|
|
|
|
Bu şeirləri – yaradıcılığımı yüksək qiymətləndirən, sözün əsl mənasında məndən daima təzə yazı (istəyən yox) tələb edən, şeir söyləyəndə hər bəndin sonunda deyəcəyim fikirə xüsusi diqqət və sayğı ilə qulaq asan, qədrimi bilən, xətrimi əziz tutan, çox da böyük olmayan oxucu auditoriyama – bacı və qardaşlarıma bağışlayıram.
Məktub yazmaq istədim
Burda hava soyuyub,
Orda yəqin istidir.
Yaxşı ki, xatirən var,
Məni hərdən isidir.
Məktub yazmaq istədim,
Öyrənməkçün havanı.
Heyif tapa bilmədim
Yaşadığın ünvanı.
Heç onu da bilmirəm,
Ölüsən, ya dirisən.
Məndən ötrü lap çoxdan
Ölülərin birisən.
Onu deyim, özüm də
Əzrayılın yemiyəm.
Bu ki yaşamaq deyil,
Mən də ölü kimiyəm.
Orda bir ölü görsən,
Mən boyda, mən biçimdə.
Soruşarsan, neynirsən
Ölülərin içində.
Deyəcəm ömür boyu,
Axtarmışam mən səni.
Tapmamışam heç yanda,
Gəzib eli-ölkəni.
Bu zülmət dünya nədir,
Ölülərin vətəni.
Yaxşı ki, bu zülmətdə,
Tapmaq olur itəni.
...
Sizin evinizə baxmıram daha,
Eləcə yanından ötüb keçirəm.
Tuş gəlməyim deyə tanışa, yada,
Kölgətək, xəyaltək itib keçirəm.
Dünən gördüyüm ev dəyişib bu gün,
Qapı-pəncərəsi gözümdən düşüb.
Hasarın üstündə bitən o gülün,
Toxumu bir çılğın sözümdən düşüb.
Qapınız açıqdır qohuma, dosta,
Mən bu səadəti haradan tapım.
İçəri keçməyə imkanım yoxsa,
Mənimçün bağlıdı o açıq qapı.
Nə var, nə yox, kapitan...
Nə var, nə yox, kapitan,
De, dəniz yerindəmi?
Orda ağ-ağ gəmilər
Dayazda, dərindəmi?
Biz dənizi görmürük
Dəniz qala içində.
Yəqin xəstə balıqlar
Qalıb bəla içində.
Biz dənizi görmürük
De, havalar necədi?
Qağayılar var idi,
Qağayılar necədi?
Səndən yaxşı bilən yox,
Həm dayazı, dərini.
Günəş hayandan çıxır,
Çaşmayıb ki, yerini.
Uzaq-uzaq səfərdə,
Doğulan olurmu de.
Çimərlik adlı yerdə,
Boğulan olurmu de.
Biz dənizə baxırıq,
Qala böyrü qapıdan,
İşin-gücün necədir,
Nə var, nə yox, kapitan..
Mənim ürəyimə toxunur hamı
Mənim ürəyimə toxunur hamı
Toxunur hüzürdə,
toyda, mağarda.
Ürəyim bir köhnə sınıq külqabı,
Hamı əsəbini söndürür orda.
Neçə acı kəlmə, tikanlı kəlmə,
Böyrümdən-başımdan ox olub keçir.
Evdə arvadıyla sozü çəp gələn,
Mənim ürəyimə toxunub keçir.
Ölür ürəyimin inam, həvəsi,
Gileylər dayanmır, dördnala çapır.
Ünvanı səhv salan, ünvan əvəzi,
Mənim ürəyimi axtarıb tapır.
Ürəkdə ağlayır, üzdə gülürəm,
Mənim ürəyimə toxunur hamı.
Nə itirmişəmsə, tapa bilirəm,
Mən tapa bilmirəm öz günahımı.
Fili qarışqaya oxşatmamışam,
Özgə bostanına daş atmamışam,
Sinəmdə xəbislik yaşatmamışam,
Mən tapa bilmirəm öz günahımı.
