Sentyabrın 26-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Gənc Ədiblər Məktəbinin növbəti toplantısı keçirilib.
Tədbiri giriş sözüylə açan Gənc Ədiblər Məktəbinin (GƏM) koordinatoru Emin Piri bu məktəbin gənc yazıçıların yaradıcılıq bioqrafiyasındakı önəmli rolunu qeyd edib. Yay fəsli, o cümlədən Yazıçılar Birliyinin XII qurultayı ilə bağlı GƏM-in işində bir qədər fasilə yarandığını deyən koordinator tədbirlərin artıq bərpa olunduğunu, ilk toplantının gənc yazıçı və reper Elxan Qaraqanla keçirməyə qərar verdiklərini vurğulayıb:
“Elxan Qaraqan gənc yazıçılar arasında öz sözünü demiş, fəaliyyətilə çox tanınan imzalardan biridir. Eyni zamanda AYB-nin Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü, bir sıra ədəbi mükafatların laureatıdır”.
GƏM-in rəhbəri, AYB-nin gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Birliyin və Məktəbin fəaliyyəti haqda ümumi məlumat verərək, hazırda ədəbiyyatımızın bir canlanma dövrü yaşadığını, son illər bu sahədə inkişaf dalğası baş qaldırdığını önə çəkib. GƏM-in də təsiri nəticəsində istedadlı gənc yazar nəslinin yetişərək ədəbi mühitdə öz yerini tutduğunu qeyd edən R.Məcid sözügedən nəslin ən fəal üzvlərindən, cığır açanlarından birinin Elxan Qaraqan olduğunu diqqətə çatdırıb. Qaraqanın yaradıcılığını elə ilk vaxtlardan dəstəklədiyini bildirən GƏM rəhbəri gənc nasirin kitabına ön söz yazmasının təsadüfi olmadığını vurğulayıb:
“Elxanın “A” romanındakı əsas fərqli məqam bugünkü Azərbaycan gəncliyinin cəmiyyətimizdə olan problemlərə, çərçivələrə etirazının əks olunması idi. Hesab edirəm ki, Azərbaycanda yeni nəsrin, gənc ədəbiyyatın ilk qaranquşu “A” romanı oldu. Bu romandan sonra Elxan yeni əsərlər yazdı. “Bir milyon dollarım olsaydı” və digər əsərlərini çap etdirdi. Elxanın son romanlarından olan “Evakuasiya”nı da çox maraqla oxudum. Daha sonra “Birinci addım” romanı məndə hədsiz maraq doğurdu. Amma “A” romanı gənclərə xüsusi təsir göstərmişdi. Elxan kimi yazmaq istəyənlər ortaya çıxdı. Roman “Milli kitab” mükafatına layiq görüldü, ilk dəfə olaraq çox gənc bir yazıçı ondan daha tanınmış və təcrübəli yazıçıların qatıldığı müsabiqədə qalib gəldi. Elxan o vaxt hərbi xidmətdə idi, heç təqdimetmə mərasimində də iştirak edə bilməmişdi. Onun uğurları göstərir ki, istedadlı, zəhmətkeş, çalışqan bir gəncin ən sərt şəraitdə belə, uğur qazanması mümkündür. Bu baxımdan yenə vurğulamaq istəyirəm ki, Elxan yeni Azərbaycan ədəbi gəncliyinin ən uğurlu nümayəndələrindən biridir. Çox sevinirəm ki, onun çoxlu pərəstişkarları, oxucuları var.
Digər tərəfdən, Elxanın musiqiçi kimi də güclü fəaliyyəti var və bu, onda eynən yazıçılığı kimi çox uğurlu alınır. Yeni fikirli gənclərin formalaşmasında o bəstələrin rolu danılmazdır. Eyni zamanda, Elxan ədəbi gəncliyin nümayəndələri arasında ən mütaliəli, savadlı yazarlardan biridir. Əsərlərindən bunu aydın görmək olar”.
