Gözəl xasiyyət dinin yarısıdır. Məhəmməd Peyğəmbər (s.ə.s)
24 avqust... Qədim əfsanələr, rəvayətlər məkanı və sivilizasiyalar beşiyi olan Egey dənizinin sahilində yay fəslinin ən gözəl çağlarından biri idi. O gün səma şəffaf, dəniz gömgöy, yay günəşi parlaq görünürdü.
Bodrumda dəniz havasının təravətinə gözəllik qatan qızmar günəşin ilıq şüaları altında müxtəlif irqdən, millətlərdən olan adamlar istirahətdən həzz alır, özlərini dünyanın ən xoşbəxti sayırdılar. Bu müxtəlif insanların istirahətdən necə zövq aldığını görəndə düşünürsən ki, dünyada hər kəsin layiqli yaşamaq, gözəl təbiət qoynunda xoş istirahət etmək haqqı var... İnsanların sahib olduğu bütün gözəllikləri dünyaya bəxş edən ulu Tanrıdır. Dünyanın hər güşəsində qəlbində Allah sevgisi olan insanlar rahatlığa, dincliyə can atır, ölkələrində sülh və barış istəyirlər... O gün səma bütün çılpaqlığı ilə dənizdə əks olunmuşdu. Gömgöy Egey dənizinə baxanda insanın ruhu dincəlirdi. Dənizin qoynundan könüllərə sığal çəkən, qəlbləri oxşayan sərin meh əsirdi. Egeyin sol və sağ sahili göz işlədikcə uzanan yamyaşıl dağlardı. Hər il bir milyondan çox turisti qəbul edən, mavi qübbəli Egeyin sahilində dayanıb günəşin çıxmasını və batmasını izləmək adama xoş duyğular, gözəl ovqat bəxş edir... Yaşadığımız “Amara-İsland Elit” otelinin zümrüd rəngli zeytunlarla haşiyələnən yay yeməkxanası Egeyin lap sahilində idi. Mən və dostum Hadi Rəcəbli həyat yoldaşlarımızla nahar edirdik. Elə bu zaman mobil telefonum zəng çaldı. Bakıdan Milli Məclisdən ümumi şöbənin məsul işcisi Gülnara İsmayılova idi. Salamlaşdıq. Gülnara xanım Bakıya nə vaxt qayıdacağımı soruşdu. Mən, avqustun 30-da, dedim. Gülnara xanım bir az fasilə verəndən sonra dedi ki, Patriarx II İlya həzrətlərinin təşəbbüsü ilə dövlət rəsmilərinin avqust ayının 29-da Tbilisidə möhtərəm Şeyximiz Allahşükür Paşazadənin 65 illik yubileyi keçiriləcək. Siz də nümayəndə heyətinin tərkibindəsiniz .
Mən onu o dəqiqə başa düşdüm və: – Siz arxayın olun, mən biletimi dəyişərəm, ayın 29-da Bakıda olaram,- dedim. ... Sonra xəyal məni bir neçə il əvvələ – Ümumgürcüstan Katolikos-Patriarxı II İlyanı gördüyüm ana apardı. Bakıda Şıxov qəsəbəsi ərazisində olan “1001 gecə” restoranı... Mavi Xəzərin sahili... O gün dəniz sakit idi, mülayim idi, təbəssümlü idi. Sanki ana təbiətin mavi su dünyası Şeyx həzrətləri Allahşükür Paşazadənin qonağı olan Patriarx II İlyanı səmimi qarşılayır, ona bütün azərbaycanlılar adından “xoş gəldin” deyirdi. O gün günəş səmada parlamasa da, mən patriarxın simasında günəşin nurundan yaranmış bir varlıq görürdüm. Və o zaman mənə elə gəldi ki, bu varlıq adi insan varlığı deyil, Tanrının yaratdığı bir mömin, bir məsum, bir müqəddəs varlıqdır. Mən onunla sonrakı görüşlərimdə də bunu hiss etdim. Düşünürəm ki, onu bir şəxsiyyət kimi tutduğu vəzifə deyil, o vəzifəsini şöhrət zirvəsinə qaldırmışdı. Sonra Tbilisidəki görüşümüz yadıma düşdü. O vaxt Ümumgürcüstan Katolikos-Patriarxı II İlyanın anadan olmasının 80 və ali dini vəzifəyə seçilməsinin 35 illik yubileyləri münasibətilə təşkil olunan mərasimlərdə iştirak etmək üçün möhtərəm Şeyx həzrətləri məni də nümayəndə heyətinin tərkibinə daxil etmişdi. Təyyarə Tbilisidəki hava limanına catanda gözlərimə inanmadım. Təyyarə meydanında patriarx başda olmaqla böyük bir nümayəndə heyyəti bizi qarşılayırdı.