Başa torba tikən pulum olmayıb,
Nökərim olmayıb, qulum olmayib,
Öz yolumdan özgə yolum olmayıb,
Mən tapa bilmirəm öz günahımı.
Ürəyimə bir az su gərək olsa,
Tapıb həkimlərə köz yazdırarlar.
Toy etsəm, toyuma nəmər əvəzi,
Bir kəlmə tikanlı söz yazdırarlar.
Ömür çox ucuzdu, ölüm çox baha,
Yoxuşlar dirənib Əcəl dağına.
Qardaşlar axtarıb gəzməyin daha
Atdım ürəyimi yol qırağına.
Yurda şəhid gələndə...
Düşmən gendən baxmasa,
Qoca, cavan ağlayar,
Gözlərdə yaş görünməz,
Ürəklər qan ağlayar,
Yurda şəhid gələndə.
Qolda lentə bənzəyər
Bu yerlərin cığırı.
Xatirə sükutunda,
Susar çalı-çağırı,
Yurda şəhid gələndə.
O gün bir rəngə çalar,
Yeddi rəng göy qurşağı.
Burda bayraq yerinə,
Başlar enər aşağı,
Yurda şəhid gələndə.
İlan
Qəzetlərin yazdığına görə İrlandiya yeganə ölkədir ki, orda ilan yoxdur.
Belə bir ölkə də var,
Millət çəkir kefini.
Orda tanıyan yoxdur,
Koramalı, əfini.
Gecə çöldə yatanlar,
Çöldə açır səhəri.
Nə bir ilan tanıyır,
Nə də ilan zəhəri.
İstəsən piyada gəz,
Dağı, düzü, obanı.
Orda ilan nə gəzir,
Qəfil sanca dabanı.
Orda qorxan da yoxdur,
Nə gürzədən, kobradan.
Orda tütək səsinə,
İlan çıxmır torbadan.
Orda adam da çoxdur,
Hərənin öz yeri var.
Görən necə adlanır,
Orda ilan adamlar.
Zibil
Sən zibil yığırsan burda hər səhər,
Vecinə də alma, baxan nə deyir.
Dünyanı o qədər zibilləyiblər,
Sənin yığmağınla qurtaran deyil.
Siqaret kötüyü, ya boş su qabı,
Bunları süpürüb yığmağa nə var.
Töküb-toküşdürüb dərdi-əzabı,
Dünyanı korlayır zibil adamlar.
Bir zibil niyyətli yanından ötər,
Tanıya bilməzsən görürkən onu.
Ağızdan söz düşər, zibildən betər,
Heyif tapa bilməz süpürgən onu.
Daha vaxt dəyişib, zaman ötüşüb,
Bərk yapış tapdığın o iş-gücündən.
Çox qızıl ölüsü zibilə düşüb,
Qızıl çıxa bilən zibil içindən.
Biri narahatdi, gecəni yatmır,
Nəsə duyuq düşüb sancır dalağı.
Haçandır zibili qutuya atmır,
Gəzir sinəsində zibil qalağı.
Qəfil vəzifəyə qalxıb bu insan,
Ağzı var timsahın ağzından iri.
Otüb-keçənlərdən onu soruşsan,
Cavab sadə olar: Zibilin biri.
Qandal vurun əlimə
Əlimi görəmmirəm,
Əlim mənimki deyil.
Əlim köhnədən qalıb,
Əlim bugünkü deyil.
Əlim cibimə girmir,
Köhnə dəbimdən küsüb.
Əlimi dindirməyin,
Əlim cibimdən küsüb.
Əlimdə də günah yox,
Çox şey ağıla gəlmir.
Sığal çəkmək istəyir,
Başlar sığala gəlmir.
Tikanlar qoymur gülü,
Əlimlə dərə bilim.
Qandal vurun əlimə,
Əlimi görə bilim.
Bu dünyanı yaxşı görə bilmədim
Tale mənə paltar etdi dözümü,
Bu dünyanı yaxşı görə bilmədim.
Əllərilə xəlvət tutdu gözümü,
Bu dünyanı yaxşı görə bilmədim.
