Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində təşkil edilən Din Xadimlərini Təkmilləşdirmə Kurslarında dərslər davam edir.
Lent.az-ın QMİ-nin saytına istinadən xəbərinə görə, dövlət xadimləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, ictimai təşkilatların rəhbərləri, tanınmış alimlər müdavim-ruhanilər qarşısında çıxışlar edərək müxtəlif mövzularda mühazirələr söyləyirlər.
Sentyabrın 25-də Mətbuat şurasının sədri, əməkdar jurnalist Əflatun Amaşov təkmilləşdirmə kurslarının müdavimləri ilə görüşüb. Ə. Amaşov kursların fəaliyyətə başlamasını müsbət hadisə kimi dəyərləndirib və bu layihənin Azərbaycandakı din-dövlət münasibətlərinin inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.
O, ölkəmizdə mətbuatın vəziyyəti, KİV-in ictimai-siyasi həyatdakı rolu, rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında din xadimlərinə məlumat verib. MŞ-nın sədri dini mövzuların mətbuatda işıqlandırılması ilə bağlı fikirlərini də bölüşüb, bu sahədə çalışan jurnalistlərin peşəkarlığının artırılmasını vacib sayıb.
Sonda qonaq müdavimləri maraqlandıran suallara cavab verib.