|
|
|
|
"Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncamı Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı hökumətin fəaliyyət konsepsiyasının tərkib hissəsidir". Belə bir açıqlama ilə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu dövlət başçısının imzaladığı sərəncamı şərh edərkən deyib. O bildirib ki, sərəncamın imzalanması yerində və düzgün verilmiş qərardır: "Son dövrlərdə baş verən hadisələrdən lazımi nəticələr çıxarıldı və buna uyğun olaraq da prezident İlham Əliyev tərəfindən sərəncam imzalandı: "Yaxın zamanlarda Azərbaycan ordusu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması istiqamətində daha yüksək hazırlıq səviyyəsi nümayiş etdirəcək. Dövlət başçısının sərəncamı buna daha geniş şərait yaratmış oldu. Bu ilin avqust ayında Azərbaycan və Ermənistan cəbhə xəttində baş verən xoşagəlməz haldan sonra belə bir nəticəyə gəlindi ki, bu məsələləri aradan qaldırmaqdan ötrü müəyyən addımlar atılsın. Ölkə başçısı tərəfindən imzalanan sənəd bütün bu çatışmazlıqların aradan qaldırılmasında mühüm rol oynayacaq".
Qeyd edilən sərəncamı barədə danışan "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, sənədin ölkənin mövcud potensiallarının birləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıdığını bildirib:
"Açıq deyim ki, xarakterinə və imzalanma dövrünə görə, bu sərəncamı çox diqqətlə oxuyub təhlil etdim. Burada söhbət ilk növbədə Qarabağ probleminin həll olunması üçün Azərbaycan cəmiyyətinin mövcud olan bütün potensiallarının maksimum dərəcədə səfərbər edilməsindən gedir. Doğrudur, hazırda dövlət quruculuğu prosesi yüksək sürətlə davam etdirilir, Azərbaycan ordusunun təchizatı yaxşı vəziyyətdədir, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı ilə bağlı ciddi irəliləyişlər var, orduda rəhbər kadrların yenidən yerləşdirilməsində nəzərəçarpan dəyişikliklər aparılıb.
Amma unutmamalıyıq ki, Qarabağ münaqişəsi kimi bir problemin həll olunması üçün Azərbaycan cəmiyyətinin hələ səfərbər edilməsi lazım olan əlavə imkanları var. Prezidentin bu sərəncamı da məhz həmin potensialların böyük bir hissəsinin aktivləşdirilməsi yönündə atılmış addımdır.
Sərəncamda söhbət eyni zamanda, dövlət-mətbuat münasibətlərindəki mövcud olan, amma istifadə etmədiyimiz potensialdan, daha dəqiq desək, sərhəd bölgələrində yaşayan insanların ictimai gücünün dövlət potensialı ilə birləşdirilməsindən gedir. Digər tərəfdən, sənəddə Azərbaycan ordusunu gözdən salmaq üçün müxtəlif daxili və beynəlxalq ideoloji təxribat mərkəzlərinin atdığı addımların neytrallaşdırmasının zəruriliyi önə çəkilir. Göstərdiyim bu üç istiqamətdə, yəni medianın imkanlarını səfərbər etmək, cəbhə zonalarındakı ictimai imkanları bir araya gətirmək, ordumuzu gözdən salmaq üçün edilən daxili və xarici həmlələri neytrallaşdırmaq baxımından, bu sərəncam alternativsizdir və düşünürəm ki, həmin sərəncam sona qədər icra olunacaq. Həm də bu sərəncamın imzalanmasının Qarabağ münaqişəsinin dinc yolla həllinə istiqamətlənmiş addımlar demək olar, nəticəsiz qalıb və hərbi əməliyyatların qaçılmaz reallığa çevrildiyi bir ərəfəyə təsadüf etməsi cəmiyyətimizə "Hazır olun" mesajı kimi də dəyərləndirilə bilər".
O deyib ki, sərəncamda konkret məsələlər öz əksini tapıb: "Burada yer alan dövlət və hərbi sirlərin qorunması, informasiya təhlükəsizliyinin təmin olunması, mediada ordu ilə bağlı məxfi informasiyaların yayılma imkanlarının məhdudlaşdırılması, könüllü patrul dəstələrinin yaradılması kimi məqamlar, sözsüz ki, Azərbaycanın Qarabağ probleminin həll olunması istiqamətində gücünü daha da artıracaq faktorlardır".
PƏRVANƏ