Ulu adlı çox adətə uduzdum,
Min sifətli siyasətə uduzdum,
Yalan dedim, həqiqətə uduzdum,
Bu dünyanı yaxşı görə bilmədim.
Ev tikirdim, min əzaba tuş oldum,
Mismar oldum, taxta oldum, daş oldum,
Böyür-başa baxa-baxa çaş oldum,
Bu dünyanı yaxşı görə bilmədim.
Bir sözümü yüz ünvana çəkdilər,
Gah o yana, gah bu yana çəkdilər,
Çörək ilə imtahana çəkdilər,
Bu dünyanı yaxşı görə bilmədim.
Sevgi adlı bir yuxuya sıyıldım,
Şirin idi, ləzzətindən bayıldım,
Ömür keçdi, yuxudan gec ayıldım,
Bu dünyanı yaxşı görə bilmədim.
Gün çıxanda çatammadım sirrinə,
Baş vurmuşam çox dayaza, dərinə
Günbatandan bəlkə babat görünə
Bu dünyanı yaxşı görə bilmədim.
Ətraf
Hərdən genişlənir, hərdən kiçilir
Gah adi bir cığır, gah hündür qala.
Görən ətrafımız nəynən ölçülür?
Metrlə, litrlə, yoxsa ki kubla.
Ətrafda nə varsa könül oxşayır
Bəs nədən danışıb, gülmək çətindir.
Bizim ətrafımız hardan başlanır,
Harada qurtarır-bilmək çətindir.
Bir təmiz kəlmənin söz ətrafı var,
Bir anda dünyanı dolaşa bilər.
Elə ətrafın da öz ətrafı var
Birləşə bilsələr, elə dönərlər.
İynələr, tikanlar-gülün ətrafı
Soyumuş ocaqlar-külün ətrafı,
Geniş asimanlar-quşun ətrafı,
İlanlar, çiyanlar- daşın ətrafı.
Mənim də ətrafım qayadı, daşdı
Bir quru yarpaq da ətrafdı bəzən.
İmkanım var ikən qohum-qardaşdı,
İmkanım yox ikən – quruca vətən.
Arılar necə də verib səs-səsə
Min cür çiçək açıb bu yaz çəməndə.
Mənim ətrafımdan şirə çəkirsə,
Arının nə işi uzaq çəməndə.
Giley eşitməsə ürək şad olar
Təpə təpədirsə, dağ ola bilməz.
Şahbuzun ətrafı Ordubad olar
Lerik ola bilməz, Qax ola bilməz.
Ömür keçə bilməz xəyal içində
Dərd var ki, əbədi yük olar bizə.
Yaxın ətrafımız yağ-bal içində,
Uzaq ətarfımız toz içindəsə.
Boylan ətrafına, bax, gözaltı ol,
Gör necə sovuşub illər içindən.
Ətrafın gül versə, ehtiyatlı ol,
Güllə çıxa bilər güllər içindən.
Mənə bu sevgini çox görmə...
Dostların üstümdə nəfəsi varkən,
Bir quşun sınası qəfəsi varkən,
Sinəmin qabarmaq həvəsi varkən
Mənə bu sevgini çox görmə, Allah.
Üfüq yerindəsə, dan yerindəsə,
Ürək yerindəsə, can yerindəsə,
Damarlar dolaşan qan yerindəsə
Mənə bu sevgini çox görmə, Allah.
Erkən saçlarıma ələnsə qar
Hələ başımdadır köhnə sevdalar.
Səndən nə gizlədim, elə bu yaşda
Durub qız dalınca baxmağım da var,
Mənə bu sevgini çox görmə, Allah.
O sevgi bir ömrü heyif eyləməz
Söz desən könlümə dəyib eyləməz.
Qoy sevim, aldanım, eyib eyləməz
Mənə bu sevgini çox görmə, Allah.
O sevgi gözümdən sürüşüb qalar
Bir qız dodağına ilişib qalar.
Oxunub atılan məktublar kimi
Bir gül budağına ilişib qalar.
Mənə bu sevgini çox görmə, Allah.