Televiziya, mətbuat işçiləri əlindən tərpənmək olmurdu. Gül – çiçək dəstələri başımıza səpilirdi. Doğrudan da unudulmaz və yadda qalan bir göruş idi... Mən o vaxt həmin möhtəşəm səfər haqqında geniş yazdığıma görə, indi bu barədə az danışaçağam. Sadəcə onu deyim ki, iki din liderinin Gürcüstan torpağında səmimi görüşü və Qafqazda sülh naminə birgə səyləri hamının qəlbində iftixar hissi oyatmışdı. O zaman II İlya “Qafqaz müsəlmanlarının dini liderinin Gürcüstana səfərini Azərbaycan və Gürcüstan xalqları arasında olan dostluğun təzahürü” adlandıraraq belə demişdi: “Mən səfərdən məmnunam və azərbaycanlı dostuma minnətdaram...” Gürcüstan paytaxtında Patriarxın 80 illiyi əsl bayram kimi qeyd olunurdu. Yubiley mərasiminin keçirildiyi salonda qoyulmuş geniş ekranda onun doğulduğu kəndlə canlı bağlantıya baxdığım zaman, yeni dünyaya gələn minlərlə oğlan uşaqlarına gürcülərin onun şərəfinə İlya adlandırması xəbərini eşidəndə və gürcü rəhbərlərin ona sonsuz etiramını görəndə mən həqiqətən hiss etdim ki, bu insan nə qədər xeyirxahdı, cəfakeşdi, bu adamın xalq arasında nə qədər nüfuzu, böyük hörməti var... Ona görə əmin idim ki, möhtərəm şeyximizin Gürcüstana növbəti səfəri, 65 illik yubileyinin Tbilisidə keçirilməsi də çox maraqlı məqamlarıyla yadda qalacaq, xatirələrdə dərin iz buraxacaq... lll Gözəl istirahət məkanı olan Bodrumda qısa yay istirahətimi vaxtından əvvəl başa vurub, Bakıya uçdum. Avqustun 29-da səhər saat dörddə evə çatdım. Səhər yeddidə isə yenidən hava limanına yollandım. Burada kimləri görsəm yaxşıdır?! Ən çox sevdiyim millət vəkilləri – Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovu, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimovu, Milli Məclisin İntizam Komissiyasının sədri, YAP icra katibinin müavini Siyavuş Novruzovu, akademik Vasim Məmmədəliyevi, möhtərəm Şeyximizin müavini Hacı Salmanı, Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovu , Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein və Dağ Yəhudiləri İcmasının başçısı Melix Yevdayevi, QMİ mətbuat xidmətinin rəhbərəi Rəhimə xanımı görüb onlarla salamlaşdım. Yeri gəlmişkən, bir müdrikə sual verirlər ki, yolu qısaltmaq üçün nə etmək lazımdır? Müdrik cavab verir ki, bunun üçün yaxşı yol yoldaşları seçməlisən. Mənim də həmişə olduğu kimi bu səfərdə də bəxtim gətirmişdi. Ən çox hörmət elədiyim insanlarla yol yoldaşı olacaqdım. Bir azdan möhtərəm Şeyx həzrətləri də gəlib çıxdı. Hamımız ayağa durub onunla görüşdük. Biz, onun 65 illik yubleyini təbrik etdik. Bir neçə dəqiqədən sonra möhtərəm prezidentimiz İlham Əliyevin Şeyx həzrətləri üçün ayırdığı xüsusi təyyarəyə oturduq. Təqribən bir saatdan sonra təyyarəmiz Tblisidəki Beynəlxalq hava limanında yerə qondu. Yenə Ümumgürcüstan Katolikos-Patriarxı II İliya öz nümayəndə