Elxan Qaraqanın parlaq gələcəyinə inamını ifadə edən Rəşad Məcid maraqlı bir məqama da toxunub:
“Vaxtilə bir müsahibəmdə demişdim ki, Elxan 30 ildən sonra “Nobel” mükafatı alacaq. İndi də buna inanıram və hesab edirəm ki, Elxan diqqətini daha çox ədəbiyyata yönəltməlidir. Kino və digər sahələrdə də işləri olacaq. Amma ədəbiyyatı diqqət mərkəzində saxlasa, daha yaxşı olar. O vaxtdan 3 il keçib. Deməli, Elxan 27 ildən sonra “Nobel” mükafatını Azərbaycana gətirəcək”.
GƏM-in yeni üzvlərinin Qaraqandan öyrənməli çox cəhətlər olduğunu deyən R.Məcid, məktəbin növbəti qonağı kimi, tanınmış publisist İradə Tuncayın nəzərdə tutulduğunu açıqlayıb.
E.Qaraqan GƏM üzvlərinin ünvanladıqları suallardan birini cavablandırarkən, əslində repdən yazıçılığa keçmədiyini, yaradıcılığa məhz yazmaqdan başladığını bildirib:
“Məşhurluq da elə eyni dövrə təsadüf etdi. Çünki albomun çıxmasıyla kitabın çapı arasında 4-5 ay fərq var. Eyni vaxtda hər ikisi üzərində çalışırdım. Amma təbii ki, daha çox kitaba bağlı olmuşam. O vaxta qədər mənim heç bir mahnım yazılmamışdı, amma artıq bir neçə kitabım hazır idi. Çoxlu kitab oxuyurdum, yazırdım. Yəni repdən uzaq bir həyat tərzi sürmüşəm, kitaba, ədəbiyyata, yazıçılığa daha artıq bağlılığım olub. Əlbəttə, hər ikisi bir-birinə təsir edib”.
Qaraqanın fikrincə, indiki gəncliyi sırf ciddi ədəbiyyatla cəlb etmək olmaz:
“Ciddi oxucu üçün yazmaq daha asandı, ciddi ədəbiyyat da o vaxt lazım olur ki, oxucunun oxu praktikası olsun. Azərbaycan gəncliyi indi demək olar ki, heç nə oxumayıb və sən onlara kitabı oxutmaq istəyirsənsə ciddi, ağır cümlələrdən vaz keçməlisən. Yazmağa başlayanda 5 fərqli adam nəzərdə tuturam. Məqsədim də bu olur: necə yazım ki, adamlar heç olmasa onuncu səhifəyə qədər oxusunlar.
Faktiki olaraq, cəmiyyətimiz elədir ki, mən ciddi, ütülənmiş cümlələrdən istifadə etsəm, heç kəs yazılarımı oxumayacaq. Bax bu səbəblərdən haqqımda “qeyri-ciddi yazar” imici yaranır”.
“Sözü, yoxsa səsi ilkin və daha vacib sayırsan” sualına Elxan Qaraqan belə cavab verib:
“Yəqin ki, hamının həyatında bir qadın olur, sonra onunla ailə qurur və sairə. Əsərlər, sözlər daha çox bundan sonra yaranan məişət qayğıları kimi məntiqlə bağlı olan şeylərdirsə, musiqi daha çox sevgidir.
Musiqi ilə daha çox hissləri ötürə, yaxud yaşaya bilərsən. Musiqi sənin hisslərindir, gəlir və gedir... Məncə, yazıçı gərək hissə qapılmasın. Yazarkən hissə qapılsan, yazdığını bitirə bilməyəcəksən, oturub ağlamaqla məşğul olacaqsan. Əsər yazanda kişi kimi soyuqqanlı olmalısan. Hər kitabı daş daşıyırmış kimi, cümlə-cümlə yazıb bitirməlisən”.