Rusiya paytaxtında erməni rejissorun Qarabağ müharibəsi haqqında çəkdiyi “Prervannaya pesnya” filminin təqdimatı keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kinomatoqrafçıların Birliyinin Kino Evində keçirilən təqdimat mərasimində filmin rejissoru Arik Manukyan ilə təqdimata gələn bir qrup erməni gənc arasında mübahisə yaranıb. Mübahisəyə səbəb təqdimatdan qabaq Arik Manukyanın çıxışı olub. Manukyan çıxışında filmdə səslənən “Sarı gəlin” mahnısından söz açıb. O, azərbaycanlılar və ermənilərin bu mahnını öz əsərləri kimi təqdim etdiklərini söyləyib. O, çıxışı zamanı mahnını “Sarı gəlin” kimi təqdim edib, bu isə erməni gənclərin etirazına səbəb olub. Qeyd edək ki, ermənilər bu mahnını “Sarı axçik” deyə adlandırırlar. Erməni gənclər rejissor Arik Manukyanın “Sarı gəlin” mahnısını Azərbaycan dilində səsləndirməsini onun mahnının azərbaycanlılara məxsus olduğunu etiraf etməsi kimi dəyərləndiriblər: “Arik bununla azərbaycanlılara fürsət verdi”.
Lakin təqdimata gələn erməni diasporunun nümayəndələri mübahisənin böyüməsinə icazə verməyiblər.
A. Manukyan çıxışında əvvəl hər iki xalqı sülhə səsləsə də, zaldakı kütlənin acıqlı baxışlarından sonra fikrini dəyişib. O, erməni xalqının da döyüşə, müharibəyə hazır olduğunu söyləyib.
Daha sonra “Prervannaya pesnya” filmi nümayiş olunub. Film Qarabağ müharibəsi zamanı azərbaycanlı və erməni hərbçinin dərin bir çuxura düşməsindən bəhs edir. Filmdə hər iki rolu erməni aktyorlar canlandırıblar. Filmin əsas ideyası hər iki xalqı sülhə çağırmaq olsa da, ermənilər yenə də xislətlərini özlərini büruzə veriblər. Belə ki, filmdə azərbaycanlı hərbçinin özünü daha aqressiv apardığı, sülh tərəfdarı olmadığı əks etdirilib. Erməni hərbçinin isə əskinə, daha mərhəmətli, daha ürəyiaçıq olduğu göstərilib. Filmdə azərbaycanlı hərbçi dəfələrlə ermənini öldürməyə cəhd etsə də, buna müəssər ola bilmir. Erməni hərbçinin də azərbaycanlını öldürmək şansı olsa da, o bunu etmir və azərbaycanlıya birlikdə köməkləşərək quyudan çıxmağı təklif edir. Lakin azərbaycanlı bununla razılaşmır.
Filmdə azərbaycanlı hərbçinin ağır yaralandığı göstərilir. Bu zaman erməni onun öldüyünü zənn edib, dəfn etmək istəyir. Lakin azərbaycanlı ayılır, erməni azərbaycanlının sağ qalmasına sevinir. Bu zaman çuxurun yanından keçən erməni hərbçilərin səsi eşidilir. Azərbaycanlı erməniyə onlardan kömək istəməyi məsləhət görür: “Çağır, gəlib səni çıxartsınlar. Mən onsuz da öləcəyəm, heç olmasa sən canını qurtar”. Erməni bu təkliflə razılaşmır, quyudan birlikdə çıxacaqlarını söyləyir. Lakin çox keçməmiş çuxurun içi doldurulur. Azərbaycanlı və erməni hərbçi çuxurun içində qalaraq ölürlər.
Rejissor bununla hər iki xalqın hal-hazlrda belə bir çuxurun içində olduğunu söyləmək istəyib. Arik Manukyanın fikrincə, hər iki xalq bir-birinə kömək etməsə, bu çuxurdan heç vaxt çıxa bilməyəcək.
Lakin erməni rejissorun filmdə etdiyi etirafarı da dəyərləndirmək lazımdır. Belə ki, dərin çuxura düşən azərbaycanlı və erməni arasında maraqlı dialoq baş verir. Erməni azərbaycanlıdan nə üçün vuruşduğunu soruşur. Azərbaycanlı cavabında vətəni üçün, ailəsi üçün vuruşduğunu söyləyir. Eyni sualla azərbaycanlı da erməniyə müraciət edir. Erməni isə cavabında nə üçün vuruşduğunu özünün də bilmədiyini söyləyir.
“Mən çox istərdim ki, filmdə azərbaycanlı hərbçi rolunu azərbaycanlı aktyor ifa etsin”. Bu fikirləri APA-nın Moskva müxbirinə açıqlamasında rejissor Arik Manukyan deyib. O, belə bir təkliflə çıxış etdiyini söyləyib: “Lakin azərbaycanlı aktyor bu rolu canlandırmaqdan imtina elədi. Azərbaycanlı aktyor filmə çəkilmədən imtina etsə də, burada yaşayan azərbaycanlılar mənə filmin ərsəyə gəlməsində kömək elədilər. Düzdür, onlar filmdə görünmür, lakin köməkləri olub. Biz bu filmi öz hesabımıza ərsəyə gətirdik. Film Moskvada pavilyonlarının birində çəkilib”. A. Manukyan filmin Rusiyanın digər şəhərlərində də təqdimatının keçiriləcəyini söyləyib.