heyəti ilə bizi qarşılamağa gəlmişdi. QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla nümayəndə heyətimizi çox səmimi və isti qarşıladılar. Hamımız patriarxın əlini sıxdıq və ona Şeyxülislamın Tbilisidə yubiley mərasiminin keçirilməsinin təşəbbüsçüsü olduğuna görə minnətdarlığımızı bildirdik. Buradaca jurnalistlər üçün brifinq keçirildi. Sonra bizim üçün ayrılmış xüsusi avtomobillərə oturaraq, Şota Rustaveli küçəsində orijinal görünüşə malik “Marriot” otelinə yola düşdük. Bir az dincəldikdən sonra Tbilisidə Heydər Əliyevin abidəsini ziyarət etdik, önünə əklil və tər çiçəklər qoyub Ulu Öndərin xatirəsini yad etdik və ruhuna dualar oxuduq. lll Az sonra patriarxın mənzil –qərargahına gəldik. Bir saatdan artıq sürən görüş əsl dostluq və qardaşlığın bariz simvoluna çevrildi. Patriarx Şeyxülislam Hacı Allahşükür Paşazadənin bu səfərini tarixi bir səfər adlandırdı. Görüş zamanı məlum oldu ki, Şeyxülislamla Patriarx bir-birlərini sovetlər dönəmindən – gənc yaşlarından tanıyırlar və zaman-zaman bu tanışlıq əbədi dostluq və qardaşlığa çevrilib. Bu gün din xadimləri münaqişə bölgələrindəki hadisələrə görə daha çox məsuliyyət daşıyır, bu bölgələrdə barış və sülhün bərqərar olmasına yorulmadan çalışırlar... Görüşdə Patriarx sözünü yekunlaşdıraraq : –
Şeyxülislam Qafqaz regionu üçün əvəzsiz xidmətlər göstərir. Bu xidmətləri qiymətləndirmək üçün mən
daha qiymətli bir söz tapa bilmirəm, – dedi. Allahşükür Paşazadə Qafqazın ağsaqqalı kimi dəyərləndirdiyi Patriarx II İliyaya Azərbaycanda böyük ehtiram bəslənildiyini, zamanında Ulu Öndər Heydər Əliyevin onu yüksək qiymətləndirdiyini görüş iştirakçılarının diqqətinə çatdırdı. Şeyxülislam həzrətləri Azərbaycanın dövlət başçısı İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın salam və ehtiramlarını Ümumgürcüstan Patriarxına çatdırmaqdan şərəf duyduğunu bildirdi, həmçinin qardaş Azərbaycanda Patriarx II İliyanı həmişə gözlədiklərini, ona Uca Yaradandan uzun ömür, cansağlığı dilədi. Patriarx II İliya Şeyxülislam Allahşükür Paşazadəyə yubiley münasibətilə qiymətli hədiyyələr, Şeyxülislam həzrətləri isə Patriarxa Azərbaycanı zərif naxışları ilə vəsf edən gözəl və nəfis xalça bağışladı. lll Şeyxülislam Allahşükür Paşazadəni elə həmin gün Gürcüstan Parlamentinin spikeri David Usupaşvili qəbul etdi. Şeyxülislam həzrətlərini Gürcüstanda görməkdən məmnunluğunu bildirən spiker Azərbaycan və Gürcüstan, həmçinin iki qonşu ölkənin parlamentləri arasında olan səmərəli əməkdaşlıq barədə danışaraq, yaxın vaxtlarda Azərbaycana etdikləri səfər barədə məlumat verdi. QMİ sədri dövlətlərimizin həyatında və qardaşlıq münasibətlərimizdə baş verən müsbət dəyişikliklərdən şad olduğunu bildirdi, Ümumgürcüstan Katolikos-Patriarxı II İliya ilə hər zaman bu istiqamətdə çalışdıqlarını vurğuladı.
