İranın paytaxtı Tehranda "İqtisadi Əməkdaşlıq Təşkilatı"na üzv-ölkələrin 1-ci konfransı keçirilir.
Konfransda təşkilatın bütün üzvləri - Azərbaycan, Türkiyə, Əfqanıstan, Pakistan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Özbəkistan, Qazaxıstan və İranın nümayəndələri iştirak edir. Konfransda çıxış edən İranın telekommunikasiya və informasiya texnologiyaları naziri Rza Takipur bildirib ki, təşkilata üzv ölkələr telekommunikasiya peykləri sahəsində əməkdaşlığı gücləndirməli və əldə edilən nəticədən hər bir ölkə bəhrələnməlidir.
İranlı nazir həmçinin beynəlxalq tariflərin aşağı endirilərək, telekommunikasiya sahəsində imkanların genişləndirilməli olduğunu vurğulayıb. Rza Takipur həmçinin bildirib ki, İran İslam Respublikası Qərbin törətdiyi bütün maneələrə baxmayaraq, 2009-cu ildə orbitə peyk göndərib və bu sahədə işlər sürətlə davam etdirilir. Qeyd edək ki, İran 2011-ci ildə "Rassad", bu il isə "Navid" adlı daha 2 peyki orbitə göndərib.
Rza Takipurun etdiyi açıqlamalardan biri də İranın yeni nailiyyətləri ilə bağlı olub. Onun sözlərinə görə, hazırda iranlı alimlər zəlzələni əvvəlcədən xəbər verə bilən aşağı hündürlüklü peyk üzərində işləyirlər. İran Sənayə və Elmi Tədqiqatlar Mərkəzinin sədr müavini Məhəmməd Həsən Entezarinin sözlərinə görə, təxminən 60 kilo ağırlığında olan "Ayət" adı verilmiş peyk aşağı hündürlükdə yerlşdiriləcək və zəlzələni əvvələdən kosmosdan xəbər verəcək. İran peyki Fransa, Çin və Rusiyanın sahib olduğu analoji peyklərdən bir addım irəlidə olacaq.
ANS Press