Ermənistan Prezidenti Serj Sarkisyanın Fransaya rəsmi səfəri Yelisey sarayında Fransa Prezidenti Fransua Ollandla görüşlə başlayacaq.
Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər verib. Tərəflər iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsi perspektivlərini müzakirə edəcəklər. Dövlət başçılarının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması probleminə toxunacaqları gözlənilir. Artıq dəfələrlə Fransaya səfər etmiş Sarkisyanla görüş mayda dövlət başçısı seçilmiş Olland üçün ilk görüş olacaq.
Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli prosesi ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəflərin mövqelərinin yaxınlaşmasına yardım etməyi özünə hədəf seçəcək.
Sarkisyan indiki səfəri zamanı Fransa parlamentinin Ermənistanla dostluq qrupuna daxil olan fransız deputatlar və senatorlarla, həmçinin yerli işgüzar dairələrin nümayəndələri ilə də görüşəcək.