Allahşükür Paşazadə II İliyanın Azərbaycanın Qarabağ problemi ilə bağlı nümayiş etdirdiyi davamlı dəstək barədə gürcüstanlı spikerə minnətdarlıqla söhbət açdı, Patriarxın dəvəti ilə Gürcüstana onunla birlikdə təşrif buyurmuş Azərbaycan Milli Məclisinin üzvlərini təqdim etdi, həmkarların bir-birinə sözlərinin daha çox olacağına diqqəti çəkdi. Görüşdə Azərbaycan Milli Məclisinin deputatı və Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Azərbaycan-Gürcüstan dostluğu və qardaşlığını, iqtisadi və siyasi sahədəki əməkdaşlığı təkcə Cənubi Qafqazın deyil, bütün regionun böhrandan azad olunması üçün dəyərli nümunə kimi dəyərləndirdi. F. Heydərov xalqlar arasında dostluq və qardaşlığın qorunub saxlanılması və inkişaf etdirilməsində liderlərin, o cümlədən dini liderlərin rolunu yüksək qiymətləndirdi. Mili Məclisin Aqrar-siyasət Komitəsinin sədri Eldar İbrahimov Azərbaycan-Gürcüstan parlamentləri arasında əməkdaşlıqdan bəhs edərək, dostluq qruplarının fəaliyyəti üzərində dayandı və təklif etdi ki, parlamentlərin müvafiq komitələri arasında da dostluq qrupları yaradılsın. Milli Məclisin İntizam Komitəsinin sədri Siyavuş Novruzov qonşu dövlətlərimizin də oxşar problemlərinin mövcud olduğunu bildirərək, beynəlxalq təşkilatlar çərçivəsində ərazi bütövlüyümüzün qorunub saxlanılması məsələsini birgə qaldırmağın önəmli olduğunu bildirdi. O, həmçinin Cənubi Qafqazda Parlament Partiyaları dostluq qruplarının yaradılması ideyasını nəzərdən keçirməyi təklif etdi. Mən də öz növbəmdə Gürcüstan-Azərbaycan dostluq və qardaşlığının qorunub saxlanılması istiqamətində əməli məsələlərə toxundum. Qeyd etdim ki, Tbilisi şəhərinin Marcanaşvili adına Akademik Teatrında rejissor Sulidzenin quruluşunda Abxaziya və Osetiya münaqişəsinə həsr etdiyim “Mən qayıdacağam” adlı tamaşa artıq üç ildir ki səhnədə oynanılır. Bundan başqa “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev”, “İlham Əliyev”, “Zərifə Əliyeva” kitabları gürcü dilinə tərcümə olunaraq çap edilib. Gürcüstan Parlamentinin spikeri David Usupaşvili parlamentlərarası əlaqələrin daha intensiv olmasının vacibliyini qeyd etdi. O, Qafqazın Ali dini lideri, Şeyxülislam Allahşükür Paşazadəni yubileyi münasibətilə təbrik etdi, ən xoş arzularını çatdırdı. lll Nahar yeməyindən sonra patriarxla birlikdə Prezident Sarayına yola düşdük. Gürcüstan Respublikasının Prezidenti Giorgi Marqvelaşvili bizi və patriarxı çox səmimi qarşıladı. Bu qəbul zamanı maraqlı bir mənzərənin şahidi olduq. Prezident sanki dövlətin rəmzi olan dövlət bayrağını öpürmüş kimi diz çökərək patriarx II İlyanın əlindən və ətəyindən öpdü. Deməliyəm ki, Tbilisiyə ötənilki səfərimizdə də mən bunun şahidi olmuşdum. Keçmiş baş nazir İvanişvili də eyni cür patriarxın əlindən öpmüşdü. Mən belə hesab edirəm ki, bu təkcə patriarxa olan hörmətin, etiramın əlaməti deyildi. Bu gürcülərin öz dinlərinə, öz milli-mənəvi dəyərlərinə, öz əqidələrinə, öz gürcü xislətlərinə təzimi və hörməti idi. Əhsən!.. