|
|
|
|
Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin təşkilatçılığı ilə mərhum yazıçı və dramaturq, dəyərli alim Aslan Qəhrəmanlının 75 illik yubileyinə həsr olunan mərasim keçirilib. Mərasim Aslan Qəhrəmanlının həyat və yaradıcılığını əks etdirən sərgiyə baxışla başlayıb.
Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin sədri professor Asəf Zamanov mərhum Aslan Qəhrəmanlı ilə bağlı xatirələrini bölüşüb, onun haqqında bioqrafik məlumatları nəzərə çatdırıb. Bildirib ki, Aslan Qəhrəmanlı 1939-cu il sentyabr ayının 14-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1961-ci ildə Elmlər Akademiyasının Hesablama Mərkəzində başlayıb, həmin mərkəzin bazası əsasında Kibernetika İnstitutu yaradılandan sonra orada müxtəlif vəzifələrdə elmi tədqiqatla məşğul olub. 1972-1975-ci illərdə İttifaq NeftMaş Birliyinin xüsusi konstruktor bürosunda laboratoriya rəisi vəzifəsində çalışıb. 1975-1977-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Tətbiqi riyaziyyat kafedrasında baş müəllim işləyib. Bir müddət Rostov Dəmiryol Mühəndisləri İnstitutunun Bakı filialında baş müəllim işlədikdən sonra yenidən indiki Azərbaycan Dövlət Neft Akademiyasına dəyişilib. 1980-ci ildən 2007-ci ilə qədər həmin Akademiyada əvvəlcə baş müəllim, sonra dosent vəzifəsində işləyib. 2007-ci ilin sentyabrından Azərbaycan Universitetinə keçib, bu universitetin Riyaziyyat və informatika kafedrasının dosenti, 2011-ci ilin fevralından 2012-ci ilin iyununa qədər rektoru olub.
Aslan Qəhrəmanlı bir sıra elmi əsərlərin müəllifi, iqtisadiyyatda modelləşdirməyə dair dərsliyin və vergilərə dair dərsliklərin həmmüəllifidir. 2003-cü ildən nəşrə başlayan “Azərbaycanın vergi jurnalı”nın həmin ildən 2010-cu ilə qədər baş redaktoru olub.
Yazıçı kimi özünü 1967-ci ildə “Gənclik” nəşriyyatında çıxan “Gənc qələmlər” almanaxında dərc olunmuş “Dağların mahnısı” adlı ilk hekayəsi ilə sınayıb. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
Azərbaycan televiziyasının “Müasirlərimiz” devizi ilə 1986-cı ildə keçirdiyi ən yaxşı televiziya pyesləri müsabiqəsində “Ürək” pyesi 2-ci mükafata layiq görülüb. İlk çoxhissəli teletamaşaya çevrilən “Səni axtarıram”, “Bağışla” və “Səndən xəbərsiz” adlı üçhissəli telepyeslərin müəllifidir. Əsas rollarda Firəngiz Mütəllimova və Yaşar Nurinin çəkildikləri bu tamaşa hələ də sevilə-sevilə baxılır. Onun radio üçün yazdığı “Daşa dönmüşlər şəhəri”, “Şeytan”, “Ceyran əfsanəsi”, “Tutuquşu” və sair kimi 13 nağıl-pyesi Azərbaycan radiosu ilə səsləndirilib.
Aslan Qəhrəmanlı 2010-cu ildə “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” yubiley medalı ilə təltif olunub. Ağır xəstəlikdən sonra 19 yanvar 2014-cü ildə vəfat edən A.Qəhrəmanlı anadan olduğu Ağstafa rayonunda dəfn edilib.
Mərasimdə Aslan Qəhrəmanlının ailə üzvləri ilə birgə, akademik Teymur Bünyadov, Azərbaycanın Yazıçılar Birliyinin katibi Rəşad Məcid, mərhum yazıçının yaxın dostları Akif Musayev, Ələddin Hüseynov, Cavad Zeynal, Maarif Soltan, “Ulduz” jurnalının bas redaktor müavini Təranə Vahid, “Azərbaycan vergi jurnalı”nın məsul katibi Elşən Əliyev, “Vergilər” qəzetinin baş redaktoru Anar Əliyev iştirak ediblər. A.Qəhrəmanlını ehtiramla yad edən tədbir iştirakçıları onun həm insan, həm də alim və yazıçı kimi məziyyətlərini vurğulayıblar. Xatirələrini bölüşən Rəşad Məcid A.Qəhrəmanlını orijinal xarakterli, yüksək mənəviyyata malik, yaradıcı ruhlu şəxsiyyət kimi səciyyələndirib: “Mən Aslan müəllimi gənc yaşlarımdan qiyabi tanımışam. İlk tanışlığımız rəhmətlik Tofiq Abdinin vasitəsilə olub. Tofiq müəllim çox tez-tez Aslan müəllim haqqında danışardı. Aslan müəllimlə görüşəndə o insanın necə orijinal, həyat eşqilə dolu, sadə və böyük ürəyə sahib olduğunu anladım. Sakit, təmkinli danışığının arxasında iti yumor hissi, hazırcavablıq vardı. Təəssüf ki, görüşlərimiz az oldu. Aslan müəllim yaratdıqları ilə yaşayan insanlardandır, onun söhbətlərinin və əsərlərinin unudulmaz təəssüratı həmişə bizimlə olacaq”.
Vəfa MƏMMƏDLİ