiyyət standartı layihəsini təqdim edib. 2002-ci ildə əsası qoyulan "Yeni Həyat" Şirkətlər Qrupu hal-hazırda Azərbaycanın inşaat sektorunun liderlərindən birinə çevrilib. Şirkət bütün fəaliyyət dövründə bir çox uğurlu layihələr həyata keçirərək yeni yaşam tərzini əks etdirən yaşayış kompleksləri və iş ortamlarını istifadəyə verib. Keyfiyyət , dizayn, yerləşmə və kompleksliliyi özünün əsas meyarlarına çevirən "Yeni Həyat" Şirkətlər Qrupu müştəri tələb və məmnuniyyətini hər zaman öndə tutaraq yeni layihələrə imza atmaqdadır.
Four Seasons Hoteldə keçirilən təqdimat mərasimində M.B.A LTD şirkətinin rəhbəri Nüsrət İbrahimov çıxış edərək ölkədə yeni tikilən binaların mövcud hüquqi və texniki problemlərini diqqətə çatdırıb. Onun sözlərinə görə, yeni tikililərin əksəriyyətində hazırda sənədləşmə prosesində, alıcı və satıcı arasında bağlanan müqavilələrdə bir çox problemlər yaranır. "Bu gün yeni binalarda mənzil alan bir çox şəxslər avtodayanacaq, həyətyanı sahənin az olması, yaşıllığın olmaması, binaların çox yaxın tikilməsi səbəbindən mənzillərdə səs-küyün olması problemləri ilə rastlaşırlar. Lakin "7 S" konseptinin tətbiq edildiyi binalarda bu problemlərlə rastlaşmaq ehtimalı yoxdur. Burada sakinlərin komfortunu təmin edən bütün tələblər öz həllini tapıb".
Daha sonra "Yeni Həyat" Şirkətlər Qrupunun marketinq üzrə mütəxəsissi Elmira İsmayılova "7 S" layihəsi haqqında məlumat verib: "Bizim əsas məqsədimiz yaşayış komplekslərinin tikintisində ümumi qəbul olunmuş prinsiplərin formalaşdırılmasıdır. Yaşayış komplekslərinin tikintisi zamanı sakinlərin rahatlığı üçün əsas şərt olan şəraitin hazırlanması, mənzil seçimində müştərilərə rahat şəraitin formalaşdırılmasıdır". Onun sözlərinə görə , bu gün yeni tikilən binaların əksəriyyəti təmirsiz mənzil təqdim edərək sakinlərin əalvə vaxt itirmələrinə zəmin yaradırlar. " Hər bir insan daim rahat və komfortlu mənzil arzusundadır. "7 S" konseptinin daha bir elementi təmirli mənzillərin əldə olunmasına yönəlib. Məhz bu element insanların vaxtına qənaət edərək birbaşa tam komfortlu mənzilə sahib olmağa şərait yaradır".
Mənzil rahat həyatın ən ümdə atributlarından biri, hətta birincisidir. İnsanlar ən böyük sərmayəsini də məhz mənzil almağa qoyurlar. Bu baxımdan da mənzilə olan tələblər gündən-günə dəyişir, artır. Müasir insanlar ailələrinin maksimal komfortda yaşamalarını təmin edə biləcək yaşayış komplekslərinə üstünlük verirlər. Aparılan araşdırma və sorğuların nəticəsində "Yeni Həyat" Şirkətlər Qrupu mənzil alışında üstünlük verilən 7 əsas tələbi müəyyən edərək onu özünün standartına çevirməyi məqsəd qoyub. Bir çox standartlar var ki, "7 S" layihəsində tətbiq edilib.
1.Təmizlik, təhlükəsizlik, konsyerj və müştəri servisi daxil olmaqla binalara tam xidmət;
2. Hər bir müştərinin təmirli mənzilə və minimum bir qaraja sahib olma imkanı;
3.Geniş həyətyanı sahədə açıq istirahət mərkəzinin olması;
4.Bütün gündəlik ehtiyacları ödəyə biləcək genişsahəli hipermarket;
5.Kişi və qadınlar üçün ayrı Fitness&SPA salonlar və hovuzların yer aldığı sağlamlıq mərkəzi;
6.Uşaq bağçası və ya məktəbəqədər təhsil mərkəzi;
7.Sakin və qonaqların asudə vaxtlarını keçirə biləcəkləri əyləncə mərkəzi və iaşə obyektləri.
Qeyd edək ki, "7 S" keyfiyyət standartları şirkətin tikilməkdə olan Park Azure və Grand Hayat yaşayış komplekslərində artıq tətbiq edilməyə başlayıb.
Tədbirin sonunda mütəxəsisslər KİV nümayəndələrinin suallarını cavablandırıb.
SAMİRƏ