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəni səmimi salamlayan Gürcüstanın dövlət başçısı Gürcüstan-Azərbaycan əlaqələrinin yüksək səviyyəsindən məmnunluğunu ifadə etdi. Gürcüstan prezidenti bu əlaqələrlə fəxr etdiklərini, qonşu dövlətlərimiz arasında münasibətlər müstəvisində mənəvi əlaqələrin böyük önəm kəsb etdiyini söylədi. O, Ümumgürcüstan Patriarx-Katolikosu II İliyanın və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin Azərbaycan və Gürcüstan xalqları və dövlətləri arasında dostluq və əməkdaşlığın daha da dərinləşməsinə böyük töhfələr verdiyinə diqqət çəkdi. Prezident G. Marqvelaşvili bildirdi ki, belə dini liderlərin mövcudluğu həm Azərbaycan, həm Gürcüstan, həm də bütövlükdə Qafqazı gücləndirən cəhətlərdəndir. Xalqlarımızın xoş gələcəyi üçün enerji, infrastruktur layihələr qədər önəmli olan mənəvi əlaqələrin inkişafının vacibliyini vurğulayan Gurcüstan prezidenti bu əlaqələrin inkişafındakı rollarına görə hər iki dini liderə öz təşəkkürünü bildirdi. Şeyxülislam həzrətlərinin anadan olmasının ildönümünün Gürcüstanda qeyd olunmasının Qafqazın bütövlüyü üçün böyük önəm kəsb etdiyini söyləyən cənab G. Marqvelaşvili QMİ sədrini Gürcustan Prezidentinin Ali Mükafatı – “Şəfəq” ordeni ilə təltif etdiklərini bəyan etdi. Şeyxülislam Allahşükür Paşazadəyə ordeni təqdim edən Gürcüstan prezidenti yubilyara ən xoş arzularını yetirdi, eləcə də yaxın dostu, qardaşı saydığı Azərbaycan Prezidenti İlham Əliyevlə aralarında olan xoş münasibət və anlaşmanı yüksək dəyərləndirdiyini vurğulayaraq ən səmimi salamlarını Azərbaycan prezidentinə çatdırmağı Şeyxülislam həzrətlərindən xahiş etdi. Ali təltifata görə Gürcüstan prezidentinə təşəkkür edən Şeyxülislam Allahşükür Paşazadə indiyədək layiq görüldüyü dövlət mükafatları arasında bu ordenin xüsusi yer tutacağını bildirdi. Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstan prezidentinə yetirən Şeyxülislam həzrətləri Azərbaycanın dövlət başçısının da bütün dialoqların təməlində mənəviyyatın durduğunu hər zaman vurğulamasından böyük qürur duyduğunu ifadə etdi və söylədi ki, neft kəmərləri də, ölkələrimizi birləşdirən dəmir yolları da tarixi mənəvi əlaqələrimizdən keçir. Patriarx II İliyanı Qafqazın ağsaqqalı saydığını bildirən QMİ sədri onun bölgədə daim birləşdirici, sülh carçısı olan dini lider kimi xarakterizə etdi. Azərbaycanın möhtərəm prezidenti İlham Əliyevin də gürcü Patriarxının şəxsiyyətinə yüksək dəyər verdiyini vurğuladı. Patriarxın yaxın tarixin ən mürəkkəb məqamlarında , o cümlədən Dağlıq Qarabağ problemi ilə bağlı ədalətli, prinsipial mövqeyində israrlı qaldığını xüsusi qiymətləndirən Allahşükür Paşazadə böyük qardaşı saydığı II İliyadan indiyədək çox şey öyrəndiyini və bundan şərəf duyduğunu dilə gətirdi, Patriarxı Azərbaycana dəvət etdiyini bildirdi. Daha sonra çıxış edən Ümumgürcüstan Katolikos-Patriarxı II İliya Şeyxülislam həzrətlərinin ad gününü həm də gürcü xalqının bayramı kimi dəyərləndirdi. QMİ sədrini ali mükafat münasibətilə ürəkdən təbrik edən Patriarx dini liderlər olaraq Qafqazda ədalətli sülhün bərqərar olmasının vacibliyi ilə bağlı Şeyxülislam həzrətləri ilə fikirlərinin hər zaman üst-üstə düşdüyünü xüsusi vurğuladı. Allahşükür Paşazadəni Gürcüstan üçün həmişə arzuolunan, qiymətləndirilən şəxs adlandıran II İliya Şeyxülislam həzrətlərinin budəfəki səfərini xalqlarımız və ölkələrimiz arasında dostluğun