Mən bir gənc adamam əlimdə əsa
Üzümdə həyatdan minbir cizgilər...
Mən bir gənc adamam həyat buraxsa
Bir əsir yaşaram yaşlı deməzlər!
“Gənc Adam” qarşımda durdu. Əlini mənə doğru uzatdığında bir an qarşımda gənc araşdırmacı Vüqar Şəmsizadənin durduğunu zənn etdim. Az daha ona “salam” yerinə canından daha çox sevdiyi Arzunu soracaqdım... Amma susdum. Eynilə haqsızlıqların qarşısında bəzən vicdanın susduğu kimi.
Ədəbiyyat, insanı hər dəfəsində yenidən və fərqli bir şəkildə var edən bir sənətdir. Fransız filosofu Georges Bataille, ədəbiyyatda yenidən yaratmanın pislikdən keçdiyini iddia edir. Halbuki şərqdə şərin belə xeyri vardır (Əhvən i şər) və şərqin ədəbiyyatı qərbin əksinə hər şeyi yox etməz, öldürər və şəfqətiylə yenidən yaradar!
Qarşımdakı “Gənc Adam”, bir dövrü yalanları, doğruları, dostluqları, eşqlərı, xəyanətləriylə yenidən yaradaraq gözlərimin önünə sərən bir adam... Bədbəxt Sovetdəki o dövr mənə o qədər yabançı ki, o dövrün hekayəsini hər oxuduğumda sanki əfsanələr dinləyirəm kimi gəlir mənə.
“Gənc Adam”ın qarşımdakı varlığı o dövrün əfsanə olmadığını, acı bir gerçək olduğunu mənə anladırdı.
Və mən susurdum.
İlk tanış olduğunuz bir ədəbiyyat adamıyla nə danışılar?
Ədəbiyyatmı? Yoxsa həyatmı? Biz həyatdan danışdıq.
Tam səksən beş illik bir ömrü gəncliyə daşımış müdrik bir insanla həyatı danışmamaq mənim üçün müdhiş bir əksiklik olardı. Bu əksikliyi gözə alammazdım.
Təbii ki ona, “Həyat nədir?” deyə sormadım.
Sadəcə gözlərində və hələ gəncəcik qalmış təbəssümlərində həyatın acılı şirinli izlərini axtardım. Tapdım da. O izlərdə peşmanlıq və usanmışlıq yoxdu. Cəhd, ümid və xoşbəxtlik vardı. Eynilə onun şah əsərim dediyi romanı “Vicdan Susanda”dakı qəhrəmanı Vüqarda olduğu kimi...
Vüqar nə üçün yaşayırdı? İdealları və eşqi üçün... Bu səksən beş yaşındakı gənc adamın da simasında ən qədim idealların və ən təzə eşqlərin izlərini hərf hərf oxumaq mümkündür.
Yanında qaldığım iki saat içində ondan həyatı oxuya bildiyim qədər oxudum. Dilimdən tökülənlər oxuduqlarımın yanında sadəcə təfərrüatdı. O təfərrüatların kölgəsində yemək yedik, çay içdik, lətifələr anlatdıq. Amma əsas məqsədimiz olan ədəbiyyat haqqında bir kəlmə də olsun danışmadıq.
Bir kəs olsun qapısından içəriyə addımımı atmadığım bir kimya fakültəsi,səslərini duymadığım elm adamları, qısqanclıq rüzgarları və var olma davası içində yuvarlanıb gedən o dövrü və o dövrün insanlarını ustalıqla günümüzə və hətta gələcəyə daşıyan bu “Gənc Adam” mənalı və müdrik gözləriylə gözlərimin içinə baxırdı.
Əslində ona sorulacaq o qədər soru vardı ki! Romanındakı İsməti qəsd edərək “İnsan insanı nə üçün qısqanır?” deyə bir sual verə bilərdim. Hətta ona hər insanın ruhunda bir azcıq özünə yer tapan qəhrəmanlarından biri olan Mərhəmətdən izlərin olub olmadığını da sora bilərdim. Sormadım.Onları kitabdakı rollarında rahat buraxmaq istədim. Amma Flaubert’in “Madam Bovary mənəm!” sözü hər ağlıma gəldikcə arada bir “Siz nə qədər Vüqarsınız?” deyə düşüncələrimi məşğul edən sualı bilirdim ki, əsla verəmməyəcəm.
“Gənc Adam” mənim sual dolu gözlərimdə nələr olub bitdiyini anlamış kimi qolumdan tutub məni kitabxanasına götürdü. Üst üstə yığılmış kitabların arasında mən “Vüqarı, Arzunu, Professor Söhrab Günəşlini ararkən o, mənə “Haydı ver suallarını!” demiş kimi baxıb bir başqa kitabını – “Bulanlıq Dünya”nı imzalayıb verdi.
