"Freedom House" təşkilatı bütün hesabatlarında Azərbaycana qarşı böhtanlar və iftiralar yağdırıb. Bu təşkilat öz hesabatlarında Ermənistanı avtoritar rejim, demokratik bir ölkə kimi təqdim etməkdə davam edir".
Bunu "SİA"ya Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən müxalifətyönlü QHT, siyasi müxalif partiya rəhbərlərinin "Freedom House" beynəlxalq təşkilatı tərəfindən himayə olunmasına münasibət bildirərkən deyib. Partiya sədrinin sözlərinə görə, bu təşkilat bütün fəaliyyətini anti-Azərbaycan işi üzərində qurub: "Freedom House" beynəlxalq təşkilatı erməni xüsusi xidmət orqanlarının və erməni lobbisinin təsiri altındadır. Həmin təşkilat ermənilər tərəfindən maliyyələşir. Bu təşkilat Leyla Yunus kimi şəxsləri ona görə müdafiə edir ki, ona bu cür tapşırıq verilib. Təbii ki, bu bir-birinə sıx bağlı məsələdir. Biz bu cür təşkilatları onların hesabatlarından-hesabatlarına tənqid etməklə kifayətlənməli deyilik. Əksinə biz onların bütün mahiyyətini, varlıqlarını və anatomiyasını açıb bütün dünyaya nümayiş etdirməliyik".
Politoloq Fikrət Sadıxov "525"ə bildirib ki, "Freedom House", "Amnesty İnternational", "Human Rights Watch" (HRW) və digər təşkilatlar müəyyən xarici fondlar və qüvvələr tərəfindən maliyyələşdirilirlər. O, hesab edir ki, bu qurumlar dəfələrlə bizə qarşı çıxışlar edir və hesabatlarında Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər: "Onlar açıq şəkildə bizə qarşı sərt mövqedə durublar. Bu özünü Dağlıq Qarabağ münaqişəsinin həllinə dair yanaşmalarda da göstərir. Yəni, Azərbaycana qarşı təkcə qərəzli deyil, eyni zamanda ikiüzlü münasibət göstərirlər. Dünyanın aparıcı dövlətləri faktiki olaraq 20 ildən artıqdır ki, bizimlə oyun oynayırlar. Ermənistanın isə kaprizləri ilə oynayırlar. Burada təəccüblü heç nə yoxdur. Sadəcə, bu qərb institutlarının "obyektiv" yanaşmalarıdır. Azərbaycan onların bu addımlarını cavabsız qoymamalıdır. Biz əsaslı sübutlar gətirərək, "Freedom House", "Amnesty İnternational", "Human Rights Watch" kimi təşkilatlara qarşı konkret cavablar verməliyik. Belə ola halda bizim iradlarımız ünvanlı olacaq və bu institutlar Azərbaycanın mövqeyini nəzərə alacaqlar".
Sosioloq Əhməd Qəşəmoğlu "Freedom House" təşkilatının fəaliyyətinə tənqidi münasibət bəslədiyini bildirib. O, qeyd edib ki, "Freedom House" təşkilatı Azərbaycanda heç vaxt obyektiv işləməyib: "Belə institutlar məlumatı qeyri-peşəkar, özlərinə sərf edən şəkildə toplayırlar".
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov qeyd edib ki, "Freedom House", "Amnesty İnternational" kimi təşkilatların hesabatlarının Azərbaycan üçün qərəzli mövqedə olduğu ölkə ictimaiyyəti tərəfindən qəbul olunub. O, bildirib ki, beynəlxalq təşkilat statusu daşımalarına baxmayaraq, Azərbaycanın qeyri-hökumət təşkilatlarının dəfələrlə etirazlarına məhəl qoymayıb birtərəfli qaydada cəmiyyətimizə qarşı zidd hərəkətlər edirlər: "Freedom House" beynəlxalq təşkilatı xalqın, ictimai qurumların, vətəndaş cəmiyyətinin fikirlərini nəzərə almayan, artıq öz imicini korlamış, heç bir beynəlxalq standartlara, qayda-qanunlara məhəl qoymayan bir quruma çevrilib. Bu eyni zamanda onu göstərir ki, beynəlxalq qurumlar Azərbaycana qarşı ikili standartlarla yanaşır. Artıq belə təşkilatların hər hansı bir rəyini ciddi hesab etməməliyik. Çünki bu qərb institutları "ağa da qara deyən" təşkilatlardır. Biz onlara qarşı öz etirazımızı bildirməklə yanaşı, eyni zamanda o təşkilatların artıq heç bir qanunlara məhəl qoymamasını bütün dünya ictimaiyyətinə çatdırmalıyıq".
QHT sədri qeyd edib ki, Azərbaycan xalqının səsini və rəyini, vətəndaş cəmiyyətinin fikirlərini nəzərə almamasını əsas götürüb, belə təşkilatların beynəlxalq aləmdə rüsvay edilməsi istiqamətində artıq fəaliyyətə keçməliyik. R.Qonaqov əlavə edib ki, onlara dəfələrlə müraciətlər olunub ki, Azərbaycana qarşı qərəzli mövqedə dayanmasınlar, görülən işləri etiraf etsinlər: "Azərbaycanda elə bir ciddi problem yoxdur. Biz bütün dünya ölkələrini nəzərə alsaq, Azərbaycanda həmin ölkələrdən daha az problemlərin olduğunu görərik. Bu təşkilatların Azərbaycan cəmiyyətinə təsir imkanları yoxdur və ola da bilməz, hətta onların fikirlərini bundan sonra nəzərə almamalıyıq".
Ceyhun ABASOV