gözəl bir nümunəsi kimi səciyyələndirdi. Patriarx bildirdi ki, Gürcüstan və Azərbaycan əlaqələrinə hər zaman böyük dəyər verir və çox şaddır ki, ən çətin məqamlarda Gürcüstan Azərbaycanın, Azərbaycan isə Gürcüstanın yanındadır, həmçinin iki qonşu ölkə hər zaman bir-birini dəstəkləyir. Görüşdə iştirak edən Azərbaycan Milli Məclisinin üzvləri adından çıxış edən Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Azərbaycan-Gürcüstan dostluğunun tarixi və əbədi olduğunu bildirdi. Müasir dünyada siyasi və iqtisadi böhranların yaşandığı bir dönəmdə həm Azərbaycana, həm də Gürcüstana müdrik, dəyərli dövlət başçılarının rəhbərlik etdiklərini yüksək dəyərləndirən ağsaqqal həmkarımız bunu gözəl örnək, bütün bölgə üçün nümunə, bu münasibətlərin davamlı olaraq inkişaf etdirilməsini vacib məqam saydığını söylədi. Səmimi qardaşlıq şəraitində keçən görüşün sonunda xatirə şəkli çəkdirildi. Prezident görüş bitdikdən sonra Patriarxın qoluna girərək, asta-asta onu ikinci mərtəbədən düşürərək, avtomobilinə qədər ötürdü. Bu bizdə xoş bir duyğu yaratdı. lll Avqustun 30-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı II İliyanın mənzil –qərargahında Gürcüstan hökumətinin üzvləri ilə görüşdü. Nazirlər Şeyxülislam həzrətlərini 65 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik etdi və ən xoş arzularını ona yetirdilər. Şeyxülislamın bölgə üçün gördüyü işləri yüksək dəyərləndirən gürcüstanlı nazirlər onun Ümumgürcüstan Katolikos-Patriarxı II İliya ilə qardaşlıq və dostluq əlaqələrinin böyük dəyər kəsb etdiyini və gürcüstanlı azərbaycanlılarla səmimi münasibətlərinin daha da dərinləşməsinə, tarixi, mənəvi əlaqələrin qorunub saxlanmasına əhəmiyyətli töhfə verdiyini minnətdarlıqla vurğuladılar. Gürcüstanlı nazirlər etdikləri çıxışlarda QMİ sədrini Gürcüstanın ali dövlət ordeni ilə təltif olunması münasibətilə təbrik etdilər.
Görüşdə iştirak edən Azərbaycan Milli Məclisinin üzvləri adından çıxış edən Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov və Eldar İbrahimov Azərbaycan-Gürcüstan dostluğunun tarixi və əbədi olduğunu bildirdilər. Çıxış edən Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein və Dağ Yəhudiləri İcmasının başçısı Melix Yevdayev Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin yubileyinin Gürcüstan dövləti tərəfindən belə yüksək səviyyədə qeyd olunmasını olduqca yüksək qiymətləndirərək bunu bölgəmiz üçün dinlərarası anlaşmanın gözəl nümunəsi kimi dəyərləndirdilər. lll Həmin gün axşam Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin 65 illik yubileyi münasibətilə ziyafət təşkil etdi. Ziyafətdə çıxış edən cənab İ. Qaribaşvili yubilyarı Gürcüstan dövlətinin ali mükafatı və yubileyi münasibətilə səmimi qəlbdən təbrik etdi. Azərbaycan və Gürcüstan xalqları qarşısında tarixi xidmətlərinə, bölgədə sülh və əmin-amanlıq üçün gördüyü böyük işlərə görə Şeyxülislam həzrətlərinə dərin təşəkkürünü bildirdi. Baş nazir bildirdi ki, Gürcüstan bütün Qafqazın Şeyxinin ad gününü bayram kimi qeyd edir. Şeyx həzrətlərinin səmərəli fəaliyyəti bölgə üçün o qədər faydalıdır ki, onun şəninə təşkil edilmiş hər cürə bayrama sevinməyə mənəvi haqqı var. İ. Qaribaşvili vurğuladı