Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası təşkilatı Bakıda 14 ölkə təmsilçilərinin iştirakı ilə Beynəlxalq Gənclər Forumu keçirib. Forumu giriş sözü ilə açan Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası təşkilatının sədr müavini Nərgiz Xələf bildirib ki, Azərbaycan Gənclərinin Avropa İnteqrasiyası təşkilatı sentyabrın 18-22-də Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyilə gənclərin Beynəlxalq Sülh Forumu təşkil edib.
Layihənin məqsədi Avropanın sülh quruculuğu içində aktivliyi olan gəncləri Azərbaycana, Bakıya dəvət edərək, ölkənin və regionun reallıqları haqqında məlumat vermək olub.
Qeyd edək ki, Forumun açılışı Horadizdə olub. Füzuli rayon İcra Hakimiyyətində keçirilən görüşdə Azərbaycan ərazilərinin işğalı, qaçqın və məcburi durumu haqda qonaqlara məlumat verilib.
Daha sonra Forum çərçivəsində xarici qonaqların Bakıda Ombudsman Aparatı və Xarici İşlər Nazirliyində görüş keçirilib.
Forumun rəsmi hissəsinə yekun vurulduqdan sonra tədbirin bədii hissə çərçivəsində xarici qonaqların "Qarabağ bülbülləri" ansamblının rəhbəri Murad Rzayev və ansamblın üzvləri ilə görüşü keçirilib. Tədbirdə"Qarabağ bülbülləri" ansamblının repertuarında xalq mahnıları ifa edilib. Bununla yanaşı ansambl üzvləri tərəfindən ayrı-ayrı xalq rəqsləri ifa edilib və orada olan xarici qonaqların əksəriyyəti Azərbaycanın milli geyimdə rəqs edən məktəb şagirdlərinə qoşulub.
Qonaqlar ansamblın çıxışı və ifaçıların oxuduqları bütün mahnıları bəyənib. Onlar ansamblın bədii rəhbəri Murad Rzayevə və ansamblın üzvlərinə öz minnətdarlıqlarını bildiriblər.
Akif HÜSEYNLİ