|
|
|
|
Qloballaşmanın qlobal təzadları ilə aləmə meydan oxuduğu, ciddi mənəvi aşınmalara gətirib çıxardığı, Xalq şairi Sabir Rüstəmxanlının doğru olaraq qeyd etdiyi kimi, mətbuatda qeyri-peşəkarlığın tüğyan elədiyi, sözün ucuzlaşdığı, özünü və sözünü bilməyənlərin jurnalistlik iddiası ilə ortaya çıxdığı bir zamanda sizin kimi fədakar jurnalistlərə böyük ehtiyacımız vardır.
Pərvin, qızım, “Rafiq Yusifoğlunun könül səltənəti” adlı məqaləni bir şeir kitabına rəy kimi qiymətləndirmək ən azı insafsızlıq olardı. Bu məqalədə söz açılacaq çox mətləblər vardır.
Ədəbiyyatşünas alim, professor Rafiq Yusifoglunun portretini çox ustalıqla yaratmısan. Rafiq müəllim doktorluq dissertasiyasını mənim 1994-cü ildən üzv olduğum Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında müdafiə etdi. Təsdiqini alan kimi onu şuramıza üzv seçdik. Bu faktın özü onun ədəbiyyatşünaslıq sahəsində həqiqi nüfuza malik olduğundan xəbər verir. Rafiq müəllim səmimi və xeyirxah insan, tanınmış şairdir. Sən haqlısan, doğrudan da qafiyə sistemi və ənənəvi mövzulara fərqli yanaşma tərzi, bədii təsvir və ifadə vasitələrindən ustalıqla istifadəsi Rafiq Yusifoğlunun poeziyasının orijinallığını təmin edir.
Hörmətli Pərvin, sən öz dəst-xəttinlə yaşıdların arasında seçilən yazıçı və zamanın tələbini duyan jurnalistsən. Hiss olunur ki, daim öz üzərində işləyirsən. Yazılarında heç vaxt özünü təkrar etməməyin mənə bu qənaətə gəlməyə imkan verir.
Yadındadırsa bir dəfə Yazıçılar Birliyində sənin hədəfə düz dəyən dərin mənalı və məzmunlu çıxışından sonra söz alıb bəyan etdim ki, “525-ci qəzet”in ən arzuolunan, ən çox oxunan qəzetlər sırasında olmasında sənin də zəhmətin və halalca payın vardır. Qəzetinizin redaktoru sənin haqqında ürəkaçan sözlər dedi və bizi məmnun etdi. Həmişə belə təriflərə layiq olasan. Heç vaxt insan əskildən şöhrət xəstəliyinə mübtəla olmayasan.
Yaradıcılığına dərin hörmət bəsləyən, sənə yeni-yeni uğurlar diləyən
4.XI.12