Suallar hələ cavabsızdı. Ən yaxşısı da sualları ona deyil, əsərinə sormaqdı. Çünki yazarların özləri deyil, əsərləri toplumun aynasında özünə yer tapırdı.. Bəlkə də bu səbəbdən Stefan Zweig Dostoyevski haqqında belə demişdi:
“ Rusiya xristian olduğu üçün Dostoyevski xristiandır. O, əslində xristianlığa deyil, Rusiyaya inanırdı.”
Bu “Gənc Adam”ın gözlərində, duruşunda, baxışında da Azərbaycana və onun gələcəyinə yönəlik böyük bir inanc vardı. Bəlkə də bu inanc ona “Vicdan Susanda” kimi altı yüz səhifəni keçən bir roman yazdıra bilmişdi.
“Gənc Adam”, yəni dövrünün şahidi, yəni müdrikliyin timsalı, yəni bir çinar olan Vidadi Babanlı mənə o iki saat içində pək də çox danışmadan, izah etmədən gözlərindəki işıqla həm həyatdan, həm də ədəbiyyatdan anlatmışdı. O anlatışları mən onun inandığı davadan, yəni bağımsız və gələcəkdə vüqarlar kimi idealist, özündən əmin, çalışqan, dürüst və eşq dolu nəsillərlə dolu olacaq olan Azərbaycana olan inancından anlamışdım.
Və mən özümü gecənin bir yarısı , qoltuğumda o “Gənc Adam”ın kitablarıyla Bakının artıq mənim üçün getdikcə tanış hala gələn rüzgarlı küçələrinə atdığımda içim rahatdı..Artıq həyat ovuclarımın içindəydi deyə bilərdim. Sadəcə kiçik bir çaba həyatı öyrənməmə yetəcəkdi.
Bu duyğularla “Gənc Adam” Vidadi Babanlının əlimə verdiyi “Bulanlıq Dünya” əsərini birnəfəsə oxuyub bitirdim. Azərbaycanın ağır bir imtahandan keçdiyi 1985-1990 arası və sonrası illərdən bəhs edən bu əsər Azərbaycan cəmiyyəti və keçid müddəti haqqında mənə çox şey öyrətdi. İnsanların zəiflikləri, toplumun basqılı tutumu, sistemdən qaynaqlanan boşluqlar və ədalətsizliklər bir film kimi gözlərimin önündən axıb getdi. Gözəl Durnanın şəxsində Azərbaycan qadınının çabası, mücadiləsi, xəyal qırıqlıqları, aldanışları romanda gerçəkliyə yaxın bir üslubda verilmişdir. Hər cəmiyyətdə bütün şeytanlığı və fəsadıyla yer tapa bilən Əfsun kimilərin toplumu və insanları sömürmə arzuları, uğurları doğru insana ümidsizlik aşılamır. Səbəbi isə bütün pozulmalara rəğmən toplumda Fərid kimi namuslu insanların varlığıdır.
Romanda, 1990-cı il 20 Yanvar qətliamı və müsibəti sanki tarixə düşülmüş bir not kimi acılı təsvirlərlə və anlatımlarla verilmişdir.Yazar, əlindəki lupayla yaşadığı şəhərin problemlərinə işıq tutmuş və birdən-birə çökən bir sistemin altında qalan kiçik insanların dramlarını ustalıqla qələmə almışdır. Romanın uğurluluğu qəhrəmanların sadəcə bir yönüylə deyil, hər yönüylə verilə bilməsindədir. Durna həm zəif, həm də güclü bir qadındır. Əfsun bəzən xain və namussuz, bəzən də vicdanının səsini dinləyən bir insandır.
Vidadi Babanlı bu əsəriylə hələ özündə yazma gücü görən və dəbi keçməyən ən önəmli yazarlardan biri olaraq görülməkdədir. Amma onun özünə görə ən önəmli əsəri “Vicdan Susanda” isimli romanıdır. Minlərlə insanın hafizəsində hələ qalmağa davam edən 620 səhifəlik “Vicdan Susanda” romanı bir dövrə işıq tutmasına rəğmən bütün dövrlərdəki problemləri dilə gətirən bir əsər olaraq ədəbiyyat dünyasında yerini almışdır. İnsanın nəfsi, yalanı, xəyanəti və çevrəyə verdiyi zərər hansı dövrdə aktual deyil ki? Hələ insanı saran, sarmalayan, dəyişdirən, yerdən alıb göylərə sovuran eşq! Hansı dönəmdə eşq köhnəlib aktuallığını itirə bilər ki?
Sürəkli təzələnən bir eşqlə və gün keçdikcə zirvələşən bir müdrikliklə yaşayan bu “Gənc Adam”ın macərası bir köşə yazısına sığacaq qədər qısa deyildir əlbəttə. Onu Azərbaycan ədəbiyyatının qələmləri hər dönəmdə yad etməyə davam edəcəklər.
Ürəyin sağlam və qələmin iti olsun, “Gənc Adam!”
oraras@aol.com