|
|
|
|
SONRA GƏLSİN
Şair ömrü, bağban ömrü
bir ömürdə qoşalaşdı,
İki eşqin çələngini hörüm,
ölüm sonra gəlsin.
Axşam-sabah dolanmışam
başına pərvanə kimi,
Bu ağacın çiçəyini
görüm, ölüm sonra gəlsin.
Sevən könül qoy dönməsin
yad torpağın yad daşına,
Eldən-elə ürəyimdə
ocaq dinə, od daşına.
Aşiqlərin ürəyinə,
sevənlərin yaddaşına,
Hər misramı çəmən kimi
sərim, ölüm sonra gəlsin.
Bu dünyadan cavan getmək,
gəlib yüzü haqlamaq var,
Qocalıq var, xəstəlik var,
çürük diştək laxlamaq var.
Ömrü-günü yaşıl donlu
bir bağ kimi saxlamaq var,
Bu çiçəyin meyvəsini
dərim, ölüm sonra gəlsin.
ÇƏTİN AĞRILAR
Çətin ağrılara dözmək çətindir,
Asan ağrıları çəkmək asandır.
Deməyə adamın dili də gəlmir,
Ürəkdən yapışır həmişə andır.
Çətin ağrıları çəkmək çətindir,
Hər ürək bu yükü daşıya bilmir.
Ürək var ağrısız bir günü yoxdur,
Ağrı var ürəksiz yaşaya bilmir.
Çətin ağrıları dözmək çətindir,
Onu heç bir şeylə ovutmaq olmur.
Qəlbin atəşindən dağa ün düşür,
Canın yanğısını soyutmaq olmur.
Səbirdi, dözümdü dövlətim, varım,
Özgə nəyim var ki, səbirdən özgə.
Min il yerisəm də sonu ölümdür,
Yoxdu can sirdaşım qəbirdən özgə.
BİLSƏYDİM
Bilsəydim ölümün tez olduğunu,
Bilsəydim ömrümün toz olduğunu,
Bilsəydim xəstəlik kəsir qapını.
Üzür ürəklərin incə sapını.
Bilsəydim yalanlar üstümə gülür,
Bilsəydim yazda da yarpaq tökülür,
Bilsəydim gün gedir, qar-yağış gəlir,
Bilsəydim payızdan əvvəl qış gəlir,
Bilsəydim evləri vaxtsız uçurur,
Bilsəydim xəyanət pusquda durur,
Bilsəydim dizləri əsdirib, əsib,
Bilsəydim xəyanət yolları kəsib,
Bilsəydim,
Bilsəydim...
GƏZİRƏM
Gecəli-gündüzlü axtarışdayam,
Fikrini mənimlə bölən gəzirəm.
Bu qoca dünyanın ağlayanı çox,
Ürəkdən qəşş edib gülən gəzirəm.
İstər dastan bağla, istər kitab yaz,
Bir qəlbin harayı dünyaya sığmaz.
Gedənlər nə çoxdur, gələnlər nə az,
Dərd bölüb ürəkdən gələn gəzirəm.
Dərd kündə-kündədi, yapa bilmirəm,
Qəm qalaq-qalaqdı, çapa bilmirəm.
Bircə dərd biləni tapa bilmirəm,
Xəstəyəm, dərdimdən ölən gəzirəm.
MƏNİM DƏ
Mənim də ruhumun aynası vardı,
Mənim də könlümün dünyası vardı.
Mənim də öpdüyüm bulaq var idi,
Mənim də qonduğum budaq var idi.
Eşqim lap gözəldən əzəl var idi,
Mənim də sevdiyim gözəl var idi.
Mənim də gözümün zəndi var idi,
Dilimin şəkəri, qəndi var idi.
Üzündən bahalı astar var idi,
Can deyən, can verən dostlar var idi.
“Özünü öldürrəm” deyənlər vardı,
Dərdimdən qaralar geyənlər vardı.
Su kimi əriyib gedən qar deyim,
Bu gün yox olana necə var deyim.
Qalmayıb nə ölü, nə diri yoxdur,
Heç biri, heç biri, heç biri yoxdur.
HƏQİQƏT
Ölümün ölümsüz xidmətləri var,
Dillə deyilməyən xidmətləri var.
