Bugünlərdə "Azərbaycan" jurnalının 9-cu sayı nəşr edilib. Jurnal Xalq yazıçısı Anarın "Nazımın çağdaşları" adlanan silsilədən "Təsəllisiz yaşamağı bacarmaq və ya "bədbəxt adamın" xoşbəxtliyi", "Nazımın məhbəs arkadaşları, yetirmələri" və "Nazımın çağdaşları" esseləri ilə açılır.
Dərginin ənənəvi "Poeziya" rubrikasında Hüseyn Bağıroğlu, Rəfail Tağızadə, İbrahimxəlil, Gülnarə Cəmaləddin və Elşad Baratın şeirləri yer alıb.
Zahid Sarıtorpağın "Dərdin sarı çəpkəni" romanı və Mübariz Cəfərlinin hekayələri jurnalın "Nəsr" bölümündə oxuculara təqdim edilib.
Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin 50 ilik yubileyi münasibətilə Əsəd Cahangirin "Rəşad Məcid fenomeni" yazısı və yubilyarın şeirləri də bu sayda dərc olunub. Ə. Cahangir yazır: "...Rəşad Məcid təkcə mənim həyatımda yox, çoxlarının həyatında eyni rolu oynayır. Mən bu neçə ildə onu haqqın, həqiqətin vəkili kimi gördüm. İstedadın vəkili, yeniliyin vəkili, düz sözün vəkili... və bu nadir xüsusiyyəti ilə onu hətta ədəbiyyatımızda bir fenomen hesab edirəm - Rəşad Məcid fenomeni. Bu fenomenin iki əsas mənbəyini görürəm: birincisi, şübhəsiz ki, onun daşıyıcısı olduğu seyid genindən, Müseyib kişinin ocağından gəlir. İkincisi, Rəşad Məcidin xarakter, şəxsiyyət, zövq və dünyagörüşünün formalaşmasında böyük rolu olan Ramiz Rövşənin pozitiv təsiri ilə əlaqələndirirəm...".
Şair-alim Elçin İsgəndərzadənin 50 illik yubileyini isə Xalq şairi Zəlimxan Yaqub "Ümidin qanadlarında" yazısı ilə təbrik edib: "Elçinin böyük alim Xudu Məmmədova, Çingiz Aytmatova, Şahmar Əkbərzadəyə, Səttar Bəhlulzadəyə, Savid Əfəndiyə həsr etdiyi əsərlərdə şair dünyasının genişliyi, dünyagörüşünün rəngarəngliyi var. Ömür-gün yoldaşına həsr etdiyi "Eşq" poemasında az qala bütün dünyanın eşq dilində xəritəsi var..." Jurnalda yubilyar E.İsgəndərzadənin şeirləri də işıq üzü görüb.
Professor Vaqif Yusiflinin "Böyük kitab" məqaləsi dərginin "Ədəbi düşüncələr" rubrikasında öz əksini tapıb.
Qəşəm Nəcəfzadənin "Başı yaylıqlı qoyunlar"ı isə jurnalın "Xatirələr, duyğular" ənənəvi bölümündə oxucuların ixtiyarına verilib.
"Tənqid və ədəbiyyatşünaslıq" rubrikasında Möhsün Nağısoylunun "A.A. Bakıxanovun çap olunmamış bir şeiri" və Aytən Quliyevanın "Süleyman Sani Axundova gələn məktublar" yazıları yerləşdirilib.
"Cənubdan səslər" rubrikasında güneyli soydaşlarımız şairlər Kiyan Xiyav və Nasir Merqatinin şeirləri dərc olunub.
S.MÜRVƏTQIZI