"Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında KİV orqanları və dövlət qurumlarının mətbuat xidməti rəhbərlərinin iştirakı ilə keçirilən müşavirə çox əhəmiyyətlidir".
Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov "525"ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, mətbuat qeyri-peşəkarların belə demək mümkünsə, tribunasına çevrilib: Mətbuatda Azərbaycanın milli maraqları, milli təhlükəsizliyi, ordusu, hərbisi ilə bağlı olan sirrlər açıqlanırsa, yayılrsa və buna da heç kim məsuliyyət daşımırsa, o zaman hansı yüksək mənəviyyatlı və peşəkar jurnalistikadan danışmaq olar? Avqust ayında cəbhə-təmas xəttində baş verən hadisələr zamanı bir daha Azərbaycan mətbuatının, Azərbaycan jurnalistikasının hansı durumda olduğu üzə çıxdı. Məlum oldu ki, Azərbaycan mətbuatı-jurnalistikası fors-major situasiyalara heç cür hazır deyil, əksinə bir çoxları Azərbaycanın maraqları əleyhinə getməkdən belə çəkinmirlər. Bu isə olduqca qorxulu bir tendensiyadır və bunun qarşısı alınmalıdır. Qanun riyaziyyat deyil, dəqiq elmlər sahəsinə aid deyil, o humanitar elmlər sahəsinə aiddir. Yəni, qanun bütün məsələləri riyazi dəqiqliklə tənzimləmir. Ona görə hər bir jurnalist bu məsələdə insani dəyərlərini nümayiş etdirməli, milli vətənpərvərlik mövqeyindən çıxış etməli, öz sözündə, mövqeyində, yanaşmasında məsuliyyətli olmalıdır, xalqının, dövlətinin milli maraqlarına zərrə qədər toxunacaq heç bir hərəkətə yol verməməlidir..."
R.Cəbrayılovun bildirdiyinə görə, təəssüf ki, bu gün ifrat siyasiləşmiş qəzetlərdə jurnalistlərin peşə davranışı normaları - qərəzsizlik, obyektivlik, vicdanlılıq, hadisələrə obyektiv baxış kimi ümdə prinsiplər mütəmadi pozulur: "Xaricdən maliyyələşən bəzi qəzetlər hətta Azərbaycan xalqının dövlətçilik maraqlarına və milli mənafelərinə zidd olan, milli-etnik münasibətləri qızışdıran yazılar dərc etməkdən də çəkinmirlər. Anti-azərbaycançı şəbəkənin əlində vasitəyə çevrilən, düşmən "dəyirmanına su tökən" bu qəzetlər üçün milli maraq məhfumu da yoxdur. Sözdən qeyri-peşəkar, ləyaqətə toxunan bir formada istifadə isə cəmiyyətdə mənəvi-psixoloji fəsadlara rəvac verir. Unutmaq lazım deyildir ki, "Kütləvi informasiya vasitələri haqqında" qanunda jurnalistlərin hüquqları ilə yanaşı, vəzifələri də geniş əksini tapıb. Qanunun 10-cu maddəsində kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi də birmənalı təsbit edilmişdir. Həmin maddədə göstərilir ki, "Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir". Şübhəsiz ki, hər bir hüquq kimi söz və mətbuat azadlığı da mütləq xarakter daşımır və hüdudsuz deyildir. Kimə məxsus olmasından asılı olmayaraq müəyyən bir qəbildən olan hüquq və azadlıqların hüdudsuzluğu digər qəbildən olan hüquq və azadlıqlarla toqquşaraq, hüquqi dövlətin əsas prinsipləri ilə bir araya sığmayan hüquqi xaosa gətirib çıxara bilər. Hüquq və azadlıqlar hüquqi vəzifələrlə uzlaşdırılmalıdır ki, heç kim hüdudsuz hüquq və azadlıqlara malik olmasın. Çünki hüdudsuz hüquq və azadlıqlar yalnız digər hüquq və azadlıqların pozulması hesabına reallaşır. Hüquq və azadlıqların hüquqi vəzifələrlə uzlaşdırılması Azərbaycan qanunvericiliyində də dünya təcrübəsinə uyğun olaraq sivil formada həll edilib. Lakin bu gün açıq-aşkar təhqir və böhtan yolunu tutan bir sıra "qəzetlər"in bunun müqabilində məsuliyyətdən tamamilə azad olunması cəmiyyətdə cəzasızlıq presedentinin formalaşmasına rəvac verə bilər".
R. Cəbrayılov "Diffamasiya haqqında" qanunun da əleyhinə oldugunu bildirib: "Bu qanunun qəbuluna heç bir ehtiyac görmürəm. Düzdür, Azərbaycan Avropa Şurasına tam - bərabərhüquqlu üzv qəbul olunarkən, həmin qurum qarşısında bir sıra öhdəliklər götürüb və onlardan da biri "Diffamasiya haqqında" qanunun qəbuludur,-onu da deyim ki, həmin vaxtdan bu günə kimi Azərbaycan öhdəliklərinin hamısını bir-bir yerinə yetirib, amma bununla belə hesab edirəm ki, indiki məqamda və reallıqda bu qanunun qəbulunun Azərbaycan cəmiyyətinə ziyanı olar, nəinki xeyri. Bu qanunun qəbulunu təklif edən Avropanın, Avropa Şurasının aparıcı, qabaqcıl hesab edilən ölkələrində təxminən 200-250 il bundan əvvəl baş verənləri göz önünə gətirmək istərdim. Vaxtilə Avropa ölkələrində adi bir sözə, təhqirə görə duelə çıxırdılar, bir-birini güllələyirdilər. Və yaxud, Rusiyanı götürək. Rusiyanın məşhur və dahi yazarları Puşkin, Lermantov duelin qurbanı olmadılarmı? İndi həmin ölkələr niyə keçmişlərini belə tez unudurlar? Bizdə də elə insanlar var ki, təhqirin pulla ekvivalentini qəbul etmirlər, onlar öz kişiliklərini, öz mənliklərini puldan da, hər şeydən də üstün tuturlar. Sən kiminsə ailəsini-həyat yoldaşını, qızını təhqir et, sonra da məhkəməyə veriləndə canını mülki qaydada, pul ödəməklə qurtar? Bu, necə ola bilər axı? Bizim elə ləyaqətli, yüksək mənəviyyatlı kişilərimiz var ki, onlar bunu özlərinə yaraşdırmırlar. Ona görə də şərəf və ləyaqətin təhqirinə görə Cinayət Məcəlləsində əksini tapan maddələrin oradan çıxarılması, bu məsələnin Mülki Məcəllə ilə tənzimlənməsi və nəhayət də "Diffamasiya haqqında" qanunun qəbul olunması qəbul olunan deyil. Şəxsən mən bir millət vəkili kimi bunun əleyhinəyəm..."
Kamil HƏMZƏOĞLU