ki, Şeyxülislam Allahşükür Paşazadə hər zaman Gürcüstanda belə bir səmimiyyətə, dəstək və ehtirama layiq olduğuna əmin olmalıdır. Gürcüstanın dövlət rəsmisi bütün bunları qonşu dövlətlərimiz arasında dostluq və qardaşlığın bariz nümunəsi kimi dəyərləndirdi. Ziyafətdə gürcü ictimaiyyətinin tanınmış nümayəndələri çıxış edərək, QMİ sədrini təbrik edirlər. Daha sonra ziyafətdə Ümumgürcüstan Katolikos-Patriarxı II İliya, Gürcüstan hökumətinin üzvləri, elm xadimləri çıxış edərək yubilyarı təbrik etdilər. Ziyafətdə iştirak edən Amerika Birləşmiş Ştatlarının fövqalədə və səlahiyyətli səfiri Riçard Norland çıxış edərək, Qafqazda patriarx II İlyanın və Şeyx həzrətləri Allahşükür Paşazadənin sülhün qorunmasında, ədalətin bərpa olunmasında, əmin-amanlığın yaradılmasında əvəzsiz rollarından ağız dolusu danışdı. Azərbaycan Milli Məclisinin üzvləri Fəttah Heydərov, Siyavuş Novruzov, Eldar İbrahimov və mən ziyafətdə çıxış edərək Azərbaycan-Gürcüstan əlaqələrinin inkişaf etdirilməsi istiqamətində görülən bütün işləri yüksək dəyərləndirərək Şeyxülislam həzrətlərinə göstərilən böyük ehtirama görə gürcü xalqına və dövlətinə təşəkkürlərimizi bildirdik. Şeyxülislam Allahşükür Paşazadə ona göstərilən böyük diqqət və ehtirama görə Baş nazir İ.Qaribaşvilinin simasında Gürcüstan dövlətinə, onun xalqına minnətdarlığını bildirdi, bundan sonra da Ümumgürcüstan Katolikos-Patriarxı II İliya ilə birlikdə xalqlarımızın qardaşlığı, bölgədə sülh və əmin-amanlığın inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini xüsusi vurğuladı. Tədbirdə incəsənət ustalarının maraqlı çıxışları oldu. ...Doğrudan da Amerika səfiri haqlı idi. Bu gün Azərbaycan torelantlıq baxımından nəinki şərq, hətta qərb dövlətləri üçün nümunə sayılır. Məhz buna görə dünyanın və Avropanın ən inkişaf etmiş dövlətləri ölkəmizə böyük maraq göstərirlər. Bu, Ümummilli liderimiz Heydər Əliyevin davamçısı olan möhtərəm prezidentimiz İlham Əliyev cənablarının yorulmaz və uğurlu siyasətinin bəhrəsidir. Bakı dünyada yeganə şəhərdir ki, burada müxtəlif dinlərə mənsub olan xalqların nümayəndələri eyni küçədə, eyni məhəllədə, eyni binada dostluq və sülh şəraitində yaşayırlar. Yeri gəlmişkən deyim ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə bu günlərdə Bakıda səfərdə olan Avropa Şurası baş katibinin müavini, xanım Qabriela Battani-Draqoni ilə görüşdə çox düzgün olaraq qeyd etdi ki, Avropa Şurasında bir çox qurumların nümayəndəliyi təmsil olunur və Qafqaz müsəlmanları da bu qurumda təmsil olunmaq arzusundadır: Bəli, Qafqaz müsəlmanlarının bu idarəsi regionun əsas coğrafiyasını və bir neçə dövlətini əhatə edir. Ona görə də Qafqaz müsəlmanlarının Avropa Şurasında nümayəndəliyinin açılması təqdirəlayiqdir...
lll
Sonuncu gün biz patriarxın mənzil – qərargahına getdik. Vida günü idi. Patriarx öz çıxışınında azərbaycanlılarla dostluq əlaqələrindən danışdı və həmin dostluğun bu gün də davam etdiyini bildirdi. Sonra Şeyx həzrətləri hər şey üçün patriarxa minnətdarlıq etdi. Mənə də söz verildi. Mən də möhtərəm Şeyxülislamın 65 illik yubileyinin Tbilisidə keçirilməsinin təşəbbüskarı olan patriarxa nümayəndə heyətimiz adından dərin minnətdarlığımı bildirdim.