Birinin adını qaldırır dağa,
Birini döndərir qaynar bulağa.
Birini Məkkəyə, Haca döndərir,
Birini başlarda taca döndərir.
Min ildən çoxdur ki, yaşayıb biri,
Hamının gözündə diridir, diri.
Ölümün ölümsüz xidmətləri var,
Ölümsüz kəslərin qiymətləri var.
Hər şeydən qiymətli, hər şeydən baha,
Üzü ağ, baş uca, gedir sabaha.
Zaman qocalsa da, şöhrət qocalmır,
Köhnəlmir insana sədaqət sözü,
Köhnəlmir ölümün həqiqət sözü.
HƏKİM
Mən sənin dilini bilmirəm həkim,
Dilini, sirrini bilmirəm həkim.
Sənin bildiklərin yer-göy arası,
Mən mində birini bilmirəm, həkim.
Bu gün dərd məndədi, dərman səndədi,
Bu gün hökm səndə, fərman səndədi.
İynənin dili var, biləni sənsən.
Dərmanın dili var, biləni sənsən.
Ölüm nə vaxt gəlir xəstə yanına,
Fərmanı səndədi, biləni sənsən.
Nə vaxt oxunacaq fərmanım mənim,
Onu biz bilmərik, bir Allah bilər,
Bir axşam, bir gecə, bir sabah bilər.
Allahın dediyi düz olar həkim,
İnsan xırdalanır, insan əriyir,
Dönür torpaq olur, toz olur, həkim.
İMTAHAN
Allah bəndəsini sınağa çəkir,
Ömür sınağına, yaş sınağına.
Bizi addım-addım yaxınlaşdırır,
Bütün sınaqların baş sınağına.
Allah bəndəsini sınağa çəkir,
Ona əzab verir, iztirab verir.
Ağrısı da çoxdu, əzabı da çox,
Hər mənzil başında bir əzab verir.
Bir başı salamat saxlaya bilmir,
Zülümə, ölümə insan can verir.
Hər addım başında ayaq saxlayır,
Bəndə Allahına imtahan verir.
ƏZRAYILIN QILINCI
Əllərimdən heç getməyib
mürəkkəbin qoxusu,
Özü bilir yarımçıqdı
işlərimin çoxusu.
Yarımçıqdı gör nə qədər
şeirim, fikrim, əsərim,
Yarımçıqdı neçə-neçə
yazılmalı dəftərim.
Durma deyir, yarat deyir
ürəyimin diqtəsi,
Hələ neçə əsərim var
qoyulmayıb nöqtəsi.
İnanmıram pis üzlə,
pis sözlə dilləndirə,
Əzrayıl bu yerində
qılıncını endirə.
Axı mən nə yatmışam,
hələ nə yuxu görəm,
Əzrayıldan, ölümdən,
qəbirdən qorxu görəm?!
HƏYAT DA, ÖLÜM DƏ
SƏNDƏN ÖTRÜDÜ
Ömür göz qırpımı, fındıq qabığı,
Ömür bir ocaqdı, yandı, qurtarır.
Dünənə əl çatmır, sabaha imkan,
Fındıq qabığıdı, sındı qurtarır.
Hər gün korun-korun yanan bir ocaq,
Hər gün tüstülənən hisli bacasan.
Doğulmaq ölməkdi, ölmək doğulmaq,
Üçüncü qapı yox gedib açasan.
Həyat da, ölüm də səndən ötrüdü,
O da düz, bu da düz, əyrisi yoxdu.
Səni aparmağa, rahatlamağa,
Ölümdən, qəbirdən qeyrisi yoxdur.
DAĞ OLMAQ, SAĞ OLMAQ
Ölümdən sonra da tapıb həyatı,
Dirilməkdən gözəl dünyada nə var.
Qoy səni dərsinlər bar ağacı tək,
Dərilməkdən gözəl dünyada nə var.
Minbir ətir kimi, min bir rəng kimi,
Səpilməkdən gözəl dünyada nə var.
Qoy səni öpsünlər bir bulaq kimi,
Öpülməkdən gözəl dünyada nə var.
Bir başı dumanlı, qoynu çiçəkli,
Dağ olmaqdan gözəl dünyada nə var.
Ağrıdan aralı, dərddən uzaqda,
Sağ olmaqdan gözəl dünyada nə var.
