|
|
|
|
Etiraf edək ki, haqqında bəhs edəcəyimiz mövzu uzun illər idi ki, camaatı düşündürürdü. Hamı öz arasında, kiçik məclislərdə bu barədə dəfələrlə narazılıqlarını bildirir, amma geniş şəkildə ictimai müzakirəyə çıxarmağa ehtiyat edir və el qınağına tuş gələcəyindən çəkinirdi. Əslində bir çox rayonlarımızda, kəndlərimizdə el ağsaqqallarının və mahalın nüfuzlu şəxslərinin səyləri ilə bəzi islahtlar həyata keçirildi. Lakin kütləvilik yox idi. Xalqdan gələn sosial sifariş isə gündəmi dəyişdi. Bir səbəb lazım idi ki, hamılıqla qərar verilsin. Nəhayət, hamının narahatlığına və gərginliyinə səbəb olan bu məsələ elliklə həllini tapdı. Hüzrü düşən adamlar arxayın başını qaldırıb ona təziyə üçün başsağlığı verən adamları doğru-dürüst görə bildilər. Daha kimsə yaxınlaşıb “ət qurtarır tez bazara adam göndərib 30 kq aldırmaq lazımdır” və ya “axırıncı düyü kisəsi də boşaldı, yağ da azalıb bir az “mer-meyvə də” lazımdır kimi qəfil “mənəvi” zərbələrə tuş gəlib ürəklərini tutmurlar. Axı bu sözlər ilk anda sadəcə söz kimi səslənir, əmələ gəlincə bu hər şeydən əvvəl böyük puldur, əziyyətdir və gələcək üçün üst-üstə yığılan borcdur. Ən önəmlisi isə bütün bunlar ucuz şan-şöhrət, dünya və axirət üçün heç bir faydası olmayan israfçılıqdır.