Türkiyənin məşhur rokçusu Cem Adrian Bakıda konsert verəcək.
525.az-ın verdiyi məlumata görə, bu ilin 25 oktyabrında "SOS Production"-un təşkilatçılığı ilə baş tutacaq konsert “Şeker Prens və Tuz Kral” adlandırılır.
Xatırladaq ki, məşhur rokçunun bu adda mahnısı dinləyicilər tərəfindən xüsusi rəğbətlə qarşılanıb.
Cem Adrian 1980-ci il noyabrın 30-da Ədirnədə doğulub. "Adrian" ləqəbini də Ədirnənin qədim adından götürdüyünü bildirib. Əsl adı Cem Filiz olan müğənninin 7 oktava səsi var və əsasən alternativ rok, caz, blues, a capella, "new wave" və elektronika janrlarında oxuyur.
Gecə barlarında rəqqas kimi çalışan Cem Adrian 2003-cü ildən müğənni kimi fəaliyyətə başlayıb. Bu məsələdə tanınmış pianoçu və bəstəkar Fazil Say ona böyük dəstək verib.
Qeyd edək ki, konsert biletlərinin qiyməti müvafiq olaraq 30, 50, 70 manatdır.