Şairə İradə Əlilinin Bakıda nəşr olunmuş "Mənim sevgi dünyam" adlı şeirlər kitabını vərəqləyirəm. Müəllif mənim kimi vətəndən uzaqlarda yox, vətənimizin paytaxtı Bakı şhərində yaşayır deyə, Vətən, torpaq həsrətindən yox, məhəbbətin və eşqin insan qəlbində yaratdığı yanğılı ehtizazlardan söz açır, oxucunu yanar eşqin pərvanəsinə çevrilməyə sövq edir. Kitabdakı şeirlərin demək olar hər biri sevgi coşğusu, sevda fırtınası və acı sevginin hayqırtılarıdır.
Sevirsənsə, məni sev həmişəlik,
Uyma yad baxışa, özgə gülüşə.
Hissini qəlbində saxla ömürlük,
Qoyma mən can atım yalan görüşə.
Ürək titrədən sevgi həsrəti, saf eşqin coşğun tərənnümü İ.Əlilinin qələmə aldığı sətirlərin qayəsini təşkil edir.
Hər kəsə bir tale, yazı yazılıb,
Ömrümdən ömrünə şikayətim var.
Sənin bu sevdana məzar qazılıb,
Olan acılara dəyanətim var.
Kitabdakı şeirlərdən biri "Gərək öyrətməzdin" adlanır. Müəllif yazır:
Saçım əllərinin tumarın istər,
Sözüm gözlərinin dərin mehrini.
Əllərim ovcunda isinmək istər,
Sözüm sözlərinin şirin mehrini.
Həsrət qalırdımsa ayaq izinə,
Gərək öyrətməzdin məni özünə!
Ürəyinin sevgi atəşindən alovlanan hisslər müəllifin yaradıcılığına işıq saçır, sətirlərinə can verir və onun poetikasında rəngarənglik yaradır. İlahi sevgi və həsrət duyğuları, yağış damlaları kimi birləşib poeziya axarına çevrilir, şairənin daxili dünyası oxucunu istər-istəməz öz aləminə məftun edir. Onun daxili dünyası vətənə, anaya,doğma torpağa olan sevginin təzahürüdür. Keçən il işıq üzü görmüş "Mənim sevgi dünyam" şeirlər toplusunda oxucuların ixtiyarına verilmiş poetik nümunələr həssas qadın ürəyinin sevgi ilə alışıb yanan, istək və arzularından doğan poetik düşüncələrin nəzmə çəkilən təzahürüdür. Kitabda sevgi ilə yoğrulub, sevgi ilə ərsəyə gətirilmiş yeni deyimli, yeni poetik çalarlar, şairənin ürəyindəki niskilin oxucularla görüşə gələn ilk nişanələridir. Allahın göydən yerə göndərdiyi nurlu yağış damcıları şairənin tükənən arzularının üzərinə su səpir, onların ömrünü uzadır, onun illərdən bəri yığılıb qalmış kədərini saflığı və təmizliyi ilə yuyub aparır. Bu hikmətdən təsirlənən şairə belə yazır.
Yağış yağır, həsrətimin yağışıdır,
Bu həsrətin pəncərəmdə izi qalır.
İradə Əlilinin yaratdığı sevgi dolu poeziya nümunələri, rəngarəngliyi və bənzərsizliyi ilə seçilən xırdaca bir qalaktikanı xatırladır. Buradakı ulduzların azacıq seçilə bilən parıltısı isə çox uzaqlardan görünməkdədir.
"Vətən torpaqları müqəddəsdir, əzizdir; O yad torpaqlarda özüm gəzsəm də, Ruhumun qidası torpağımdadır" - deyən şairə ruhən Vətən torpağına bağlı olduğunu, bu torpaqların həmişə ruhunun qidqsı olduğunu göstərir. Müəllifin könül dünyası əsl sevgi təşnəsidir. Bu enişli-yoxuşlu yollarda və yaradıcılıq axtarışlarında İradə xanıma uğurlar arzulayıram.
Vasif MƏMMƏDOV,
"Şəhriyar" Ədəbi-Mədəni Cəmiyyətinin sədri