Dağ olmaq, sağ olmaq bir şeydi məncə,
Nə tufan, nə boran apara bilmir.
Yerin zəlzələsi, göyün şimşəyi,
Səni öz köksündən qopara bilmir.
İNDİ
Dünya gözlərimdə fındıq boydadı,
Ağrılar qoymur ki, ucala dünyam.
Yağmırsa yağışım, bitmirsə gülüm,
Dünyanın nəyindən güc ala könlüm.
Yağmaq istəyirəm gur yağış kimi,
Zirvəyə, ətəyə, yala, yamaca.
Hopmaq istəyirəm cığıra, yola,
Çiçəyə, yarpağa, ota, ağaca.
Yağmağa gücüm yox, hopmağa hökmüm,
Nə yağışam indi, nə seləm indi.
Uçub alaçığım, sökülüb dəyəm,
Yurdu tapdalanmış bir eləm indi.
HƏSRƏTİMİN RƏNGİ SARI
Dərd məni alıb başına,
Dərd başına dolandırır.
Namərdlərdən uzaq gəzib,
Mərd başına dolandırır.
Nəfəsim əridir qarı,
Həsrətimin rəngi sarı.
Dəyə, ocaq, hasar, barı,
Yurd başına dolandırır.
Hikməti var hər bir anın,
Cənnəti var hər bir yanın.
Səyyah kimi bu dünyanın,
Dörd başına dolandırır.
QƏLBİMİN İÇİ
Goru gözümlə görmüşəm,
Gor qəlbimin içindədir.
Nəşə, kədər, ölüm, həyat,
Gör, qəlbimin içindədir.
Kara gəlmir nə dağ, nə düz,
Alışır can, qırışır üz.
Əriyirəm gecə-gündüz,
Qor qəlbimin içindədir.
Ay keçdi, illər ötüşdü,
Dərd gəldi, qəmlə öpüşdü.
Güc yenə ürəyə düşdü,
Zor qəlbimin içindədir.
OLMAMIŞDI
İşıq külçəsiydi kainat onda,
Ulduz olmamışdı, Ay olmamışdı.
Yaradan heç nəyi yaratmamışdı,
Dəniz olmamışdı, çay olmamışdı.
Söz yoxdu Allahın sözündən əvvəl,
Göz yoxdu Allahın gözündən əvvəl.
Üz yoxdu Allahın üzündən əvvəl,
Hər say hesablanıb say olmamışdı.
İncidən yaratdı, dürdən yaratdı,
Göydən naxışladı, yerdən yaratdı.
Allah insanları nurdan yaratdı,
Nur kimi dünyaya pay olmamışdı.
YARAMI BOŞ BAĞLA
Ömrün bu yaşında xəstələnmişəm,
Zəhərdi bəxtimin barı Turanə.
Yoxdursa ağzımın dadı, ləzzəti,
Neynirəm dövləti-varı, Turanə.
Çağırın Gülxarı yanıma gəlsin,
Varsa bir qadası canıma gəlsin.
Qonsun arı kimi sanıma gəlsin,
Baldı başdan-başa arı, Turanə.
Sən yaxşı bilirsən haram ağrıyır,
Yoxdu ağrılarla aram, ağrıyır.
Yaramı boş bağla, yaram ağrıyır,
Olmasın irəngim sarı, Turanə.
Yanıma gələndə gülsün sifəti,
Aytəkin su versin mənə xəlvəti.
Həkimlər bu sirri bilməsin qəti,
Sən ol sirlərimin yarı, Turanə.
SƏN OL
Əlin şəfalıdı, sözün vəfalı,
Heyranın olmuşam, heyranım sən ol.
Loğman yüz illərdi köçüb dünyadan,
Ən böyük həkimim, loğmanım sən ol.
Təbibim, loğmanım, dostum, Mirhəşim,
Doğur sən gələndə ayım, Günəşim.
Gərək xəstəliklə özüm güləşim,
Dərd məndə olsa da, dərmanım sən ol.
Sağlam ol, möhkəm ol, dərin him kimi,
Ötsün ürəyimdə eşqin sim kimi.
Özün şahlıq elə bir həkim kimi,
Hökmüm, ehtiramım, fərmanım sən ol.