Məndən sonra Dağ Yəhudiləri İcmasının başçısı Melih Yevdayev çıxış edərək, şeyxə və patriarxa dua elədi. Patriarx zarafatla cavab nitqində dedi: – Yəhudilərin alqışı Allahın alqışıdır.... Zal o ki var gülüşdü.....
Salonun baş tərəfində başında əmmamə, əyni əbalı Şeyx həzrətləri, sağ tərəfdəsə uzun kaftanının yaxasında xaç olan katalikos oturmuşdu. İki dini lider, qoca Qafqazın iki nəhəng şəxsiyyəti – biri İslamın, digəri xristianlıq dininin daşıyıcısı... Məhz qoca Qafqazın bu iki müdrik ağsaqqalının qardaşlıq və dostluq münasibətləri iki müxtəlif dini bir araya gətirmişdi. Bu an hər iki şəxsin ürəyi eyni döyünür, amalları, məqsəd və məramları bir müstəvidə qərar tutub, hər ikisi Qoca Qafqaza və Qafqaz xalqlarına xidmət üçün səy edirdi. Bu iki möhtəbər şəxsə baxanda, tarixin müxtəlif illərində ayrı-ayrı dinlər və millətlər arasında gedən qanlı-qadalı müharibələr düşdü yadıma. Nə yaxşı, biz qonşu gürcülərə və onlar da bizə qardaş, dost deyir, sülh və barış naminə səylərimizi birləşdiririk. Əgər dini liderlər dost olsalar, onda millətlər də, xalqlar da dost olar. Bax, budur bəşəriyyətin xilas yolu!..
lll
Tbilisidə sonuncu gün –30 avqustda Azərbaycanın Gürcüstanda olan səfirliyində görüş oldu. Onu da deməliyəm ki, yeni layihə üzrə tikilmiş bu əzəmətli bina müasir arxitekturamızın ən gözəl incilərindən biri sayılır. Möhtərəm Prezidentimizin uğurlu xarici siyasətinin bariz nümunəsi olan bu əzəmətli binada görüş çox səmimi və uğurlu keçdi. Fəttah Heydərov, Eldar İbrahimov, Siyavuş Novruzov, Vasim Məmmədəliyev öz gözəl arzularını və təbriklərini səfir Azər Hüseynə bildirdilər. Həmin gün saat 14-00 –da diaspora üzvləri ilə görüş oldu. Hamı Şeyx həzrətlərinin bütün dünyada olduğu kimi, Gürcüstan da böyük nüfuza və hörmətə malik olduğundan danışdılar. Akademik Vasim Məmmədəliyev möhtərəm şeyximizin elmi fəaliyyəti barədə toplantı iştirakçılarına geniş məlumat verdi. Saat 17-00-da təyyarəyə oturduq.Təyyarə Bakıya yaxınlaşdıqca doğma Azərbaycanımızın səması günəşin al şəfəqləri selində xumarlanırdı. Səmanın qoynunda dinclik, sakitlik hökm sürürdü. Göy qübbəsindən asılan ağappaq bulud karvanını seyr etdikcə Qafqazın iki müdrük ağsaqqalı – patriarx II İlya və möhtərəm Şeyximiz barədə düşüncələrə dalmışdım. Və ürəyimdən bir istək, bir arzu keçirdi, kaş Qafqazda dini liderlərin ÜÇBUCAĞI yaranaydı. Bədnam qonşularımızın Katalikosu da bu üçbucağın bir nöqtəsi, bir tərəfi olaydı.
Nə erməni işğalı olaydı, nə də düşmənçilik. Axı, günəşli Qafqaza günəş yaraşır, sülh yaraşır, dinclik yaraşır... Nə qoca Qafqaz dağları, nə də əngin səmada süzən əzəmətli, məğrur qartallar güllə səsindən, top səsindən qoy diksinməsinlər. Qoy səma səksəkəli, dağlar nigaran olmasın!..
5 sentyabr 2014-cü il