|
|
|
|
Deputat Elmira Axundova 13-15 sentyabr 2014-cü il tarixlərində Masallı rayonunda olaraq müxtəlif tədbirlərdə iştirak edib. "Xəbərservis" xəbər verir ki, 14 sentyabrda Bədəlan kəndində yerləşən deputat ofisində millət vəkili ənənəvi qəbul keçirmiş, müxtəlif müraciət və təklifləri dinləyib. Demək olar ki, bütün rayon ərazisində aktual olan bir problem qəbul zamanı diqqətə çatdırılıb. Belə ki, bir qrup sakinin, Ərkivan qəsəbəsindən Əli Fətəliyev, Nəbi Mirzəyev, Famil Allahverdiyev və s. qeyd etdiklərinə görə heç bir əsas olmadan onlara 400-500 manat dəyərində qaz pulu borcunun olması ilə bağlı bildirişlər göndərilib, halbuki həmin şəxslər qəbz əsasında hər ay borcları ödəyiblər. Bu səbəblə onlara qaz verilməsində problemlər yaranıb. Borcun necə və hansı müddətə yaranması ilə bağlı isə qaz istismar idarəsindən vətəndaşlara heç bir əsaslı açıqlama verilmir. Bununla bağlı da vətəndaşlar kollektiv şəkildə deputata yazılı müraciət edəcəklərini qeyd ediblər. Vətəndaşlar bildiriblər ki, təkcə Ərkivan, Boradigah qəsəbələrində yüzlərlə ailə bu cür anlaşılmazlığın qurbanıdır, ümumiyyətlə, Masallı rayonunda isə minlərlə bu cür ailə var.
Digər bir problem isə bələdiyyələr tərəfindən vətəndaşlara satılan torpaqlara görə Daşınmaz Əmlak Komitəsindən mülkiyyət sənədinin alına bilməməsidir. Belə ki, Bədəlan kəndindən Şahbazov Xudaverdi Mansur oğlu bələdiyyədən alqı-satqı sənədi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən və Masallı rayon İcra Hakimiyyətindən bütün lazımi sənədlər olduğu halda Əmlak Komitəsindən hüquqi sənəd ala bilmir. Buna əsas kimi həmin torpağın bələdiyyə tərəfindən hərrac yolu ilə satılmaması göstərilir.
Vətəndaş rəsmi qaydada dövlət rüsumunu ödəsə də, belə olan halda yenə də əziyyət çəkən sıravi vətəndaş olur. Araşdırma zamanı müəyyən olundu ki, bu cür halla qarşılaşan vətəndaşların sayı rayon ərazisində kifayət qədərdir. Qəbul zamanı Məmmədoba kənd məktəbinin tikintisi, Lürən kənd məktəbində su probleminin olmasından dolayı məktəb həyətində artezian quyusunun qazılması, həmin kənddə feldşer mama məntəqəsinin inşası, təbii fəlakət zamanı xəsarət aldığı üçün dövlət siyahısına salınan qəzalı evlərin tikintisi kimi ictimai problemlər də vətəndaşlar tərəfindən qeyd olunub.
Bir neçə vətəndaş isə işə düzəldilməsində, ünvanlı sosial yardım alınmasında, müalicəyə və sanatoriyaya göndərilməsində, Tüklə kəndindən isə bir qrup sakin Tüklə-Tiyəqani kəndlərarası körpünün tikilməsində göstərdiyi dəstək və köməyə görə E. Axundovaya təşəkkürlərini bildiriblər.
Deputat da öz növbəsində vətəndaşları əmin edib ki, qaldırılan problemlərin həlli ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracaq, məsələlərin həllində əlindən gələn köməkliyi heç vaxt əsirgəməyəcək. 15 sentyabr tarixində isə millət vəkili Mahmudavar, Kolatan, Bədəlan kəndlərində, həmçinin Masallı şəhərinin özündə məktəb və bağça açılışlarında iştirak edib. O, çıxışları zamanı rayonda gedən və geniş vüsət alan abadlıq-quruculuq işlərindən danışıb, həmçinin yaxın vaxtlarda rayonda üç mühüm səhiyyə obyektinin, rayonda ilk dəfə olaraq orta ixtisas kollecinin açılacağını qeyd edib. Bu işlərdə rayon icra başçısı Rafil Hüseynovun danılmaz xidmətlərini xüsusilə vurğulayıb. E. Axundova tədbirin sonunda birinci sinif şagirdlərinə məktəb ləvazimatları, bağçadakı körpələrə isə oyuncaqlar təqdim etməklə onları sevindirib.
K. HƏMZƏOĞLU